Yeni islam kolleclərinin açılması müsbət dönüş yaradacaq

Qafqaz Müsəlmanları İdarəsi bu işin öhdəsindən gələ biləcək



Prezidentin sərəncamına əsasən Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyində 8 İslam kollecinin açılması nəzərdə tutulur. Hazırda kolleclərin açılması ilə bağlı müvafiq işlər görülməkdədir.
QMİ sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı qeyd edib ki, hər hansı bir tədris müəssisəsinin yaradılması öncə müəyyən maddi-texniki bazanın təşkilini nəzərdə tutur: "QMİ mərhələli şəkildə kolleclərin fəaliyyətə başlaması istiqamətində işlər görür və inşallah, vəzifəsinin öhdəsindən gələcək. Qarşıdan gələn tədris dönəmində Lənkəran İslam Kolleci fəaliyyətə başlayacaq. Müəyyən hazırlıq işləri bitdikdən sonra Bakı Bibiheybət İslam Kollecinin də açılması nəzərdə tutulub”.

Q.Cavadlı bildirib ki, hazırda QMİ-nin Bakı "Şəbnəm" Qızlar İslam Kolleci, Şəki İslam Kolleci və Zaqatala Əliabad Kolleci fəaliyyətlərini davam etdirir. Sədr müavini vurğulayıb ki, dini mədrəsələrin kollec statusu alması onların fəaliyyətinə müsbət təsir edib: "Dünənə qədər rəsmən tanınmayan və dövlət qeydiyyatında olmayan dini mədrəsələrin kollec statusu alması həm tələbə qəbulunda artıma, həm də təhsilin daha keyfiyyətli və perspektivli olmasına təsir göstərib”.

Yeni kolleclərin açılmasının əlamətdar hadisə olduğunu deyən ilahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə bildirib ki, prezidentin bu sahədə atdığı addım birbaşa islam dininin inkişafına xidmət göstərir: 

"Əvvəllər Qafqaz üzrə dini təhsil ocaqlarının mədrəsə tipində olması mövcud idi. Azərbaycanda mədrəsə tipli bir neçə tədris ocaqları var. Sonralar dini təlimlərin həyata keçirilməsində ödənişlərin olması ilə bağlı məsələlər meydana çıxanda bir qism insanların buna imkanı çatmadı. Amma bu gün bölgələrdə, xüsusilə dini ayinlərin icrasına zəmin və şərait olan yerlərdə kolleclərin açılması daha məqsədəuyğundur.

 Düşünürəm ki, belə kolleclərin açılmasını QMİ-nin öhdəsinə qoyublarsa, ölkədə milli-mənəvi dəyərlərin və dini sabitliyin inkişafı üçün böyük dəstək yaranacaq. Bizim hər zaman dini dəyərlərə ehtiyacımız olduğu təqdirdə cənab Prezidentin sərəncamı çox məqsədəuyğun oldu. Mən Lənkərandakı kollecdə oldum. Çox gözəl işlər aparılıb. Həmçinin kollecin müəyyən layihələri ilə də tanış olmuşam. Belə tədbirləri hər zaman müsbət dəyərləndirir və əlimizdən gələn dəstəyi verməyə hazırıq”.

Yeganə Bayramova