Dəniz Tacəddin: «Ağıllı qadının yanında dar düşüncəli insan olanda, bu, qadını soldurur»

Təsəvvür edin ki, bir evdə iki sənət adamı olsun. İşdən gəlirsən evə, yenə eyni söhbətlər olacaq, bu səni yorar. Sən başqa bir sahədən olan insanla ailə quranda danışmağa daha çox mövzu olur










(Müsahibənin davamı)

- İndi səhnədə, incəsənət aləmində olan gənc, gözəl xanımlara təkliflər gəlir? Sənə də gəlibmi? Yəni sponsor təklifi və ya… başqa təklif?

- Əvvəla, bu, insanın özündən asılıdı. Şəxsən mənə belə təklif gəlməyib. Birinci mərhələdə sən buna imkan yaratsan, bu təkliflərin ardı gələcək. Yox əgər sən buna şərait yaratmasan, təbii ki, bu, ünvanına çatacaq. Və heç kim sənə cəsarət edib o çirkin təklifi ünvanlaya bilməz. Mən hazırda çəkiliş meydançasında əks-cinsin nümayəndələri ilə daha çox ünsiyyətdə oluram. Onların hamısı mənim qardaşlarımdı.

- Amma onlar arasında səni qadın kimi görənlər də var. Səni efirdən görüb o təklifi sənə də edə bilərlər. Çünki bu aləmdə belə hallar adidi.

- O mənada? Mən heç bir zaman klublara getmirəm. Gecə həyatım yoxdu. Mənə qadağa yoxdu. İstədiyim vaxt istədiyim dostlarımla o klublara gedə bilərəm. Amma mən bunu sevmirəm.

- Bəzən ətrafımızdakı insanların da təsiri olur həyatımıza. Ehtiyat edirsən?

- Yox qətiyyən. Düzdü, ətraf mühit insana təsir edə bilir. Amma mənim öz ağlım var. Yenə deyirəm, valideynlərim də mənə heç vaxt qadağa qoymayıblar ki, getmə. Valideynlərim mənə məsləhət verə bilərlər ki, sənə yaraşmaz. Getməsən, daha yaxşıdı. Amma qətiyyətli şəkildə getmə deməzlər. Mən əgər desəm ki, yox, mən bunu istəyirəm və ora getməyi düşünürəm, mənə qadağa qoyulmaz. Bilirsiz, mənimçün valideynlərimin fikri çox önəmlidir. Hər hansı hərəkət edəndə ilk növbədə Allahımı, sonra valideynlərimi düşünürəm. İstəmirəm onların adına xələl gəlsin.


Anası Şahirə Tacəddin:



Bir gün bir xanım Dənizlə bağlı mənə maraqlı bir sual verdi. Sizin deyəsən, Dənizlə heç vaxt heç bir probleminiz olmayıb? Bu sual Dənizi mənim gözümdə daha da ucaltdı. Çünki həqiqətən də Dəniz bir övlad kimi ailəsinin üzünün ağlığıdır. Düşünməyin ki, övladım olduğu üçün onu tərifləyirəm. Tək övlad olmasına baxmayaraq Dəniz ailədə çətin tələb-tərbiyə ilə böyüyüb. Çünki ərköyünlük çox zaman övladların həyatının çətin sonluqla nəticələnməsinə gətirib çıxarır. Amma burda Dənizin gördüyünüz kimi insan olmasına birinci səbəbi yalansız, intriqasız bir ailədə, haqqın, ədalətin dəstəkləndiyi bir mühitdə böyüməsidir. Halallıq mənəviyyat və haqq kimi anlayışların yəqin ki, Dənizin devizi olduğundan xəbəriniz var. Dənizin valideynləri ilə çox səmimi münasibəti var. Və həmişə hər şeyi birinci bizimlə bölüşüb məsləhətləşir. Onun üçün bizim fikrimiz və seçimimiz hər şeydən vacibdir. Bu da bizi çox sevindirir. Amma fikirlərimiz üst-üstə düşməyə bilər. Və bu da bizim üçün normal haldır. Bu zaman biz ona sadəcə öz fikrimizi bildirərək, fikrinə hörmətlə yanaşırıq. Dənizin mədəniyyət sahəsində inkişafına isə, mən xüsusi həssaslıqla yanaşıram. Uşaqlığından çəkilən zaman Dənizə mənim ən böyük məsləhətim bu olub ki, necə ki, həyatda, eləcə də ekranda və ya səhnədə tamaşaçını aldatmaq olmaz. Hər bir kəlməni dərk edərək, inanıb oynamalısan və buna tamaşaçını inandırmalısan. Yəni obrazı o qədər qanına hopdurmalısan ki, səmimi xarakter yaradasan. Mən Dənizin xasiyyətindən və istedadından çıxış edərək, demək istəyirəm ki, mən onun parlaq gələcəyinə böyük ümid bəsləyirəm və qarşısına qoyduğu məqsədlərinə çatacağına əminəm. Mən hamıya Dəniz kimi övlad arzulayardım. Tam səmimi!


