Cümhuriyyətin kəşfiyyat və əks-kəşfiyyatı





Elşad Qoca,
tədqiqatçı jurnalist



Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyinə həsr olunur.




1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində çar imperiyası mərkəzdə və yerlərdə idarəçiliyi itirmişdi. Belə bir vaxtda İmperiyanın tərkibində olan xalqlar öz müstəqilliklərini elan etməklə milli dövlətlərini yaratmağa ça-lışırdılar. Zaqafqaziya Seyminin azərbaycanlı deputatları yaranmış şəraiti düz-gün qiymətləndirdilər. Azərbaycanın gələcək taleyini üzərinə götürə biləcək Milli Şura yaradıldı.

28 may 1918-ci ildə Milli Şura Tiflis şəhərində Azərbaycanın istiqlaliyyətini dünyaya elan etdi. İstiqlal bəyannaməsində Azərbaycanın tam hüquqlu və müs-təqil dövlət olması, ali hakimiyyətin xalqa məxsusluğu, beynəlxalq birliyin bütün üzvləri ilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə dostluq əlaqəsinin yara-dılacağı, millətindən, dinindən, ictimai vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara sərbəst inkişaf üçün şərait yaradılacağı göstərilirdi.
Parlamentin çağırılmasına qədər Azərbaycanda ali hakimiyyət Milli Şura və Milli Şuranın qarşısında cavabdeh olan Müvəqqəti hökumət sayılırdı. Müvəqqəti hökumətin təşkil olunması bitərəf Fətəli xan Xoyskiyə tapşırılmışdı. AXC-nin paytaxtı müvəqqəti olaraq Gəncə şəhəri seçilmişdi.
Hökumətin qarşısında bolşeviklərin Gəncə istiqamətində olan hərəkətinin qarşısının alınması və Bakının bolşeviklərdən azad edilməsi kimi prinsipial məsələ dururdu. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakıya daxil oldu. Bununla da Azərbaycanın tarixində ikinci bir böyük si-ya¬si əhəmiyyəti olan hadisə baş verdi. Bakı paytaxt statusu aldı. 17 sentyabrda Azərbaycan hökuməti Bakıya köçdü.
Gənc ölkənin ayrı-ayrı dövlət qurumlarının təşkilinə başlanılmışdı. Kadr qıtlığı, müxtəlif istiqamətlər üzrə peşəkar və ixtisas sahiblərinin olmaması mü-əyyən çətinliklər yaradırdı. Ancaq buna baxmayaraq, yeni hökumətin üzvləri var-qüvvəsi ilə çalışır, tapşırılan yeni sahələri qurmağa çalışırdılar. Təbii ki, ölkənin müdafiəsi, sərhədlərinin mühafizəsi, eləcə də düşmən ölkələrin təxribat-pozuculuq faəliyyətinin qarşısının alınması üçün xüsusi xidmət orqanlarının yaradılmasına da ehtiyac vardı. Ümumiyyətlə, AXC dövründə ölkənin xüsusi xidmət orqanlarının ilk fəaliyyəti Hərbi nazirliklə bağlıdır. Birinci hökumət kabinetində Hərbi nazirliyin yaradılması nəzərdə tutulsa da, bu fəaliyyət kağız üzərində qalmışdı. İkinci kabinetdə isə Hərbi nazirlik nəzərdə tutulmamışdı.
Birinci Cahan Savaşında Osmanlı imperatorluğu məğlub tərəf kimi 1918-ci ilin 30 oktyabrında Mudros müqaviləsini imzalamağa məcbur oldu. Müqavilənin şərtlərinə uyğun olaraq, Osmanlı hökuməti bir həftə ərzində Azərbaycandan, bir ay ərzində isə bütün Qafqazdan qoşunlarını çəkməli idi. Zaqafqaziya İn-giltərənin təsir dairəsinə düşmüşdü və müttəfiqlər adından ingilis qoşunları Bakıya girməli idilər. Türk qoşunlarının qəfil gedişi Azərbaycanı çətin duruma salmışdı.
1918-ci ilin oktyabr ayının 23-də hökumətin iclasında təcili Hərbi nazirliyin bərpa edilməsi qərara alındı. 1 noyabr 1919-cu ildə Azərbaycan parlamenti də yaranmış vəziyyəti müzakirə edərək Azərbaycan Nazirlər Şurası yanında Hərbi nazirliyin bərpa edilməsi barədə qərar qəbul etdi. Noyabrın 7-də Hərbi nazirlik təsis edildi. Fətəli xan eyni zamanda, Hərbi nazir vəzifəsini də yerinə yetirməyə başladı. Onun müavini isə artilleriya general-leytenantı Səməd bəy Mehmandarov idi. Elə həmin vaxtdan etibarən Azərbaycanda ordu quruculuğuna geniş yer ayrılmağa başladı.
Ancaq Bakıya gələn general Tomson türk qoşunları ilə birgə yenicə ya-radılmağa başlanmış Azərbaycan qoşunlarının da noyabr ayının 17-dək Bakı şəhərini tərk etməsini tələb edirdi. Beləliklə, yenicə yaradılmış Hərbi nazirlik və Azərbaycan korpusu Bakıda fəaliyyətini davam etdirə bilmədi. 1918-ci ilin noyabr ayının 22-də Gəncə şəhərinə köçməyə məcbur oldu.
