Ana və körpə ölümü ciddi araşdırılmalıdır

"Körpə dünyaya gəldikdən qısa müddət sonra vəfat edirsə, yenə də buna səbəb hamiləlik dövrünün problemli gedişatı rol oynaya bilir"



Bərdədə daha bir körpə ölümü baş verib.

Məlumata görə, Bərdə rayonu Muğanlı kənd sakini, 1993-cü il təvəllüdlü Tükəzban İsmayıllının körpəsinin ölü vəziyyətdə ana bətnindən xaric olunması faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, tərtib olunan müvafiq sənədlər götürülüb, ölümün səbəbini müəyyənləşdirmək məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin edilərək yeni doğulmuş uşağın meyiti müayinə olunub və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Qeyd edilir ki, bu son günlər Bərdə Doğum Evində baş verən 5-ci körpə ölümüdür. Belə ki, fevralın 27-də Tərtər rayonu, Qarağacı kənd sakini, 1998-ci il təvəllüdlü Elnarə Abdullayevanın dünyaya gətirdiyi qız uşağı, fevralın 24-ü isə Ağcabədi rayon sakini Ziba Qurbanovanın əkiz oğlan uşaqları ölüb.

Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı «Şərq»ə açıqlamasında ölüm hallarının ciddi araşdırma tələb etdiyini bildirdi:

- Bir, ya iki, fərq etməz, körpə ölümü baş verirsə, bu, mütləq ciddi şəkildə araşdırılmalıdır. İstər dölün ana bətnində ölümü, istərsə də körpənin dünyaya gəldikdən az müddət sonra vəfat etməsi hadisələri dəqiq ekspertiza edilməlidir ki, səbəb bilinsin. Bəzən dölün ana bətnində ölümünə müxtəlif amillər səbəb olur. Burada viruslara yoluxma, müxtəlif patalogiyalar səbəbindən dölün inkişafdan qalması və sairə hallar ola bilir. Körpə dünyaya gəldikdən qısa müddət sonra vəfat edirsə, yenə də buna səbəb hamiləlik dövrünün problemli gedişatı rol oynaya bilir. Əlbəttə, biz bu məsələdə həkim səhlənkarlığını kənara qoymuruq. Elə həkimlər olur, pasiyentə lazımi tibbi yardım göstərə bilmirlər. Lazım gəldiyi halda əməliyyat etmir, yaxud əməliyyatın vaxtını gecikdirir, bəzən də lüzumsuz halda qeysəriyyə əməliyyatına qərar verirlər. Ona görə də istər ana, istərsə də körpə ölümləri mütləq dəqiq ekspertiza edilməli, səbəblər bilinməli və günahkarlar məsuliyyətə cəlb edilməlidir.

Ş.Namazlı qeyd etdi ki, istənilən əməliyyat zamanı ölüm hallarının baş verməsi həkimlər üçün dəhşətlidir:

- Heç bir həkim istəməz ki, ona müraciət edən, yaxud hansısa kritik vəziyyətdə xəstəxanaya gətirilən pasiyent, yaxud körpə vəfat etsin. Həkimin vəzifəsi insanlara şəfa verməkdir. Amma təəssüf ki, bəzən hansısa səbəblərdən faciəli hadisələr baş verir. Son zamanlarda qeysəriyyə əməliyyatı ilə doğuş halları artıb. Mən sırf bu sahə üzrə mütəxəssis deyiləm, ona görə də həkimlərin hansı halda hamilə qadınlara qeysəriyyə əməliyyatı tövsiyə etdiklərini deyə bilmərəm. Amma biz də müşahidə edirik ki, bəzən hamiləliyin ilk aylarından həkim pasiyenti qeysəriyyə əməliyyatına bir növ «hazırlayır». Qadının
yaşını, ağır keçən hamiləliyi, dölün ana bətnində hansısa duruşunu səbəb kimi göstərib əməliyyat olunmasında hətta təkid edir. 

Hesab edirəm ki, qeysəriyyə əməliyyatı ilə bağlı şərtlər dəqiq bilinməli, lüzumsuz halda əməliyyata qərar verən həkimlər cəzalanmalıdır. Xanımlara da tövsiyələrimiz var. Xanımlarımıza məsləhət görürük ki, hamiləlik dövründə lazımi müayinələrdən mütləq keçsinlər. Hansı problemlərinin olduğunu bilsinlər. Həkimin nəzarəti altında, həkimin tövsiyələrinə əməl edərək o problemlərin həllinə çalışsınlar. Amma yenə də təəssüflə qeyd etməliyəm ki, bəzən xanımlar hamiləlik dövründə bircə dəfə də olsun müayinədən keçmir, analizlər vermirlər. Hamilə qadın mütəmadi həkim nəzarətində olmalı, müayinələrdən keçməli, həkimin tapşırığı ilə lazımi laborator analizlər verməlidir. Bunlar doğuş zamanı həkimlərin doğru qərar verməsinə, pasiyentin sağlıq durumunun vəziyyətinə uyğun addım atmağa çox kömək edir. Pasiyentlər səhlənkarlıq etməməlidir.

Məlahət Rzayeva