(Dəniz Tacəddinlə söhbətimiz davam edir)

- Məqsədin nədi həyatda?
- Həyatda tam yerimi tapmaq. Mən valideynlərin hesabına dəbdəbəli həyat sürən, nə bilim, ev alan, maşın sahibi olan insanları başa düşmürəm. İnsan öz gücünə nəyəsə nail olmalıdı. Düzdü, ev almaq bu gün asan deyil. Hardasa gəncləri qınamıram. Amma insan nələrəsə özü nail olmalıdı. Mən həyatda özümü sübut etmək istəyirəm. Öz zəhmətimlə nəyəsə nail olmağa çalışıram. Qoy mənim anam, atam fəxr etsin ki, mənim qızım var, amma o, oğlan qədər güclüdür. Özünü təmin edəcək qədər ağıllı və cəsarətlidir. Mən havayı ev istəmirəm. Bəziləri deyir böyük pulu zəhmətlə əldə etmək mümkün deyil. Mən bununla razı deyiləm. İnsan özünə əmindisə, istəyinə nail ola bilər. Misal üçün, mən qazancımı ora-bura xərcləmirəm. Bəziləri əlində olanı dağıdır, mən isə qənaət edirəm. Pulu tez dağıdan deyiləm. Mağazalarda pulu necə gəldi paltara xərcləmirəm. Bir insan məni geyimimə, əynimdəki brendə görə dəyər verirsə, mənə o insanla münasibət lazım deyil. Qoy mənə insani keyfiyyətlərimə, xasiyyətimə, daxili dünyama görə dəyər versinlər.
- Hər insanı dünyana yaxın buraxmırsan sanki…
- Mənim dünyama girən adam sabah məni o dünyamda vurmaq məqsədi də daşıya bilər. Ona görə öz dünyama sərhəd qoymuşam. Ora baxmaq belə bəzən mümkün deyil.
- Onda özünü sığortalamış olursan.
- Bəlkə də. Çünki mən insanlardan hər şeyi gözləyirəm.
- İnsanlara bu qədər inamsızlıq nədən yaranıb?

- Görürəm də, ətrafımda olan insanlara qarşı haqsızlıqları. İmkan vermirəm ki, mənə qarşı olsun bu haqsızlıq. Çox şükür Allaha ki, mən o baxımdan xoşbəxtəm ki, dəyərli dostlarım var.

- Dostların arasında əks-cinsin nümayəndəsi var ki, onunla rahatlıqla hardasa oturub söhbət edəsən, sirlərini, hisslərini bölüşəsən?

- Dostlarım var. Əslində mən onlara qardaş deyirdim. Amma yenə bu qədər səmimi söhbət edəcək əks-cinsin nümayəndəsi yoxdu. Mən heç bir əks-cinsin nümayəndəsi olan dostumla təklikdə gedib hardasa oturmuram, söhbət etmirəm. Olur ki, bir neçə dost bir araya gəlib otura bilərik. Amma tək oturub ünsiyyət qurduğum, rahatlıqla fikirlərimi bölüşdüyüm kişi dostum yoxdu.

- Nədən ehtiyat edirsən? Tanınmış olduğun üçün, ya başqa səbəblər də var?

