Asim Mollazadə: “Bir çox universitetin ya fəaliyyəti dayandırılmalı, ya da digərlərinə birləşdirilməlidir”
“Elm haqqında” qanun layihəsi və elmin acınacaqlı durumu...
Şəmsəddin Hacıyev: “50 yaşa kimi olan bütün elm xadimlərinin sayı 50 yaşdan yuxarı olan elm adamlarının sayından 6 dəfə azdır”
Asim Mollazadə: “Bir çox universitetin ya fəaliyyəti dayandırılmalı, ya da digərlərinə birləşdirilməlidir”
Asim Mollazadə: “Bir çox universitetin ya fəaliyyəti dayandırılmalı, ya da digərlərinə birləşdirilməlidir”
Abel Məhərrəmov: "Elmin önündə oğlanlar getməlidir”
Qüdrət Həsənquliyev: "Elmi dərəcəsi olmayan şəxslərə dosent, professor adı verilməsi düzgün deyil”
Ötən gün parlamentin Elm və təhsil komitəsində "Elm haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirədə millət vəkilləri ilə yanaşı, təhsillə bağlı dövlət qurumlarının nümayəndələri də iştirak ediblər. Qanun layihəsi haqqında məlumat verən aidiyyəti komitənin sədri, millət vəkili Şəmsəddin Hacıyev ilk öncə bildirib ki, "Elm haqqında” qanun layihəsinə Milli Məclis çox böyük əhəmiyyət verib. Bununla yanaşı, Ş.Hacıyev vurğulayıb ki, sözügedən qanun kütləvilik, elmi, hüquqi baxımdan mürəkkəb bir qanundur:
"Bu qanun layihəsi 40-a yaxın müstəqil ekspertə, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə göndərilib və onların rəy və tövsiyələri öyrənilib. Bir sıra nazirliklərimiz, dövlət komitələri geniş rəy və tövsiyələrini bizə təqdim ediblər. Amma onu da deyim ki, Maliyyə Nazirliyi ilə müəyyən fikir ayrılıqlarımız var. Guman edirəm ki, bu fikir ayrılıqları da yaxın zamanlarda öz həllini tapacaq”.
Komitə sədri söyləyib ki, qanun layihəsinin hazırlanmasında və tövsiyələrin verilməsində ən çox rol oynayan AMEA-dır: "Bu qanun layihəsi ilə bağlı Elmlər Akademiyasının fikirləri parlament tərəfindən daim nəzərə alınıb. AMEA ilə Elm və təhsil komitəsi arasında qanuna görə heç bir fikir ayrılığı yoxdur. Demək olar ki, fikirlərimiz üst-üstə düşür. Ona görə də bu qanun layihəsi ictimai müzakirədən keçirilmiş hesab oluna bilər”. Millət vəkili bildirib ki, elmdə olan problemlər mövcud qanunvericilik bazasının olmaması ilə əlaqədardır: "Elmi fəaliyyət və yaradıcılıq qanun layihəsində öz əksini tapıb. Layihədə elmi fəaliyyət liberal proseslərə əsaslanır”.
Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək
"Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki elmi-tədqiqat mərkəzlərində, elmi müəssisələrdə və universitetlərdə fəaliyyət göstərən, 50 yaşa kimi olan bütün elm xadimlərinin sayı 50 yaşdan yuxarı olan elm adamlarının sayından 6 dəfə azdır” - deyən Ş.Hacıyev bildirib ki, alim və akademiklərin yaş senzi ilə bağlı, gənclərin elmə marağını artırmaq üçün bir sıra islahatlar həyata keçirilməlidir: "Bu islahatlar adıçəkilən qanun layihəsində öz əksini tapıb”. O, elmi fəaliyyətlə məşğul olan gənclərə hərbi xidmətdən möhlət hüququnun da qanunda əks olunduğunu diqqətə çatdırıb: "Ali məktəblərin magistratura və doktoranturalarında əyani təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüququ verilməsi gözlənilir. "Elmi yaradıcılıq və elmi fəaliyyət hüququna dövlət təminatı” adlı maddədə isə göstərilir ki, "Dövlət təhsilin fasiləsizliyi prinsipinə uyğun olaraq elmi müəssisə və təşkilatların doktoranturalarında, ali təhsil müəssisələrinin doktorantura və magistraturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verir. Bu, bir çağırış müddətinə verilən möhlətdir. Yəni imtahandan kəsilən şəxs növbəti çağırışda hərbi xidmətə çağırılacaq. Bu, birdəfəlik xidmətdən azad etmək demək deyil”. Millət vəkili qanunda gənc alimlərə xoş ola biləcək maddənin də olduğunu diqqətə çatdırıb: "Qanunda gənc alimləri stimullaşdırmaq məqsədi ilə onlara sosial güzəştlərin verilməsi nəzərdə tutulub”.