Azərbaycan hökumətinin Bakıda, Hərbi nazirliyin isə Gəncədə olmasını nəzərə alaraq, Nazirlər Şurasının sədri Fətəli xan Xoyski özünün sərəncamı ilə 1918-ci ilin dekabr ayının 25-də Səməd bəy Mehmandarovu Hərbi nazir, Əliağa Şıxlinskini isə nazir müavini təyin etdi.
Böyük təcrübəsi olan generallar tərəfindən Hərbi nazirliyin qurulması ilə əlaqədar olaraq layihə hazırlanaraq parlamentə təqdim edildi. Onu da qeyd etmək lazımdır ki, ilkin layihələrdə ölkənin xüsusi xidmət və təhlükəsizlik orqanlarının da Hərbi nazirliyin tərkibində fəaliyyət göstərməsi məqsədəuyğun hesab olunmuşdu. Azərbaycan Ordusunun Baş Qərargahının rəisi general-leytenant M.Sulkeviç də xüsusi xidmət və təhlükəsizlik orqanlarının yaradıl-masını vacib hesab edirdi.
Nəhayət, hazırlanmış layihələr əsasında 25 fevral 1919-cu ildə ölkə parlamenti "Hərbi Nazirliyin ştatları haqqında” xüsusi olaraq qanun qəbul etmişdir. Qanunda Hərbi Nazirliyin 38 istiqaməti üzrə ştatlar təsdiq edilmişdir. Hərbi Nazirliyin Baş Qərargahının Baş İdarəsinin general-kvartirmeyster şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması da nəzərdə tutulmuşdu.
Umiumiyyətlə, Cümhuriyyət dövründə ölkənin xüsusi xidmət orqanları üç mərhələdə fəaliyyətini davam etdirmişdir. Birinci mərhələ 28 mart 1919-cu ildən 11 iyun 1919-cu ilədək olan dövrü əhatə edir. Bu mərhələdə Kəşfiyyat və əks-kəşfiyyat bölməsi Hərbi nazirliyin tərkibində fəaliyyət göstərmişdir.
Hərbi nazir general-leytenant S.Mehmandarov və Baş Qərargah rəisi general-leytenant M.Sulkeviçin 28 mart 1919-cu ildə imzaladıqları əmrlə Baş Qərargahın Baş İdarəsinin tərkibində əməliyyat-səfərbərlik, nizami-hesabat, əks-kəşfiyyat və kəşfiyyat və rabitə bölmələrindən ibarət general-kvartirmeyster şöbəsi yaradılmışdır. 29 martda isə bölmənin rəisi vəzifəsinə Əfrasiyab bəy Ağalarov təyin edilmişdi.
Bölmənin ilkin ştatı 1 rəis, 2 rəis köməkçiləri (müavinləri) ober-zabit, 2 kar-gü¬zar və 23 nəfər agent (əməliyyat müvəkkili nəzərdə tutulur) olmaqla 28 nəfərdən ibarət idi. Yeni yaradılmış bölmənin rəisinin vəzifəsi alay komandiri, köməkçilərin isə tabor komandiri vəzifəsinə bərabər tutulurdu.
Əldə olunmuş arxiv sənədləri qurumun əməliyyat fəaliyyətini aydınlığı ilə göstərir. Bölmənin əməkdaşları Hərbi nazirliyin rəhbərlərini, eləcə də Azərbaycan hökumətini əməliyyat məlumatları ilə təmin etməyə çalışırdılar. Özü də bu məlumatlar ölkənin müxtəlif ərazilərini, hərbi birləşmələrin dislokasiya yerlərini əhatə edirdi. Dövlət arxivində yüzlərlə əməliyyat məlumatları, aylıq smeta xərcləri, uğurlu əməliyyat tədbirlərində iştirak etmiş bölmənin əməkdaşlarının mükafatlandırılması barədə rəhbərliyin ünvanına yazılmış çoxlu sayda raportlar da saxlanılır.
"1919-cu ilin mart ayı üçün buraxılmış xərclər barədə” adlı maliyyə sənədində görülmüş əməliyyat işləri barədə məlumat verilir.
Maliyyə hesabatına əlavə olunmuş arayış xarakterli sənəddən aydın olur ki, əks-kəşfiyyat və kəşfiyyat bölməsinin rəisi kornet Ağalarovun rəhbərliyi ilə xüsusi əməliyyat planı hazırlanmış və gənc ölkənin əleyhinə casusluq edən 16 nəfərdən ibarət qrup ifşa olunmuşdur. Həbs edilənlər əsasən Azərbaycan ordusunda xidmət edən Denikin ordusunun zabitləri idilər. Baş Qərargahın kapitanı Çernışov, onun arvadı Anna Çernışova və onların həmfikirləri gənc ölkənin əleyhinə işləyir, strateji obyektlər barədə məlumat toplayırdılar. Bölmənin əməkdaşları Smıslovanın həm də ingilis kəşfiyyatına işlədiyini müəyyən etmişdilər. İngilislər ona Azərbaycan Ordusunda xidmət edən türk zabitlərini müəyyənləşdirməyi və saylarını öyrənməyi tapşırmışdı. Onun evindən axtarış zamanı Azərbaycanda ictimai-siyasi və iqtisadi vəziyyətlə bağlı, gizli bolşevik təşkilatının işi, Azərbaycan Ordusunun durumu barədə Denikin qərargahına ünvanlanmış çoxlu sayda agentura məlumatları tapılmışdı.