- (Qəribə bir baxışla - üzündə xoş bir ifadə yaranır)

Həm bu var. Yəni tanınmış olmaq məndə bir qədər də məsuliyyət yaradır. İstəmirəm haqqımda yanlış təəssürat yaransın. Bilirsiz, mən sizinlə bu gün çox səmimi söhbət edirəm. Və həyatımdan danışırıq. Bir başqası ilə bu söhbəti edə bilmərəm. Çünki əks-cinsin nümayəndəsi məni düz başa düşməyə bilər, bunu başqa şəkildə başa düşə bilər. O insanda mənə qarşı hansısa hisslər oyana bilər. Bu da mənə pis təsir edər. Yəni heç kimin ürəyini qırmağı sevmirəm. Amma bəzən qadınla əks-cinsin söhbətinin sonunda kişinin ona qarşı hansısa hissi oyanır. Mən bunları yaşamaq istəmirəm.

- Sosial şəbəkədən istifadə edirsən. Sənə fikirlərini, sevgilərini bildirənlər də olur yəqin.

- Olur. Pərəstişkar kimi yazanlar da var. «Sizə baxırıq, izləyirik», filan… Amma belə, çox insanı özümə yaxın buraxmıram.

- Vallah, elə danışdın, sanki sənə sevgisini bildirən heç olmayıb?

- (Səmimi bir şəkildə gülərək) Olub. Niyə olmayıb ki? Onlar o insanlardı ki, məni tanıyıblar. Az-çox eyni «kruq»dan olmuşuq, az-çox münasibətim olan insanlardı. Yəni mənimlə əlaqə yaratmaq imkanı olanlar olub ki, hisslərini də açıqlayıblar. Hərdən sosial şəbəkədə biri salam yazır. Cavab yazırsan. Əvvəl sənətindən danışır. Ertəsi gün artıq sənə eşq elan edir. Dərhal silirəm onları. Mən çox vaxt ünsiyyət yaratmağa imkan vermirəm.

- Ünsiyyət çoxaldıqca, birinə bağlanmağa başlayırsan. Bəzən istəmədən, fərqində olmadan da birinə bağlana bilərsən.

- Razıyam. Mən ondan qorxuram. Daha doğrusu, ehtiyat edirəm ki, fikrimdə tutduğum həyatı yaşaya bilmərəm. Birinə bağlanaram. Və o mənə məhdudiyyətlər qoya bilər. Mən o xəyallarımdan uzaqlaşa bilərəm. Bu insan mənə qadağalar qoyar və mənim özümü şəxsiyyət kimi sübut etməyimə icazə verməz.

- Bundan ehtiyat edirsən, ya sadəcə hələ o ünsiyyətə, sevgi münasibətinə hazır deyilsən?

- Həm ehtiyat edirəm, düzünü desəm. Həm də hələki özümü hazır hesab etmirəm sevgiyə. Həyatım hazırda o qədər rəngarəngdir ki, mən bunlara vaxt tapmıram. Bilirsiz, münasibət, qadın-kişi münasibəti elədir ki, adamın vaxtını alır. Sən gün ərzində ona diqqət ayırmalısan. Telefon etməlisən, mesaj yazmalısan. Yazmasan da, deyəcək ki, sən mənə diqqət göstərmirsən, ikinci plana atmısan. Halbuki bunun ona heç bir aidiyyəti yoxdu. Əgər mən çalışıramsa, demək ki, işimi görməliyəm. Bu mənim üzərimdə ikinci bir məsuliyyət olacaq ki, mən hələ ki o məsuliyyəti daşımağı düşünmürəm.

- Kişilərin eqosundan danışırıq da…

- Hardasa. Amma qətiyyən bunun diqqətsizliklə əlaqəsi yoxdu.

- Belə başa düşdüm ki, Dəniz artıq bir neçə illik həyatının planını qurub, onlara çatana qədər şəxsi həyat barədə düşünmür. Yəni müəyyən nailiyyətləri əldə etdikdən sonra sevgi və izdivac barədə düşünə bilərsən?

