Azərbaycanın Xalq şairi, mərhum söz ustadı Osman Sarıvəllinin həyatda qalan yeganə övladı da vəfat edib.
Şairin Türkiyədə yaşayan oğlu, fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov dünyasını dəyişib. Onun nəşi ata yurdu olan Qazax rayonuna gətirilib. B. Qurbanov uzun illər Türkiyənin Qaziantep Universitetində elmi fəaliyyətlə məşğul olub.
Qeyd edək ki, mərhum professor ölkəyə sonuncu səfəri zamanı redaksiyamızı ziyarət edərək "Şərq”in qonağı olmuşdu. Jurnalist Şöhrət Səlimbəyli ilə birlikdə redaksiyamıza təşrif buyuran B. Qurbanov baş redaktorumuz Akif Aşırlının iştirakı ilə baş tutan söhbət zamanı Osman Sarıvəlli şəxsiyyəti və yaradıcılığı haqqında maraqlı faktlar açıqlayıb.
Atasının yaradıcılığına qarşı biganəlikdən gileylənən B. Qurbanov atasının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı arzularını da "Şərq” vasitəsilə dilə gətirmişdi.
Qeyd edək ki, Osman Sarıvəlli Azərbaycan poeziyasının inkişafında misilsiz xidmətləri olan, canlı xalq dilini dəyərə mindirən şairlərdən olub.
O, 1930-cu illərdən yaradıcılığa başlayıb. O, ilk şeir kitablarından ta ömrünün axırınadək yaradıcılığında dövrün, zamanın bütün mövzularına dair öz sözünü demiş xəlqi şair kimi yaddaşlarda yaşayır.
Yurdumuzun gözəllikləri, folklorumuzun müdriklikləri, klassik poeziyamızın incəlikləri Osman Sarıvəlli yaradıcılığının mənəvi qidasına çevrilib. O, böyük şair olmaqla yanaşı, həm də qüdrətli tərcüməçi olub.
Folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində əvəzsiz xidmətlər göstərib. Onun qoşmaları bu gün Azərbaycan aşıqlarının ən çox sevdiyi, oxuduğu mahnılara çevrilib. "Gətir, oğlum, gətir” poeması, bir çox qoşma və gəraylıları Azərbaycan ədəbi məclislərində və şənliklərində hər gün səslənən və sevilən əsərlərdəndir. "Hər kəs yüz il yaşamasa” gəraylısı isə Azərbaycan xalqının dilinin əzbəri olan şeirdir.
Amma nə yazıq ki o, "Hər kim yüz il yaşamasa, günah onun özündədir” - desə də, yüz il yaşamaq heç özünə də qismət olmadı.
Babək Qurbanovun Osman Sarıvəlli haqqında ürəkdolusu danışdığı xatirələrə, onun yaradıcılığına qarşı biganəlikdən keçirdiyi təəssüf hisslərinə keçməzdən əvvəl məlumat üçün bildirək ki, uzun illərdir Türkiyədə yaşayan B.Qurbanov Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasının professorudur. 2008-ci ilə qədər Ərzurumda yaşadığını vurğulayan Babək müəllim deyib ki, Qaziantepə dəvət almasının da əsas səbəbi burada çalışan insanların elmi müdafiə işindən xəbərsiz olmaları və təhsilin inkişafı üçün professorlara ehtiyac duyulması olub:
"Təvazökarlıqdan uzaq olsa da deyim, mən Qaziantep Universitetinin dəvətini qəbul etdikdən sonra Azərbaycan Milli Musiqi Akademiyasının birgə əməkdaşlığına nail oldum və bu əməkdaşlıq nəticəsində Qaziantep Universitetinin üç əməkdaşı bizim Akademiyada elmi işini müdafiə elədi”.