Bununla əlaqədar Hərbi nazir general-leytenant S.Mehmandarov daxili işlər naziri X.Xasməmmədova müəyyən edilmiş casus təşkilatının üzvlərinin tutulması barədə Bakıya məktub göndərmişdir. Məktubda deyilir: "Azərbaycan Silahlı Qüv¬və¬ləri barədə Denikinin Könüllülər ordusunun və erməni hökumətinin xeyrinə məlumat toplamaqda ittiham edilən xanım Smıslova Gəncədə həbs edilmişdir. Bu işdə onunla əlbir olan Gəncə qarnizonunun bir neçə zabiti müəyyənləşdirilmişdir. Bakıda isə onun digər əlaqələri vardır. Nelli Fyodorovna Çernışova, erməni küçəsi 8-də yaşayır, qərargah zabitinin arvadıdır, erməni qoşununda xidmət etmişdir. Stanislav Rudolfoviç Zuber, Rılskixlərin Merkuri kontorundadır. Çernışovanın mənzilində axtarış aparılması vacibdir, əgər bir şey tapılsa, təcili həbs edib işi məhkəmə müstəntiqinə vermək lazımdır. Belə bir axtarışın Zuberin mənzilində də aparılması vacibdir. Xanım Smıslova Bakıdan Gəncəyə kömək üçün səyyar qoşunların başçısı polkovnik Mixaylova Tiflis dəmiryolu jandarm idarəsinin keçmiş rəisi Şetininin məktubu ilə gəlmişdir. Hesab edirəm ki, casus təşkilatının izləri Bakıdadır. Şetinin təcrübəli jandarm işçisi kimi onun rəhbəridir. Onun mənzilində təcili axtarış aparılması və həbs lazımdır”.
Məktubun sonunda X.Xasməmmədovun dərkənarı vardır: "Bu gün saat 5-də qubernator Axundov mənim yanıma dəvət edilmiş və ona bu məsələnin icra edilməsi tapşırılmışdır”.
Azərbaycanda Denikin kəşfiyyatının ifşa edilməsi Orduda bəzi rus zabitlərinin dəyişdirilməsinin vacibliyini göstərirdi. Ancaq onların əvəz edilməsi müşkül məsələ idi. Belə ki, gənc ölkənin hərbi mütəxəssislərə böyük ehtiyacı vardı.
Daha bir arxiv sənədində isə adı casus kimi keçən denikinçi zabitlərin AXC Nazirlər Şurasının sədrinin göstərişi ilə respublika ərazisindən çıxarılmaları barədə qeydlər edilmişdir. Təsadüfi deyildir ki, 26 fevral 1919-cu ildə Azərbaycan parlamenti dövlət qulluqlarında, orduda Denikinçi zabitlərin xidmətini qadağan etmək barədə qərar qəbul etmişdi. Təbii ki, parlamentin bu qərarı qəbul etməsində əks-kəşfiyyat və kəşfiyyat bölməsinin əməkdaşlarının böyük zəhməti vardır.
Ağalarovun rəhbərlik etdiyi kəşfiyyat və əks-kəşfiyyat bölməsinin daha bir fəaliyyəti barədə arxivdə maraqlı material saxlanılır.
Bildiyiniz kimi, ingilis qoşunlarının komandanı general Tomsonun tələbi ilə Bakıda yerləşən Azərbaycan korpusunun qərargahı, o cümlədən Hərbi nazirlik Gəncəyə köçürülmüşdü. Bakıda yerləşdirilməsi nəzərdə tutulan 1 piyada taboru, 400 nəfərdən ibarət süvari və 1 topçu alayı polkovnik Fərhad bəy Ağalarovun rəhbərliyi ilə Salyan kazarmasında yerləşməli idi. Hərbi nazirin də bu münasibətlə Bakıya gələcəyi planlaşdırılırdı. Bakıda olan qarışıqlıq təbii ki, müəyyən təhlükəsizlik tədbirləri görməyi tələb edirdi. Hər cür təxribatların ola biləcəyi istisna edilmirdi. Arxiv materialları arasında Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi general-leytenant M.Sulkeviçin 31 mart 1919-cu ildə Azərbaycan qoşunlarının Gəncədən Bakıya getməsi ilə əlaqədar əks-kəşfiyyat işinin təşkili üçün daxili işlər nazirinin müavini general-mayor Sadıq bəy Ağabəyova yazdığı məktubu saxlanılır. "Azərbaycan qoşunlarının bu ilin aprel ayının 5-də Bakıya yola düşməsi ilə əlaqədar Hərbi nazir mənə bu vacib məntəqədə əks-kəşfiyyat işinin təşkilini tapşırmışdır. Elə bu məqsədlə mənim tərəfimdən yasavul Yusupov ezam olunur ki, xahiş edirəm etiraz etməyəsiniz. Gəncə şəhərində fəaliyyəti ifşa olunmuş casusluq cəhdi, açıq-aydın göstərir ki, casusluğun mərkəzi Bakıdadır. Onun fəaliyyəti təkcə qoşunlara deyil, həm də hökumətə qarşıdır. Bunlara görə də Hərbi idarə və DİN-in cinayət axtarışı şöbəsinin əks-kəşfiyyat işinin təşkili üçün birlikdə, mehribancasına işləməsi olduqca vacibdir. Bu yüksək dərəcəli məsul iş mənim tərəfimdən ancaq etibarlı şəxsə, müsəlman zabitinə tapşırılır. Təbii ki, bu işi bizə aydın düşmən olan rusa və erməniyə etibar etmək olmaz. Düşünürəm ki, Vətən üçün bu vacib işin daha yaxşı görülməsi üçün Siz də bu mövqedəsiniz. Bu iş respublikanın maraqları üçün həddən artıq etibar tələb edir ki, bunu da heç bir pulla ala bilməzsən. Əlavə edilir: Xanım Smıslovanın həbs edilməsi barədə qısa məlumat. Baş Qərargahın rəisi general-leytenant Sulkeviç”.