- (Çox mənalı bir baxışla) Əslində bəli. Düz başa düşdüz. Mənim gələcəklə bağlı fikirlərim çoxdu. Hələ çox cavan olduğum üçün məqsədimə çatmağa imkanım var. Mən bu zamandan düzgün istifadə etmək istəyirəm. Hisslərimin əsiri olmaqdansa, ağlımın diktəsi ilə həyatımı yaşamağa önəm verirəm.

- Qadınlar barədə danışanda belə bir deyim deyilir, qadınlar dünyanın ən təhlükəli oyuncağıdı...

- Oyuncağı? Düzü, eşitməmişdim. Maraqlı yanaşmadı amma.

- Dəniz nə qədər təhlükəli qadın ola bilər?

- (Bir az düşünərək.) Düzünü deyim heç vaxt bu barədə düşünməmişəm. Əslində gözlənilməz bir sual oldu. Daha çox düşünən qadın hesab edirəm özümü.

- Bəs nə qədər təhlükəli ola bilərsən?

- O, qarşımdakı insanın özünü necə aparacağından asılıdır. Amma mənə qarşı təxribat olsa, təbii ki, təhlükəli ola bilərəm. Mən ilk təpki verən tərəf olmuram. Bir az səbrli ola bilərəm. Gözləməyi bacaran insanam. Daha düzgün vaxtda və zamanda zərbəmi vura bilirəm.

- Qadınları bəzən ilanla müqayisə edirlər. Həm müdrik olduqlarına görə, həm də ilanlar da gözləyirlər, ovlarını əldə etmək üçün düzgün zaman seçirlər. Sanki qarşımda o «ilan» qadın durub…

- Yaponlar qadınlara tərif deyəndə deyirlər ki, siz ilan kimi gözəlsiz.

- İlanı müdrik hesab edirlər. O baxımdan soruşuram.

- (Gülür). Çox maraqlı suallar oldu. İnanın, çox təsirlənmişəm. Mən özümü o qədər təhlükəli də saymıram. Bilirsiz niyə? Çünki mənə pislik edənə qarşılıq vermək hissindən uzağam. Yəni mənə pislik edənə pisliklə cavab vermirəm. Bilirəm ki, Allah mütləq onun cavabını verəcək. Sadəcə səbr edib, gözləyə bilərəm. Ayağını qazıb onu quyuya salmaram. Elə edərəm ki, o insan səhvini başa düşsün, əzab çəksin. Amma bağışlanmaq üçün ona şans vermərəm.

- Elə qadından danışırıq ikimiz də.

- Mən bilirəm ki, mən həmişə qalibəm. Çünki ağılla hərəkət edirəm. Mən heç kimin bədbəxtliyi üzərində qələbəmi qurmuram. Mən sadəcə güclü biriyəm.

- Evdə iki lider olsa nə baş verər?

- Evdə iki lider olsa? Qarşılıqlı anlaşma protokolu imzalanacaq (gülür).

- Liderlər bölüşməyi sevmirlər axı.

- Əsl qadın da odur ki, öz liderliyini gözə soxmadan, göstərmədən lider olsun.

- Dəniz, qadın kimdi?

- İlk növbədə şəxsiyyət. Mən bilirəm ki, birini sevsəm də, onu həqiqətən sevəcəm. Ruslar buna «odnolyub» deyirlər. Mən birinə bağlanılsam, başqası mənimçün qətiyyən maraqlı ola bilməz. Mənim üçün ailə çox dəyərlidir. Bilirəm ki, ailəm olsa, mən tam mənada o ailənin xoşbəxt olmasına çalışacam. Tam bir ailə olacaq. 100 faiz qadın və həyat yoldaşı olmağa çalışacam.

- Sənin kimi qadınlar adətən romantik olsalar da, bunu gizlətməyə çalışırlar. Liderlik onlara mane olur.

- Düzünü desəm, razıyam. Bəli, içimdə romantik bir dünya var. Əslində romantik qadınam. Amma onu büruzə verməyi sevmirəm.

- Təsadüfən bunu soruşmadım. Güclü qadınlar bunu gizlədirlər çox zaman.