Əvvəla, Osman Sarıvəlli şəxsiyyətini xarakterizə edən Babək Qurbanov hər şeydən əvvəl atasının xaraktercə çox ciddi biri olduğunu deyib: "Elə bilirəm ki, bu ciddilik bir az da onun 2-ci Dünya müharibəsində iştirakı ilə bağlıydı. Hərdən elə düşünürəm ki, atamın İsmayıl əmi (Şıxlı) ilə yaxın dost olmasına da səbəb, məhz onların savaş yolunu birlikdə keçmələri olub. Atam heç vaxt özünü gözə soxan adam olmayıb. Onu tanıyanlar da bilir ki, Osman Sarıvəlli ləyaqətli bir ömür yaşadı. Ağır illər, çətin sınaqlar onun iradəsini qıra bilmədi. Elinin, obasının, torpağının qarşısında bir insan, bir şair, bir vətəndaş kimi həmişə alnıaçıq gəzib dolaşdı. Dünyaya həmişə könlünün gözü ilə baxardı. Ömrümdə bir dəfə də olsa, atamın dilindən qeybət eşitmədim, kiminsə bostanına daş atdığının şahidi olmadım. Əli halal, dili halal, qələmi halal bir ömür yaşadı, bizi də o cür tərbiyə etdi. Atam çox müdrik insan idi. Yurduna, doğma torpağına da çox bağlı idi. Həm də xeyirxah biri idi. İmkanı çatan qədər hamıya kömək əlini uzatmağa çalışırdı. Universitetdə oxuyan tələbələrə nə qədər dəstək olub. Bütün bunların hamısı mənim gözümün qabağında olub.
- Ölümünə yaxın nə düşünürdü?
- Bilirsiniz ki, atam 1990-cı ildə dünyasını dəyişib. Həmin ildə isə Azərbaycanda qanlı-qadalı günlər yaşanırdı. Rus qoşunları Bakıda idi. Həmin vaxtlar da atamın səhhətində problemlər vardı və şəhərdə tək gəzə bilmirdi. Bizdən onu bulvara aparmağımızı istəyirdi. Biz nə qədər ona şəhərə çıxmağın təhlükəli olduğunu izah eləsək də, atam baş verən qanlı hadisələri qəbul eləmək istəmirdi. Bir də atam Səməd Vurğundan danışmağı çox sevirdi. Hətta deyərdim ki, Səməd əminin vaxtsız ölümü onu çox kədərləndirmişdi. Hər zaman onun haqqında böyük həsrətlə danışardı. Şeirlərini oxuyardı. İndi görürəm ki, bəzi şəxslər Səməd Vurğun haqqında xoşagəlməz sözlər danışırlar. Bütün bunlar da məni çox məyus edir. Hesab edirəm ki, Səməd Vurğun ən yüksək münasibətə layiq şəxsiyyətlərdəndir.
- Deməli, Vurğunun ünvanına deyilən ittihamlarla tanışsınız?
- Əlbəttə, həmin yazıları sadəcə ürək ağrısı ilə oxuyuram. Səməd Vurğun Azərbaycan ədəbiyyatının incilərindən biridir. Azərbaycan dilinin bütün yükünü çiyinlərində daşımış, ömrü boyu ədəbiyyatımızın inkişafı, dilimizin zənginləşməsi yolunda çalışan birinin ünvanına bu cür sözlər demək insanlıqdan kənardır. Bunu edənlər şəxsiyyəti, səviyyəsi, dünya görüşü olmayan, xalqının böyük və kiçiyini dəyərləndirməyi bacarmayan adamlardı. Azərbaycan xalqı və ədəbiyyatının başucalığı, dilimizin memarı Səməd Vurğun haqqında yazmaq böyük məsuliyyət tələb edir. Kim haqda, harda və necə fikir söyləməyi bilmək lazımdı. İnsan danışdığının fərqində olmalıdır. Səməd Vurğun haqqında danışanların isə nə Azərbaycan ədəbiyyatından, nə də tarixindən xəbəri var. "Vaqif” dramına görə, Səməd Vurğunu tənqid edənlər anlamırlar ki, ədəbiyyatda əks olunanlar tarixdə öz əksini tapmaq məcburiyyətində deyil. Əsərin dilinə, məzmununa, ideyasına fikir vermək lazımdır. Sərbəst şeir yazıram deyib, ağıllarına gələni kağıza köçürənlər Səməd Vurğun kimi bir dühanı bəyənmirlər. Zəlimxan Yaqub kimi bir şair belə Səməd Vurğun yaradıcılığı qarşısında baş əyirdi, yazdıqları şeirləri belə üzündən oxuya bilməyənlər isə Vurğun şəxsiyyətinə söz atır.

- Zəlimxan Yaqubdan söz düşmüşkən şairin ölümünü necə qarşıladınız?
- Sözün açığı, həmin günlərdə xəstə olduğum üçün şairin dəfnində iştirak edə bilmədim. Və buna görə də özümü heç bağışlaya bilmirəm. Zəlimxanın şəxsiyyətinə və yaradıcılığına çox böyük hörmətim vardı. Hətta deyərdim ki, Osman Sarıvəlli yaradıcılığının tək təbliğatçısı o idi. Onun ölümü məni çox məyus etdi. Yasına da gələ bilmədiyim üçün özümü onun ruhu qarşısında günahkar hiss edirəm. Az da olsa, vicdanımı rahatlatmaq üçün Azərbaycana gələn kimi şairin məzarını ziyarət etdim.
