Ancaq məsələnin həll olunması deputatlardan asılı olacaq
Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılacaq. Məsələ artıq parlamentdə hazırlanan yeni qanun layihəsinə də daxil edilib.
Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı bildirib. Amma YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, bu məsələ hərbi çağırışın əsaslarının predmetidir: "Magistrantlara möhlət hüququnun verilib-verilməməsi ilə bağlı qanun elm sahəsinə daxil deyil. Ona görə də bu məsələ Milli Məclisin gündəliyində nəzərdə tutulmayıb. Əlbəttə, magistrlərə möhlət hüququ verilə bilər. Lakin bunu elmin inkişafındakı digər məsələləri nəzərə almaqla həyata keçirmək lazımdır”. Qeyd edək ki, magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi bir neçə dəfə parlamentdə qaldırılsa da, indiyə qədər qanunvericiliyə daxil edilməyib. Məsələni dəyərləndirən parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Elman Məmmədov hesab edir ki, elmlə məşğul olan insanlara hərbi xidmətdən möhlət hüququ verilməlidir. Bu, ordunun zəifləməsi demək deyil: "Magistrlər o qədər də çox deyil. Özü də onların içində təkcə kişilər olmur ki? Xanımlar da magistr təhsili alırlar. Bunu nəzərə alsaq, möhlət hüququnun verilməsi çətin olmaz. Əlbəttə, çalışmalıyıq ki, hər bir Azərbaycan vətəndaşı vaxtında hərbi xidmət keçsin. Ancaq elmin də qayğısına qalmalıyıq. Xüsusi istedada malik olan, elmə lazım olan insanların müəyyən müddətdə ardıcıl təhsil almasına şərait yaradılmalıdır”.
Təhsil eksperti Məhərrəm Zülfüqarlı da düşünür ki, magistratura təhsili almaq istəyən oğlanlara möhlət verilməlidir: "Magistraturaya daxil olan oğlanları hərbi xidmətə göndərəndə, onlar bir il təhsildən ayrılırlar. Fərqli şəraitdə saxlanılan gənclərin sonradan elmə adaptasiya prosesi çox çətin gedir. Düzdür, Azərbaycan müharibə şəraitindədir. Amma aktiv döyüş getmir. Bu baxımdan oğlanların magistratura pilləsini bitirdikdən sonra hərbi xidmətə başlaması daha məqsədəuyğun olar. Təhsilin və elmin inkişafı üçün müəyyən güzəştlər vacibdir.
Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, professor Şahlar Əsgərov da hesab edir ki, magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməməsi bir çox problem yaradır: "Məsələ kökündən həll olunmalıdır. İsraildə orta məktəbi bitirən kimi oğlanları hərbi xidmətə aparırlar. Onlar qayıdıb gələndən sonra ali təhsil alırlar. Yəni, burada oxumağın arasına heç bir şey girə bilmir. Təhsilə müdaxilə etmək ipi qırmaq kimi bir şeydir. Düzdür, qırılmış ipi düyünləməklə uzatmaq olar. Amma nəticədə o ip qırılmış ipdir və çox da möhkəm deyil. İnsanın yaddaşı monolit deyil. Hərbiyə gedib-gələndən sonra insan öyrəndiyini itirir”.
Professorun fikrincə, məsələni həll etmək üçün dünya təcrübəsini mənimsəmək və öyrənmək lazımdır: "Buna böyük maddi vəsait də lazım deyil. Proses olduqca asandır. Sadəcə bir qrup ağıllı adam oturub məsələni həll edə bilər. Amma görünür, həll etmək istəmirlər”.
İsmayıl