Həkimdən çağırış: “Bu halda qızılca xəstəliyi ağırlaşa bilər” – Nə etməli ?

"Bir sıra xəstəliklərin yayılması dönəmində yaxşı olar ki, insanlar ictimai nəqliyyatda və insanların sıx olduğu məkanlarda maskalardan istifadə etsinlər. Və təmaslardan maksimum çəkinsinlər”.
Bunu "Sherg.az”a açıqlamasında Tibb elmləri doktoru, həkim Adil Qeybulla deyib.
Onun qənaətincə, avropa ölkələrində, digər qonşu ölkələrdə, o cümlədən Azərbaycanda qızılca xəstəliyinə yoluxanların sayı çoxalıb:
"Artıq ölkədə bununla bağlı tədbirlər görülməkdədir. Yaxın günlərdə Azərbaycana böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə vaksinin gətirilməsi nəzərdə tutulur.
"Qızılcaya yoluxanlar hansı rejimdə saxlanılmalı və bu xəstələrlə necə rəftar edilməlidir ?” sualına gəlincə A.Qeybulla bildirib ki, belə xəstələr mütləq ayrıca otaqda yataq rejiminə keçirilməlidir və müalicə olunmalıdır:
"Bu şəxslərlə kontakt azaldılmalıdır. Xəstəliyin həssas dövründə diqqət edilmədikdə ağırlaşmalar ola bilər. Bu ağırlaşmalar yaşlılar üçün bir, gənclər və uşaqlar üçünsə başqa bir formada özünü göstərir. Ağırlaşmanın qarşısını almaq üçün mütləq yataq rejiminə keçmək lazımdır ki, infeksiya sönə bilsin. 
Bədəndə səpkilərin, temperaturun əmələ gəlməsi və s. baş verərsə, dərhal yataq rejimi tətbiq olunmalıdır. Çox miqdarda maye qəbul edilməlidir. Digər tərəfdən də həkim dəvət olunmalı və xəstəliyə düzgün diaqnoz qoyulmalı, lazımi tədbirlər görülməlidir. Xəstə ağırlaşmış haldadırsa, xəstəxanada müalicə olunmalıdır”.
Sevda ULUTAU