- Mən romantik hisslərimi bölüşməyi sevmirəm. Ümumiyyətlə, mən problemləri bölüşməyi sevmirəm. Şüuraltı məndə, əslində o diqqətə ehtiyac ola bilər. Ancaq onu niyə büruzə verim ki? Düzdü, mən bunu çox zaman dilə gətirmirəm. Amma indidən gələcək həyatım, ailəm barədə planlarımı qurmuşam. Mən insanların həyatını izləyirəm, müşahidələr aparıram. Həyatı öyrənməyə çalışıram. Və ordan əsas nəticə çıxarıram. İnanın ki, mən ilk dəfədi bu barədə danışıram. Ümumiyyətlə, ilk dəfədi bu barədə fikirlərimi kiminləsə bölüşürəm. Mən indidən öz ailə fəlsəfəmi yaratmağa çalışıram. O fəlsəfəmi elə qurmalıyam ki, peşman olmayım. Ailə bir qaladı, hakimiyyətdi. Ora ayrı bir insanı buraxmayasan. O ailə sənin sirrin olmalıdı. Ailədə həyat yoldaşınla həm dost, həm sirdaş olmağı bacarasan. Elə etmək lazımdı ki, sənin həyat yoldaşın evə gəlməyə tələssin. Rahatlığı sənin yanında, evində tapsın.

- Bunun üçün güclü və sirli qadın olmaq lazımdı. Yoxsa qadın cazibədarlığı da özünü göstərir?

- İlk növbədə güclü qadın olmalısan. Qaldı cazibədarlığa, qadın hər zaman sirli qalmağı bacarmalıdı. Zahiri görünüş zamanla dəyişə bilər. Sənin qadın dünyan maraqlı qalmalıdı yoldaşın üçün. Gözəl bir deyim var. Ailədə kişi başdı, qadın isə boyundu. Baş da boyun üstündə fırlanır (gülürük).

- Ailədə dost olmağı hər qadın da bacarmır.

- Razıyam. Elə etmək lazımdı ki, kişi evinə tələsərək gəlsin. Bunun min yolu var. Sadəcə dürüst və şirindilli olmaq da vacibdi. Mən kişi psixologiyası öyrənməyə çalışıram. Bilirəm ki, onların həyata baxışı fərqli olur. Məni başa düşə bilən, məni dərk edən insanla ailə qura bilərəm. Səni dərk etməyən ağıllı qadının yanında dar düşüncəli insan olanda, bu, qadını soldurur. Belə olanda da iki seçim olur, ya sən həyatınla barışmalı olursan, ya da boşanırsan. Ona görə də ailə qurarkən maddiyyata yox, insanın nə qədər sənə xasiyyətcə uyğun olması vacibdi.

- Sənət aləmindən olan insanla ailə qurmaq sənə rahat olar, ya fərqli sferadan olmalıdı?

- Heç istəmərəm ki, həyat yoldaşım sənət aləmindən olsun.

- Niyə, qüsurları, bu çirkabı görür deyə çətin olar?

- Yox, ona görə yox. Onsuz da mən yoldaşımdan heç nə gizlədən deyiləm. Amma təsəvvür edin ki, bir evdə iki sənət adamı olsun. İşdən gəlirsən evə, yenə eyni söhbətlər olacaq, bu səni yorar. Sən başqa bir sahədən olan insanla ailə quranda danışmağa daha çox mövzu olur. O insan məni olduğum kimi qəbul etməlidi. O mənim uğurlarıma sevinməlidi. Mən, mənim dünyamı dərk edəcək insanı gözləyirəm.

- Bəlkə bir az da peşəndən danışaq?

- Buyurun.

- Sən rus rejissorunun da ekran əsərində çəkilmisən? Stanislav Rubençik səni «Vostok dlya çaynikov» filminə dəvət edib deyəsən?
- Bəli, Stanislav Rubençikin filmində çəkilmişəm. TET-Ukrayna kanalının sifarişi ilə
Moskvada çəkiləcək "Vostok dlya çaynikov" televiziya serialını həyata keçirmək üçün rejissor qismində, Almaniyada yaşayan Stanislav Rubençik dəvət edildi.
- Bildiyim qədər Azərbaycandan o filmə çəkilməyə çox insanlar dəvətli olub, amma rejissor sənin üzərində qərar tutub…
- Bəli. Azərbaycandan bir çox aktrisalara dəvət gəlmişdi. Amma Rubençik sonda məni çəkməyə qərar verdi. Bu mənim yaradıcılığımda önəmli yerlərdən birini tutur. Çünki həqiqətən çox məşhur bir rejissordu. Və onun filmində çəkilməyi yəqin ki, hər bir aktrisa arzulayar.