- Sanki atanıza qarşı münasibətdən narazısınız. Bunun səbəbi Osman Sarıvəllinin adının əbədiləşdirilməməsidir?
- Təbii ki, övladı olaraq atama layiq olduğu qiymətin verilməməsi məni narahat etməyə bilməz. Sadəcə atam olduğu üçün demirəm. XX əsr Azərbaycan poeziyasının mənzərəsini göz önünə gətirəndə Osman Sarıvəllinin adını anmadan keçmək olmur. Səməd Vurğun, Mirzə İbrahimov, Süleyman Rüstəm kimi şairlərlə bir sırada onun da poeziyamızın inkişafında, şeirimizin yenilik ruhu ilə aşılanmasında xidmətləri az olmayıb. Amma nədənsə, Osman Sarıvəllinin keçdiyi ömür yolu, bir şair kimi zəngin yaradıcılığı tədqiqat əsərlərində, elmi araşdırmalarda layiqincə əks olunmur. Axı atam Azərbaycan ədəbiyyatına, şeirinə bu gün sosial pilləkəndə ön sırada duran insanlardan az töhfə verməyib. O hər zaman özünəməxsus üslubu ilə seçilib. Onun şeir dili o qədər saf, təmiz idi ki, onun yaradıcılığından xalq şeirinin ruhu duyulurdu. Osman Sarıvəlli xalq yaradıcılığının təbliği, aşıq sənətinin tədqiqi ilə yanaşı, tərcüməçiliklə də məşğul olub, Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Sergeyeviç Puşkinin əsərlərini, Sofoklun "Antiqona” faciəsini dilimizə çevirib.
Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir.
Atamın şeirləri latın qrafikasına tərcümə olunaraq "seçilmiş əsərlər” adı altında cildlənməyib. Sadəcə balaca bir kitabda onun bir irsinin cüzi bir hissəsi çap olunub. Heç yaşadığı küçəyə belə adını vermədilər. Həmin küçə indi İslam Səfərlinin adını daşıyır. Halbuki, o qədər boş küçələr vardı ki, həmin küçələrdən birinə İslam Səfərlinin adını verə bilərdilər. Hamı bilirdi ki, Osman Sarıvəlli uzun illər o küçədə yaşayıb, çox böyük hörmət-izzət sahibi olub. Xatirəsini yad etmək məqsədi ilə nə bir heykəli ucaldılıb, nə də adına bir muzey açılıb. Sadəcə balaca bir büstü var. Sanki kimlərsə onun yaradıcılığına kölgə salmağa çalışır. Əvəzində isə hərə özününkünü irəli çəkir. Osman Sarıvəlli yaradıcılığının ictimai səviyyədə təbliğatını aparmaq, əsərlərini yeni əlifbada cild-cild çap etdirmək isə övladı olaraq mənim imkanlarım xaricindədir. Önümdəki əngəllər divar kimi o qədər sərtdir ki, yarıb keçə bilmirəm.
- Bəs, siz bu günə qədər bu biganəliyin aradan qaldırılması üçün müvafiq qurumlara müraciət etməmisiniz?
- Mən kiməsə müraciət etməyi sevmirəm. Xarakterimdə yoxdur. Bu da gendən gəlir. Yuxarıda qeyd etdim ki, atam çox gözü tox adam idi və övladlarını da o cür tərbiyə etmişdi. Axı Osman Sarıvəlli, sadəcə mənim atam olmayıb. O öz el-obası üçün can yandıran biri olub. Hesab edirəm ki, dövlət özü onun yaradıcılığı ilə maraqlanmalı, onun irsini yaşatmalıdır.
- Siz də şeir yazırsınız?
- Çox az hallarda. Ancaq yazmağa ehtiyac duyanda əlimə qələm alıb, nəsə qaralayıram. O vaxtları rəhmətlik qardaşım Rafiq şeir yazırdı və ədəbiyyata da maraqlı idi. Amma atam istəmirdi övladlarından hansısa ədəbiyyat adamı olsun. Həmişə deyirdi ki, bir evdə də bir "dəli” olar.
- Bəs nəvələrdən necə, yazan var?
- Yox. Nə mənim, nə də Rafiqin övladları yazmır. Ədəbiyyatdan tamamilə uzaq sahələrdədilər. Mənim bir oğlum var, hazırda Moskvada yaşayır. Qardaşımın uşaqları isə Amerikadadılar.
Hazırladı: Şəymən