Məktubun sonunda general-mayor S.Ağabəyov tərəfindən 2 apreldə qeyd yazılmışdır. Görünür, məktub elə həmin gün çatmışdır. "Qubernatora şəxsən təklif etdim ki, yasavul Yusupova bu məsələdə yardım etsin və onun Bakıda fəaliyyətini axtarış polisinin rəisi ilə razılaşdırsın”.
Belə də oldu. Əks-kəşfiyyat işinin düzgün qurulması, kəşfiyyat və əks-kəşfiyyat bölməsinin əməkdaşı yasavul Yusupovun və DİN-in cinayət axtarışı şöbəsinin qarşılıqlı fəaliyyətləri sayəsində ilk milli Azərbaycan Ordusunun hərbi hissələri aprel ayının 5-də narahatçılıq olmadan Bakı şəhərinə daxil oldu.
Onu da qeyd etmək lazımdır ki, bölmənin fəaliyyətində bolşevizmlə mübarizə də əsas yerlərdən birini tuturdu. Həmin illər Azərbaycanda, xüsusən də Bakıda, Gəncədə bolşeviklər təbliğat aparır, dövlət əleyhinə çıxışlar edir və hərbi hissələrə girməyə cəhd göstərirdilər. Hərbi nazir bu barədə ölkə rəhbərliyinə yazırdı ki, Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir. Bolşevizmlə mübarizə ümumxalq işi olduğundan hərbi idarə onun öhdəsindən gələ bilməz. Hərbi nazirin narahatçılıqlarını başa düş-mək olar. Milli ordunun əsgərlərini və zabitlərini bolşevik təbliğatından qorumaq lazım idi. Bu səbəbdən bölmənin əməkdaşları bu istiqamətdə qarşıya qoyulan vəzifələri imkan daxilində icra etməyə çalışırdılar.
Gənc respublikanın ordu quruculuğu məsələləri axarına düşdükcə kəşfiyyat problemlərinə də xüsusi diqqət verilirdi. 2 aprel 1919-cu ildə Gəncə şəhərində Hərbi nazir general-leytenant S.Mehmandarovun Nazirlər Şurasının sədrinə məruzəsində kəşfiyyatın vəzifələri belə göstərilirdi: "Düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agentura yaratmaq, ölkənin daxilində casusluqla mübarizə aparmaq”.
Kəşfiyyatçılar bu istiqamətdə işlərini qurmağa çalışırdı. Baş Qərargahın, eləcə də kəşfiyyatçıların Xarici İşlər Nazirliyi ilə də geniş işgüzar əlaqələri vardı. Hərbiçilər Xarici İşlər Nazirliyinin diplomatiya şöbəsinin kargüzarlıq və şifrləmə bölməsinin əməkdaşlarına məxfi kargüzarlıq və şifrləmənin sirlərini öyrədirdilər. Əldə edilmiş əhəmiyyətli məlumatlar Xarici İşlər Nazirliyinə göndərilirdi. Diplomatlar da qonşu respublikalarda Azərbaycan diplomatik nümayəndəliyinin əməkdaşları vasitəsi ilə əldə etdikləri məlumatları "Tam məxfi” qrifi ilə Baş Qərargaha göndərirdi. Baş Qərargahı ən çox maraqlandıran məsələlər həmsərhəd dövlətlərin qoşunlarının cəmləşməsi, yer dəyişməsi, sayı, komanda heyəti, təchizatı, qidalanması, əhval-ruhiyyəsi, sanitar vəziyyəti və s. idi. Onlar məlumatları ayda bir-iki dəfə, fövqəladə olanları isə dərhal göndərməyi xahiş edirdilər. Nəticədə İrəvandan, Şimali Qafqazdan Xarici İşlər Nazirliyinə diplomatik missiyadan daxil olmuş onlarla əməliyyat əhəmiyyətli şifrteleqramlar həm də Hərbi nazirliyə ünvanlanırdı. Diplomatik missiyanın nümayəndələri tərəfindən Ermənistanda hərbi qüvvələrin vəziyyəti, sayı, səfərbərlik, ərzaq və silah təminatı, ingilislərin müsəlmanlara münasibəti, Böyük Vedi ətrafında azərbaycanlılarla ermənilər arasında baş verən toqquşmalar barədə Baş Qərargaha geniş məlumatlar göndərilmişdi. Arxivdə Azərbaycan kəşfiyyatçılarının döyüş bölgələrindən mərkəzə göndərilən siyasi və hərbi əhəmiyyəti olan məlumatları saxlanılır. Özü də bu məlumatlar "Şahzadə Məmməd” imzası ilə verilmişdir. Təbii ki, bu hansısa kəşfiyyatçının kod adı idi. "Bakıya. Qarsda səfərbərlik elan edilməyib. Ermənilərin əhval-ruhiyyəsi aşağıdır. Ermənilərin dava etməyə həvəsləri yoxdur. Müsəlmanlar özlərini əla hiss edirlər. Türklərlə əlaqə vardır. Üsyan yoxdur. Şəhərə müsəlmanları buraxmırlar. Şahzadə Məmməd”.
