Maksimum 50 manat olmalıdır

Bakı-Tbilisi-Qars dəmir yolu qatarına biletin qiyməti sərnişinlərə sərf etməlidir
"Bu fürsətin biznesə çevrilib-çevrilməyəcəyini zaman göstərəcək. Bu işdə turizm şirkətlərinin üzərinə böyük məsuliyyət düşür"


Bakı-Tbilisi-Qars dəmir yolu üzrə ilk dəfə xəttə buraxılan sərnişin qatarı Gürcüstana gəlib. İsveçrənin "Stadler” şirkətinin istehsalı olan qatar bir neçə gün əvvəl İstanbula gəlib və Türkiyədən Gürcüstana İstanbul-Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu üzrə yollanıb. "Azərbaycan Dəmir Yolları”na məxsus qatar test rejimdə xəttə buraxılıb. Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili 2019-cu ilin 3-cü rübündə planlaşdırılır.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı gözləntilər olduqca böyükdür.

Belə ki, bu layihənin həm neft, həm də qeyri-neft sektorunun inkişafına birbaşa təsir göstərəcəyi gözlənilir. Ekspertlərin fikrincə, bu yol ölkəmizin iqtisadi baxımdan da bir sıra nailiyyətlər əldə etməsinə, həmçinin üç ölkə arasında da əlaqələrin genişlənməsinə, bir sıra inkişafyönümlü layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Digər bir tərəfdən, ölkəmizdə dəmir yolu turizminin yeni mərhələyə qədəm qoymasına səbəb olacaq.

Vətəndaşların getdiyi xarici ölkələr arasında Gürcüstan və Türkiyənin əhəmiyyətli yer tutduğunu vurğulayan iqtisadçı-ekspert Elçin Bayramlı bu istiqamətdə kifayət qədər tələb olduğunu deyib: 

"Gürcüstana qatar, təyyarə və avtobus reysləri var. Türkiyəyə isə hələlik yalnız avtobus və təyyarə ilə getmək mümkündür. Avtobus yolu uzun və yorucu olduğundan sərnişinlərin çoxu təyyarəyə üstünlük verir ki, bu da çox baha başa gəlir”.

İqtisadçının sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryol qatarına bilet qiymətləri avtobusla eyni, ya da cüzi baha olmaqla, təyyarədən isə ən azı 2 dəfə ucuz olmaqla müəyyənləşdirilməlidir ki, reyslər rentabelli olsun: 

"Əks halda heç kim cüzi qiymət fərqindən ötrü 2 saatlıq yolu 2 günə getməyə razı olmaz. Ya da avtobuslarla getməyə üstünlük verər. Bizdə turizm qiymətləri həddən artıq yüksək olduğundan Azərbaycandan Gürcüstanın müxtəlif şəhərlərinə - Tbilisiyə, Batumiyə, Kutaisiyə gedənlər də çox olur ki, bu sərnişin kütləsinin də çoxunu yeni reysə cəlb etmək olar. 

Çünki Bakı-Tbilisi qatarı digər şəhərlərə getmir. Sadəcə dediyim kimi, qiymətlər normal olmalıdır. Azərbaycan daxilində 500 km-lik yolu qatarla 10-15 manata getmək olur. Bu hesabla yeni reysin təxminən 1500 km olmasını nəzərə alsaq, bu rəqəmi 3-ə vurmaq lazım gələr ki, bu da 30-45 manat edər. Lakin bu reysdə xarici ölkə ərazisi ilə hərəkət nəzərə alınmaqla qiymət bundan bir qədər də baha - maksimum 50 manat ola bilər. Əlbəttə, VİP yerləri nəzərdə tutmuram, onlarda iki dəfə baha qiymət qoymaq da olar. Hesab edirəm ki, bu, ədalətli qiymət olar. 

Çünki bəzi loukaster reysləri bu və ya bundan uzun məsafələrə belə təyyarə ilə 50-70 manat civarında qiymətlərlə sərnişin aparır. Qatar isə təyyarədən baha ola bilməz və olmamalıdır”.

Turizm üzrə ekspert Eldar Aslanov isə hesab edir ki, yeni yaranan nəqliyyat xətti həmin nəqliyyat üzərində olan tarixi, turistik yerlərin turizm potensialının canlandırılması baxımından effektə malikdir. 

Onun sözlərinə görə, bu layihə Qara dəniz bölgəsinə gedən turistlərin hərəkətinin, o cümlədən Azərbaycan ərazisində BTQ istiqamətində olan stansiyalara yaxın ərazilərin turizminin canlandırılması baxımından bir fürsətdir: 

"Bu fürsətin biznesə çevrilib-çevrilməyəcəyini zaman göstərəcək. 

Bu işdə turizm şirkətlərinin üzərinə böyük məsuliyyət düşür. Misal üçün, həmin xətt üzrə xüsusi marşrutlar, bununla bağlı xüsusi marketinq işi hazırlaya bilərlər. Məsələn, Gəncə stansiyasında dayanaraq, ora yaxın olan turistik ərazilərə turlar təşkil etmək mümkündür. Həmçinin dəmir yolu nəqliyyatı digərlərindən daha ucuz olduğundan, turistlər üçün daha əlverişli olacaq”.

E.Aslanovun fikrincə, dəmir yolu xəttinin böyük dəyişikliyə səbəb olması üçün ilk növbədə turizm şirkətləri aktiv işləməlidirlər: 

"Xüsusi turizm marşrutları hazırlamalıdırlar. Həmin dəmir yolu xəttinin keçdiyi ərazilərdə satış obyektlərinin sayını artırmaq lazımdır. Dəmir yolu turizmi həm də o baxımdan əlverişlidir ki, hava şəraitindən asılı olmayaraq, hər fəsildə səyahət etmək mümkündür”.

Şəymən