Elm adamları hər 5 ildən bir attestasiyadan keçiriləcək
Komitə sədri qeyd edib ki, qanuna əsasən, elm adamları hər beş ildən bir elmi attestasiyadan keçməli olacaqlar: "Elm adamlarının elmi səviyyəsini müəyyən etmək məqsədi ilə hər 5 ildən bir attestasiyadan keçməsi nəzərdə tutulur. Hər hansı bir şəxs attestasiyanın qərarından narazı olduğu təqdirdə, məhkəməyə müraciət edə bilər. Həmin şəxs və attestasiya qərarını dəyişmək ancaq məhkəmənin səlahiyyətinə aiddir. "Elm haqqında” qanun Azərbaycanda elmin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir. Layihədə elmin və elmi innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsasları da təsbit olunub. Qanun həm də hər bir Azərbaycan vətəndaşının elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir”.
"Universitetlər yüksək səviyyəli təhsil standartlarına uyğun deyil”
"Azərbaycanda fəaliyyət göstərən bir çox universitetin ya fəaliyyəti dayandırılmalı, ya da digərlərinə birləşdirilməlidir. Azərbaycanda elmin inkişafı üçün bir sıra universitetlərin birləşdirilməsi vacibdir”. Bu fikirləri isə müzakirə zamanı millət vəkili Asim Mollazadə səsləndirib. Onun fikrincə, Azərbaycanda yalnız Bakı Dövlət Universiteti (BDU) keyfiyyətli təhsil normalarına cavab verir: "Digər universitetlər BDU-dan fərqli olaraq, yüksək səviyyəli təhsil standartlarına uyğun deyil. Həmçinin qeyd edim ki, qanun layihəsində Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) elmi siyasəti müəyyən etmək səlahiyyəti verilir. Əgər AMEA elm siyasətini müəyyən edəcəksə və bu sahədə icraçı rolu oynayacaqsa, o zaman onun vəzifələri dəqiqləşdirilməlidir. Fikrimcə, bu, qanun layihəsində də öz əksini tapmalıdır”.
"Oğlanlar hərbi xidmətə gedir. Qızlar isə magistratura, doktoranturanı bitirdikdən sonra ailə həyatı qururlar”
"Biz "Elm haqqında” qanun layihəsi ilə istehsalat arasında nə dərəcədə vəhdət olduğunu nəzərə almalıyıq. Bu gün Amerikanın sənayesinin gəlirlərinin 50 faizə qədəri elmi innovasiyalar hesabına əldə edilir”.