Daha bir Azərbaycan kəşfiyyatçısı Mullayevin Şimali Qafqazda yaranmış vəziyyətlə əlaqədar hazırladığı 5 səhifəlik arayış həm Baş Qərargahda, həm də Xarici İşlər Nazirliyində böyük diqqətə səbəb olmuşdu.
Hərbi nazirliyin Baş Qərargahının Tiflisdəki Azərbaycan diplomatik missiyasının hərbi attaşesi polkovnik Məmməd bəy Əliyevlə yazışmaları maraq kəsb edir. O, eyni zamanda, mərkəzdən verilən kəşfiyyat tapşırıqlarını da yerinə yetirirdi. Bunu onun Bakıya göndərdiyi onlarla məxfi xarakterli sənədlərdə də görmək olur.
Tiflisdən M.Əliyev Baş Qərargahın rəisi M.Sulkeviçin ünvanına göndərdiyi məlumatda göstərirdi ki, ayın 23-ü saat 4-də poruçik İvanov Tiflisə gəldi. 28-də Gəncə ilə, praporşik Mordvinovla danışdı. Elə həmin gün axşam Bakı istiqamətinə yola düşdü.
"31.03.1919-cu il. Tiflis, Azərbaycan diplomatik missiyasına, Əliyevə. Poruçik İvanov 29-da həbs edilmişdir. O, Tiflisdə Kərpiç döngəsi ev 13, ya da 14-də yaşayan öz rəisi kəşfiyyat bölməsinin rəisi podpolkovnik Dobrotinə məlumatlar ötürürdü. Müşahidəni davam etdirin. Sulkeviç”.
"2 aprel 1919-cu il, № 1302, Tiflis. İvanov Duşet küçəsi 24-də qaldı. İlk görüş... arvadının köməyi ilə Dobrotinin özü ilə oldu. İvanovla Dobrotinin münasibətlərini dəqiq aydınlaşdırmaq və mükafatın həcmini müəyyənləşdirmək lazımdır. Əliyev”.
Ermənistanda diplomatik missiyada hərbi attaşe olmadığından ermən qoşunları və s. barədə məlumatların toplanılması da Tiflisdəki hərbi attaşe polkovnik Məmməd bəy Əliyevə etibar edilmişdi. Ona Gürcüstanın Baş Qərargahı ilə birlikdə gizli kəşfiyyat təşkil etmək tapşırılmışdı. Əldə edilmiş materialların və Məmməd bəy Əliyevin fəaliyyətinin təhlili onun AXC-nin xaricdə fəaliyyət göstərən ilk kəşfiyyat zabiti olduğuna tam dəlalət edir.
Hərbi nazirin və Baş Qərargahın rəisinin Xarici İşlər Nazirliyinə daha bir məktubu diqqəti cəlb edir: "Bizim hökumət Ermənistanın Bakıda diplomatik missiyasında hərbi attaşe vəzifəsinin təsis edilməsi təklifini rədd etdi. Ancaq əldə edilmiş məlumatlara görə, bu missiyanın üzvlərinin çoxu zabitlərdən ibarətdir, onlardan birini isə "missiya qərargahının rəisi” adlandırırlar. Bunları de-məklə, Ermənistan XİN-in bu cür hərəkətinə qarşı hansı qərar qəbul edilməsi barədə məlumat verməyinizi xahiş edirəm”.
Ermənistanın Bakıda diplomatik missiyasının üzvlərinin əksəriyyətinin hər-biçilərdən təşkil edilməsi kəşfiyyat və əks-kəşfiyyat bölməsinin səyi nəticəsində öyrənilmişdi. Bu da beynəlxalq normalara zidd olduğundan Azərbaycan hökuməti Ermənistanın Bakıdakı diplomatik missiyasında hərbi attaşe vəzifəsinin təsis edilməsinə icazə vermirdi. Hərbi nazirliyin Baş Qərargahı da bu barədə Azərbaycan xarici siyasət idarəsindən məlumat istəyirdi.
Denikinin ordusunun 1919-cu ilin mayında Petrovsk və Dərbəndi tutmaları, Azərbaycan və Gürcüstanın sərhədlərinə tərəf irəliləməsi Bakıda vəziyyəti daha da kəskinləşdirmişdi. Yaranmış vəziyyətlə bağlı parlamentin fövqəladə iclasında Denikin təhlükəsinin qarşısının alınması üçün ciddi tədbirlər məqsədilə hökumətə konkret tapşırıqlar verildi və ölkə vətəndaşlarına mü-raciət edərək, hökumət ətrafında sıx birləşməyə çağırış edildi. Gürcüstanla təcili hərbi-müdafiə haqqında saziş imzalandı. Bağlanmış müqaviləyə əsasən tərəflərin birinin ərazi bütövlüyünə qəsd edildiyi halda, birgə müdafiə tədbirləri nəzərdə tutulmuşdu.
İyunun 9-da Azərbaycan hökuməti parlamentin tapşırığı əsasında dövlətin müdafiəsi ilə məşğul olacaq xüsusi yeni bir qurumun - Dövlət Müdafiə Komitəsinin (DMK) yaradılması barədə qərar qəbul etdi. DMK yaranmış vəziyyəti nəzərə alaraq, iyunun 11-də ölkədə hərbi vəziyyət elan etdi.
