“Narazı kütlə Paşinyanı rəhbərlikdən tezliklə sala bilər” – Şərh





"Paşinyan özünü çoxdan ifşa edib və artıq bu reallığı gizlədə bilmir”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi şərhçi Anar İmanov deyib.

Ekspert bildirib ki, Paşinyan qısa zamanda özünü çox bacarıqsız, məntiqsiz, siyasətdən heç bir şey anlamayan birisi kimi tanıtdı: 

"Əvvəl bunu kimsə dərk etmirdi deyə səsini çıxarmırdı, ancaq hazırda vəziyyət dəyişib. Paşinyanla bağlı açıq-aşkar etirazlar səsləndirilir. Paşinyan da öz növbəsində bu etirazları əsl diktator kimi kəsmək istəyir. Və bu çox eybəcər formada baş verir. Gah jurnalist həbsdə ölür, gah da bloqçu ölümlə hədələnir. Ermənistanda Paşinyanın "siyasəti” ilə bağlı etirazlar güclənir. Bir çox insan Paşinyanın yalançı vədlərindən danışır. İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan parlamentdə çıxışı zamanı deyib ki, "dünənki müxalifət hakimiyyətə gələn kimi dözümsüz olmağa başlayıb”. Parlamentdə "Mənim addımım” blokunu təmsil edən deputat Varazdat Karapetyan da bildirib ki, "Nikol Paşinyan və komandası bu gün üzərinə düşən öhdəliyi yerinə yetirmək üçün çalışmır. Baş nazir iqtisadi inkişafın reallaşması və proqramların icrası üçün səy göstərmir”. Vurğulayır ki, xalq Paşinyandan gözlədiyini görmədi. Erməni xalqına söz verilən iqtisadi inqilabın reallaşması istiqamətində iş görülmür. Bundan əvvəl olduğu kimi, yenə də ermənilər sosial vəziyyətlərinin düzələcəyini ümidlə gözləyirlər. Nikol Paşinyanın bəyan etdiyi iqtisadi inqilab Ermənistan vətəndaşlarının qulağında hələ ki, xoş arzu kimi səslənir. Karapetyan bunları yeni hökumətin ilk uğursuzluğu kimi səciyyələndirib”.

Ekspertin sözlərinə görə, bəziləri sadəcə sözlərlə kifayətlənmirlər: 

"İrəvanı etiraz aksiyaları bürüyüb. Məsələn, bu yaxınlarda maaş azlığı ilə bağlı aksiyalar keçirilib. Etirazçılar baş nazir Paşinyanı vəzifəyə seçilməzdən əvvəl verdiyi vədləri yerinə yetirməməkdə günahlandırıblar. Deyirlər ki, "Paşinyanın özü vəd vermişdi ki, hamı üçün bərabər imkanlar olacaq. Nə üçün səs yığmaqdan ötrü insanları eyforiya vəziyyətinə saldı? Paşinyan heç bir inqilab etmədi, Serj Sarkisyan hakimiyyəti ona məcməyidə "hədiyyə etdi”. Ermənilərin fikrincə, Paşinyan Levon Ter-Petrosyanın etdiyini edir, yəni "ağ soyqırım” törədir. Cəmiyyətin bütün təbəqələri səriştəsiz Paşinyandan narazıdır. 

"Konstitusiya hüququ” Birliyinin sədri Ayk Babuhanyan vurğulayıb ki, Ermənistanda hakimiyyəti ələ keçirən Paşinyan öz fəaliyyəti ilə təkcə Ermənistan-Rusiya münasibətlərini deyil, respublikanın təhlükəsizliyini və dövlətçiliyi də zərbə altına qoyur: 

"Paşinyanın bəyanatları boş sözlərdən ibarətdir və heç bir əsası yoxdur”. Bu misalları uzatmaq olar, amma sadəcə bunlar göstərir ki, Paşinyanın rəhbər ömrü çox sürməyə bilər. Narazı kütlə onu rəhbərlikdən tezliklə sala bilər. Əlbəttə, Paşinyanın cavabı diktatorsayağı olacaq. Baş nazir aqressiya, qan və işgəncə metoduna əl atacaq. Əminəm ki, yaxın gələcəkdə Ermənistan xalqının, jurnalistlərin, bloqçuların problemlərindən, ölümlə hədələnmələrindən çox danışacağıq”.

İsmayıl