Stanislav Rubencik Dənizdən danışır: Dənizin təkcə yaşadığı mühitdə deyil, ondan qat-qat uzaqlarda məşhur olacağına əminəm


Mən Moskvada çəkiləcək "Vostok dlya çaynikov" televiziya serialının pilot filminin rejissoru oldum. Film Ukraynanın TET telekanalının sifarişi ilə Moskvada çəkilirdi. Məlum səbəbdən teleserialın çəkilişi müvəəti dayandırılmışdır. Bu serial rus və azərbaycanlı ailəsindən bəhs edir. Kastinq (aktyor seçimi) 1 il davam etdi. Azərbaycan aktyorlarını seçmək çox çətin idi. Onlar bizim tələblərimizə cavab vermirdilər. Hətta gənc aktyor roluna biz Moskvanın Kinematografiya institutunda oxuyan Dağıstanlı aktoru çəkməli olduq. Amma Dənizə gəldikdə isə səmimi etiraf edirəm ki, bizim heç bir problemimiz olmadı. Biz axtardığımız qəhrəmanı Dənizin simasında tapmışdıq. Başqalarının fonunda Dəniz çox seçilirdi. O, əsl bizim axtardığımız çox parlaq seçilən aktrisa idi. Hiss olunurdu ki, o öz üzərində çalışan, özünü inkişaf etdirən aktrisadır. Amma bir şübhəmiz vardı. Bütün kollektiv Moskvadan, hətta, ata obrazına seçilmiş Azərbaycanlı aktyor belə, Moskvada doğulmuş və Moskva "Taqanka"` teatrının aktyoru Timur Bədəlbəyli də Rusiya vətəndaşıdır. Biz düşünürdük ki, Dəniz bu aktyorların içində özünü itirə bilər və ya ümumi aktyor ansamblına uğun gəlməyə bilər.
Ama biz çox yanılırmışıq. Həqiqətən Dənizin oyununu görən hər bir kəs, xüsusilə də layihənin produserləri, onun nə qədər dərin və istedadlı aktrisa olduğunu hər yerdə deməyə başladılar. Bəli, Moskva Dənizi əbəs yerə seçməmişdi. Dəniz, filmin Bakıdan olan yeganə iştirakçısı idi və o, həqiqətən də, öz rolunun öhdəsindən ustalıqla gəldi. Dəniz özündən etdiyi improvizələrlə oyununa elə rənglər verirdi ki, heç mənim bunu ondan tələb etmək ağlıma belə gəlməzdi. Obrazının məntiqi ardıcıllığını gözləyərək, ona öz oyunu ilə rəng qatırdı. Oyun zamanı Dənizin beyninin işlədiyi, düşünərək oynadığı hiss olunurdu.
Bütün prodüserlər Dənizin oyunundan çox razı idilər. Onun böyük potensialı, aktorluq imkanları və parlaq gələcəyi var. Dənizin təkcə yaşadığı mühitdə deyil, ondan qat-qat uzaqlarda məşhur olacağına əminəm.
Mənim ona tövsiyəm, əldə etdiyi naliyyətlərlə kifayətlənməmək, öz üzərində işləyərək daha yüksək zirvələr əldə etməkdir. Dənizin buna hər cür imkanı var. Mən Dənizə öz təbii istedadını inkişaf etdirməyi arzulayıram. Bizim serial efirə çıxmasa belə, yenə Dənizin böyük Kinematoqrafda özünü tapacağına inanıram. Əsas, əldə etdikləri ilə kifayətlənməmək, özü üzərində çalışmaq, oxumaq, öyrənməyi arzulayıram. Rolda yaşayan aktyor azdır. Çox aktyorlar rolu təsvir edir, göstərir. Dənizin xoşbəxtliyi və uğuru isə rolda yaşamaq bacarığıdır.



Tahirə Məmmədqızı