Ölkədə əks-kəşfiyyat funksiyasını yerinə yetirəcək müstəqil xüsusi xid¬mət orqanınının yaradılmasına böyük eh¬tiyac vardı. 1919-cu ilin iyun ayının 11-də Əksinqilabla Mübarizə Təşkilatı (ƏMT) yaradıldı. Polkovnik İrza bəy Hacıbəylinskinin rəhbərlik etdiyi kəşfiyyat qurumu Hərbi nazirliyin tərkibində saxlanıldı.
AXC-nin xüsusi xidmət orqanlarının ikinci mərhələsi, yəni Əksinqilabla Mü¬barizə Təşkilatının (ƏMT) fəaliyyəti 11 iyun 1919-cu ildən 06 mart 1920-ci ilədək olan dövrü əhatə edir.
ƏMT-yə əməkdaşların işə qəbulunda partiya prinsipi əsas götürülürdü. Belə ki, əməkdaşların üçdə ikisi «Müsavat», üçdə biri isə "Hümmət” partiyasından olmalı idi. Eyni zamanda, təşkilatın rəhbəri "Müsavat” dan, müavini isə "Hüm¬mət”dən təyin edilməsi nəzərdə tutulmuşdu. Sənədləşdirmə zamanı müsavatçıları cüt, hümmətçiləri tək rəqəmlə nömrələyirdilər.
"Müsavat” partiyasının, AXC parlamentinin və aqrar komissiyasının üzvü Məmmədbağır bəy Şeyxzamanov (11 iyun 1919-cu il – 20 avqust 1919-cu il) təşkilatın rəisi, "Hümmət” partiyasının üzvü Mirfəttah Musəvi (11 iyun 1919-cu il – 5 sentyabr 1919-cu il) isə rəis müavini vəzifəsinə təyin edilmişdi.
Aleksandr Qoberidze agentura (xəfiyyə), Lavrenti Beriya isə senzura şöbəsinin rəisi vəzifələrinə təyinat almışdılar. Bakıda 8 ərazi (rayon) bölməsi (Məmmədtağı Dadaşov, Seyfulla Əzimzadə, Məmməd Hacızadə, Qasım İsmayılov, Aleksandr Şengeliya, Qəmbər Tahirov, Əbdüləziz Tağıyev, İslam Əliyev) yaradılmışdı. Lənkəranda və Hacıqabulda təşkilatın nümayəndələri vardı.
Lakin Məmmədbağır bəy Şeyxzamanov ƏMT-yə çox az müddətə rəhbərlik etdi. Belə ki, o, həmin ilin avqustun 20-də öz ərizəsinə əsasən tutduğu vəzifəsindən azad edildi. O, parlamentin aqrar komissiyasında öz fəaliyyətini millət vəkili kimi davam etdirməyə başladı.
Elə həmin gün ƏMT-nin yeni rəisi, Məmmədbağır bəyin qardaşı Nağı bəy Şeyxzamanov (20 avqust 1919-cu il – 6 mart 1920-ci il) şəxsi heyətə təqdim edildi. 5 sentyabr 1919-cu ildə M.Musəvinin öldürülməsindən sonra, 15 no¬yabr-da rəis müavini vəzifəsinə Mahmud Səfikürdski (15 noyabr 1919-cu il – 6 mart 1920-ci il) təyin olundu.
Ümumiyyətlə, ƏMT-nin fəaliyyət göstərdiyi müddət təşkilatda dəyişən tərkibdə təxminən 120-dək əməkdaş işləmişdir. ƏMT-nin əməliyyat heyəti ştat vəzifələrinə görə, baş agent (baş əməliyyat müvəkkili) və agent (əməliyyat müvəkkili) vəzifələrindən ibarət idi. Burada əməkdaşlar arasında, azərbaycanlılarla yanaşı, türklər, ruslar, ukraynalılar, gürcülər və s. millətin nümayəndələri də işləyirdilər. Tanınmış mollanəsrəddinçi şair Əli Razi Şamçızadə də bu təşkilatda çalışırdı.
ƏMT fəaliyyətini "Azərbaycan Respublikası əks-kəşfiyyat xidməti vəzifəlilərinin hüquq və vəzifələri haqqında” 22 maddədən ibarət Əsasnaməyə uyğun olaraq qurmuşdu.
Təşkilat Hərbi nazirliyin kəşfiyyat bölməsi ilə sıx əlaqə saxlayır, mütəmadi olaraq informasiya mübadiləsi aparırdılar. Əks-kəşfiyyatçılarla Baş Qərargahın kəşfiyyat bölməsinin əməkdaşlığını sübut edən onlarla arxiv sənədləri mövcuddur. "Mənə etibar edilmiş idarədə əks-kəşfiyyat bölməsinin olmadığını nəzərə alaraq, Sizdən xahiş edirəm ki, hərbi xarakterli bütün məlumatları mənə göndərəsiniz”. Yaxud, "Əks-kəşfiyyatın rəisinə, təcili. Xahiş edirəm, yaranmış zərurəti nəzərə alaraq erməni dilini bilən tərcüməçi göndərəsiniz. Baş Qərargah”.
