Saziş imzalanacaq

Gec-tez KXDR ABŞ-ın şərtləri ilə razı olacaq
"Sadəcə, Trampla Kim Çen İn hələlik imiclərinə uyğun ərköyünlük edirlər"



"Vaşinqtonun Şimali Koreyaya qarşı sanksiyaları dəyişməyəcək”. Bunu ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüşünün nəticəsini şərh edərkən bildirib. Tramp sanksiyalarla bağlı danışıq apardığını da deyib: "Biz sanksiyalar barədə də danışdıq. Şimali Koreya sanksiyaların silinməsini istədi, ancaq biz bunu edə bilmərik. Sanksiyaların gücləndirilməsi məsələsindən danışmaq istəmirəm. Yetərincə güclüdür. Şimali Koreyada çoxlu qəribə adamlar var, onlar hələ yaşamalıdır. Bu, mənim üçün çox vacibdir”.

Məlumdur ki, ötən gün ABŞ Prezidenti və KXDR lideri arasındakı sammitdə razılaşma əldə olunmayıb. Həmçinin, görüş vaxtından əvvəl başa çatıb. Ölkə liderlərinin görüşdən erkən ayrılmasının səbəbləri barədə heç bir informasiya verilməyib. Yəni xeyli vaxtdır dünya ictimaiyyətinin həsrətlə gözlədiyi təmaslar nəticəsiz olub.

Tramp və Kim Çenin yarımçıq görüşünü "Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli bildirib ki, ABŞ Prezidenti Trampla KXDR başcısı Kim Çen İnin görüşündən sonra tərəflər fərqli açıqlamalar verdilər. Trampın mövqeyi Şimali Koreyanın istəyini rədd etməkdən ibarət oldu: 

"Pxenyan təmsilçisi isə əksinə Amerikadan sanksiyaların götürülməsini istəmədiklərini bildirdi. Tramp deyir ki, Şimali Koreya bütün nüvə arsenalından imtina etməlidir. Yalnız bu halda sanksiyalardan imtina edəcəklərini bildirdi. Cavabında koreyalılar ancaq nüvə arsenalından imtina etmək müqabilində amerikalılardan sanksiyalara son qoymaqlarını istədiklərini bildirdilər. Tramp həm də öz xarakterinə uyğun hərəkət edir. Yəni skandalsız, mübahisəsiz dura bilmir. Odioz ölkə olan Şimali Koreya da amerikalılara oxşar cavab verir. Bütün bunlara rəğmən düşünürəm ki, ABŞ-la KXDR arasında saziş imzalanacaq. Sadəcə, Trampla Kim Çen İn hələlik imiclərinə uyğun ərköyünlük edirlər. Fikrimcə, sonda KXDR ABŞ-ın şərtləri ilə razı olub dünyaya açılacaq”.

İsmayıl