ƏMT erməni və Denikin casuslarına qarşı qətiyyətli mübarizə aparmağa çalışırdı. Bolşeviklərə qarşı mübarizə isə o qədər də effektli aparılmırdı. Bir çox hallarda bolşevik ƏMT-çilər açıq və ya gizli şəkildə hazırlanmış əməliyyat tədbirlərini pozurdular. Onlar Azərbaycanı Sovet Rusiyasız təsəvvür etmirdilər. Təbii ki, belə tipli xidmətlərdə partiya prinsipləri ilə işləmək ölkənin milli maraqlarına zidd idi. Elə bu məqsədlə 12 oktyabr 1919-cu ildə Hərbi nazir S.Mehmandarov hərbi əks-kəşfiyyatın təsisi məsələsi ilə bağlı DMK-ya məruzə təqdim etmişdi. Həmin məruzədə ƏMT-ni ləğv etməklə hərbi əks-kəşfiyyat təşkilatı təsis etmək və ya DİN-in yanında mərkəzi cinayət axtarışı şöbəsi yaratmaq, xarici kəşfiyyatın yenə də Hərbi nazirliyin tərkibində qalması məsələləri təklif olunurdu.
Bu məruzəsi əsasında xeyli dəyişikliklər edilmiş, lakin ƏMT ləğv edilməmiş, o, digər qurumlarla birlikdə 26 oktyabr 1919-cu ildə Bakı Möhkəmləndirilmiş Rayonunun rəisi general-mayor Murat Tlexasın tabeçiliyinə verilmişdir. Yalnız bundan sonra ƏMT-nin fəaliyyətində irəliləyiş baş vermiş, hətta namizədlər partiya prinsipinə görə deyil, şəxsi keyfiyyətlərinə və AXC vəzifəlilərinin təqdimatlarına əsasən qəbul edilməyə başlanılmışdır.
Arxiv sənədləri arasında təşkilatın çoxlu sayda keçirdiyi əməliyyat tədbirləri barədə məlumatlar saxlanılır. ƏMT-nin həbs etdiyi Denikin casusu yüzbaşı Starkov Azərbaycan Baş Qərargahına məxsus qiy¬mətli sənədlər toplaya bilmişdi. O, izahatında göstərirdi ki, bu sənədi Hərbi nazir S.Mehmandarovun nəvəsinin dayəsi vasitəsi ilə ələ keçirmişdir. ƏMT əməkdaşları məlumatı araşdırmış və öyrənmişlər ki, sənədlər başqa yolla ələ keçirilmişdir. Starkov izi itirmək üçün bu məsələni uydurmuşdu.
Erməni casuslarına qarşı aparılmış əməliyyat işlərindən biri isə erməni diplomatının Azərbaycandan çıxarılması ilə nəticələnmişdir. Əməliyyat işçiləri tərəfindən Bakı-1 stansiyasında S.Balasanyants adlı erməni saxlanılır. Onun üzərindən denikinçi polkovnik Zdanovskinin verdiyi vəsiqə və Bakıda erməni diplomatik missiyasının informasiya şöbəsinin müdirinin köməkçisi A. Sarkisovun Denikin ordusunda olan erməni əsgərlərinin, həmçinin döyüş sursatları və silahların Ermənistana göndərilməsi üçün icazənin alınması barədə yazdığı məktub tapılmışdı. A. Sarkisovdan da izahat alınmış, hadisə barədə general-mayor Tlexas və DİN rəhbərliyi məlumatlandırılmışdır. Nəticədə erməni dip-lomat respublikadan çıxarılır.
Mart ayının 6-da Nazirlər Şurasının iclasında daxili işlər nazirinin çıxışı dinlənilmiş və ƏMT-nin ləğv olunması barədə qərar qəbul edilmişdir.
AXC-nin xüsusi xidmət orqanlarının üçüncü mərhələsi, yəni İnformasiya şöbəsinin fəaliyyəti 12 mart 1920-ci ildən - 28 aprel 1920-ci ilədək olan dövrü əhatə edir. ƏMT-nin ləğv edilməsindən sonra onun əməliyyat təsərrüfatı Bakı general qubernatorluğunun tərkibində yaradılmış İnformasiya şöbəsinə təhvil verilmişdir.
İnformasiya Şöbəsinə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş və sonuncu iş yeri Qarabağ general-qubernatorluğunda məsləhətçi olan Ələkbər xan Şahsuvarov təyin edilmişdi. Rəisin köməkçiləri vəzifələrinə Həsən bəy Fətəlibəyov (bir həftə bu vəzifədə çalışmışdı) və keçmiş türk ordusunun polkovniki Cəmil bəy (həm də xüsusi tapşırıqlar üzrə məmur) təyinat almışdılar. Şöbənin fəaliyyət göstərdiyi müddətdə yalnız 13 nəfər əməkdaşının adı və ya soyadını müəyyənləşdirmək mümkün olmuşdur.
Arxivdə saxlanılan istintaq materiallarından da məlum olur ki, İnformasiya şöbəsinin rəisi Ələkbər xan Şahsuvarov fəaliyyətinin ilk günlərindən artıq yaxınlaşmaqda olan bolşevik təhlükəsinə qarşı yorulmadan mübarizə aparmışdır. Onun şəxsən rəhbərliyi altında 3 uğurlu əməliyyat tədbirinin keçirilməsi barədə sənədlər mövcuddur. Əməliyyatların birində həmin dövrlər Bakıda gizli fəaliyyət göstərən məşhur bolşevik Çurayevin müəyyənləşdirilərək həbsinə nail olunmuşdur.
İnformasiya şöbəsi fəaliyyətini 28 aprel 1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğalı nəticəsində dayandırmağa məcbur oldu.
AXC-nin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında Azərbaycan parlamentinin Mühafizə Dəstəsi də özünəməxsus yer tutur. Bu məqsədlə də Azərbaycan parlamentinin, onun rəhbərlərinin və digər dövlət əhəmiyyətli obyektlərin mühafizəsinin təşkili üçün 18 fevral 1919-cu ildə Azərbaycan parlamentinin 15-ci iclasında «Azərbaycan parlamentinin Mühafizə Dəstəsinin yaradılması haqqında» Qanun qəbul edilmişdir. Qanunda göstərilirdi: 1. Parlamentin 200 nəfərlik Mühafizə Dəstəsi təsis edilsin. 2. Mühafizə Dəstəsi parlamentin Rəyasət Heyətinə tabe edilsin. 3. Mühafizə Dəstəsi parlamentin Rəyasət Heyəti tərəfindən formalaşdırılsın. 4. Parlamentin Mühafizə Dəstəsinin saxlanılması üçün dövlət xəzinəsindən 2. 200.000 rubl məbləğində vəsait ayrılsın.
Eyni zamanda, xüsusi və vacib əhəmiyyətli tapşırıqların icrası daha çox Mühafizə Dəstəsinin şəxsi heyətinə etibar olunurdu.
Parlamentin Mühafizə Dəstəsinin rəisi vəzifəsinə podpolkovnik Nağı bəy Əliyev təyin edilmişdi. Nağı bəy Əliyev əvvəllər 1-ci tatar alayında rotmistr rütbəsində xidmət etmişdi. Dəstənin şəxsi heyəti Qarabağda aparılan döyüşlərdə də ləyaqətlə iştirak etmişlər. Belə məlumatlar xüsusən general-mayor Həbib bəy Səlimovun Hərbi nazirliyin Baş Qərargahına göndərdiyi raportlarda öz əksini daha aydın göstərir.
Ölkənin işğalı nəticəsində digər qurumlar kimi xüsusi xidmət və təhlükəsizlik orqanlarının əməkdaşları da təzyiqlərə məruz qaldılar. 28 mart 1919-cu ildən 11 iyun 1919-cu ilədək Hərbi Nazirliyin Baş Qərargahının Baş İdarəsinin general-kvartirmeyster şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin ilk rəisi vəzifəsində çalışmış Əfrasiyab bəy Ağalarov barədə arxivdə belə bir sənədə rast gəldik. Sənəd (əslində kart) 1952-ci ildə Azərbaycan SSR DİN-in arxiv şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmişdir. Əfrasiyab bəy Ağalarov ağqvardiyaçılarla əlaqədə olduğu üçün güllələnmişdir. Başqa heç bir məlumat yoxdur. Təbii ki, Qafqazda olan ağqvardiyaçılar 1920-ci illərdə milli respublikalar müstəqillik əldə etdikdən sonra bolşeviklər tərəfindən onların bir qismi məhv edilmiş, bir qismi isə sürgünə göndərilmişdir. Sonralar fəaliyyətini Baş Qərargahda xüsusi tapşırıqlar üzrə zabit vəzifəsində davam etdirmiş stabs-rotmistr (qərargah kapitanı) Əfrasiyab bəyin də 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğalının ilk ay-larında güllələndiyini ehtimal etmək olar.
ƏMT-nin qurulmasında müstəsna əməyi və təşkilatın ilk rəisi olan Məmmədbağır bəy Şeyxzamanov işğalın ilk günlərində güllələndi. Məmmədbağır bəydən sonra ƏMT-yə rəhbərlik etmiş Nağı bəy Şeyxzamanov və onun müavini Mahmud Səfikürdski Türkiyəyə mühacirət etdilər. İnformasiya Şöbəsinin rəisi Ələkbər xan Şahsuvarov 28 apreldə həbs edildi, 13 may 1920-ci ildə Qızıl Ordunun Xüsusi şöbəsinin əməkdaşları tərəfindən güllələnmişdir.
ƏMT-nin Balaxanı-Sabunçu rayon bölməsinin rəisi Məmmədtağı Dadaşov bir neçə dəfə həbs olunmuşdur. Sonuncu dəfə 10 il müddətinə azadlıqdan məhrum etdilmişdir. Şair Əli Razi Şamçızadə də ƏMT-nin şəxsi heyəti sıralarında özünəməxsus yer tuturdu. Sovet cəza maşını onu 1937-ci ildə haqlayıb güllələmişdir.
Polkovnik Məmməd bəy Əliyev bir neçə dəfə həbs olunmuşdur. Sonuncu dəfə 1937-ci ildə həbs olunmuş, 1 il 9 aydan sonra azad edilmişdir. ƏMT-nin əməkdaşları Mirzəbaba Sadıqova, İbrahim Rzayevə 10 il və Hüseynqulu Hü-seynova 3 il həbs cəzası verilmişdir. Müslüm Yusifxanov həbsxanada dünyasını dəyişmişdir.
Hərbi nazirlikdə kəşfiyyat bölməsinə rəhbərlik etmiş polkovnik İrza bəy Hacıbəylinski 1938-ci ildə güllələnmişdir.
Göründüyü kimi, AXC-nin xüsusi xidmət və təhlükəsizlik orqanlarında çalışmış fədakar insanlar az müddət ərzində böyük işlər görə bilmişdilər. Bəzən adama elə gəlir ki, belə spesifik sahədə işləyənlərin peşə təcrübəsi olmasa tapşırılan işin öhdəsindən gələ bilməzlər. Lakin AXC-nin xüsusi xidmət və təhlükəsizlik orqanlarında çalışmış fədakar insanların fəaliyyəti göstərdi ki, əsas məsələ Vətənə, Xalqa, Dövlətə, müstəqilliyə sevgidir, sadiqlikdir.