Bu sözləri müzakirələrə qoşulan Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov deyib. Onun sözlərinə görə, qanunun bu məsələləri nə dərəcədə əhatə etməsi barədə düşünmək lazımdır: "Azərbaycanda elmi innovasiyalar tətbiq edilərsə, sənaye gəlirlərinin bir hissəsini bu sahədən əldə etmək olar. Prezident bu məqsədlə texnoparkların yaradılması barədə sərəncam imzalayıb. Məqsəd elmi innovasiyaları tətbiq etməkdir. Düşünürəm ki, "Elm haqqında” qanun layihəsi mükəmməl hazırlanıb. Təbii ki, gələcəkdə bu qanun layihəsinə əlavələr ola bilər”. Rektor-deputat qanun layihəsində hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin öz əksini tapmasına da münasibət bildirib: "Bu, çox vacib məqamdır. Oğlanlar hərbi xidmətə gedir. Qızlar isə magistratura, doktoranturanı bitirdikdən sonra ailə həyatı qururlar. Eləsi var 3 il, eləsi də var 8 il analıq məzuniyyətinə çıxır. Heç kim inciməsin. Məhz bunları nəzərə aldıqda demək olar ki, elmin önündə oğlanlar getməlidir”. A.Məhərrəmov layihədə elmlər namizədi və professorlara vəsait ayrılması ilə bağlı yazılan müddəalara toxunaraq deyib ki, elmlər namizədinə 200, professorlara isə 400 manat məvacib verilməsi nəzərdə tutulur: "Bunu minimum əmək haqqı ilə indeksləşdirsək, çox yaxşı olar. Arxayın ola bilərik ki, Azərbaycanda gələcəkdə professorlar 4-5 min manat maaş alanda 300-400 manat onun içərisində elə də gözə çarpmayacaq. Düzdür, bəzi məsələlər Maliyyə Nazirliyindən asılıdır. Amma hər halda bu cür olması daha məqsədəuyğundur”.
"Ali Attestasiya Komissiyasında elə hadisələr baş verir ki...”
Millət vəkili Qüdrət Həsənquliyev isə qanun layihəsində müəyyən qüsurların olduğunu söyləyib: "Düşünürəm ki, elmi adların verilməsində problemlər var. Elmi dərəcəsi olmayan şəxslərə dosent, professor adı verilməsi düzgün deyil. Onlar da müsabiqə vasitəsilə müvafiq elmi vəzifəyə təyin olunmalıdırlar. Bu müddəanın qəbul olunması sonradan elm sahəsində bir çox nöqsanların ortaya çıxmasına səbəb olacaq. Bununla yanaşı, fikrimcə, Ali Attestasiya Komissiyasını ləğv etməliyik. Ona görə ki, inkişaf etmiş ölkələrdə bu komissiya ümumiyyətlə fəaliyyət göstərmir. Bəlkə də ekspertlərə səlahiyyət verilməlidir ki, böyük bir prosesdən keçdikdən sonra elmi işi təsdiq etməsin. O zaman həmin elmi rəhbər dərhal elmi dərəcədən mərhum edilməlidir. Ümumiyyətlə, Azərbaycanda elmi işə səs verən bütün alimlər elmi dərəcələrindən məhrum edilməlidirlər. Əgər onlar plagiat işə oxumadan səs verirlərsə, elmi rəhbər saxta işə səs verirsə, onların fəaliyyətinin qarşısı alınmalıdır. Düşünürəm ki, bu sahədə müvafiq qərar qəbul etməliyik. Bilirik ki, Ali Attestasiya Komissiyası əlavə bürokratik mərhələdir. Bu qurumda burada deyilməsi mümkün olmayan hadisələr baş verir”. Deputat onu da bildirib ki, Azərbaycanda elm sahəsində inkişafa nail olmaq üçün elm adamlarının xarici dil bilməsi də vacibdir: "Beynəlxalq elmi arenaya daxil olmaq üçün alimlərin xarici dil bilməsi lazımdır. Buna görə də "Elm haqqında” qanun layihəsinə bununla bağlı müddəa salınsa, daha yaxşı olardı”. Q.Həsənquliyevin qənaətincə, qanun layihəsində magistr və doktorantların müsabiqədən kənar işə götürülməsini nəzərdə tutan maddənin olması düzgün deyil. Onun fikrincə, bu, əlavə korrupsiya hallarına yol aça bilər: "Hər kəs müsabiqə yolu ilə işə qəbul olunmalıdır. Nəzərdə tutulan müddəada isə müsabiqədən kənar işə götürülmə nəzərdə tutulub. Düşünürəm ki, elmi müəssisə rəhbərlərini də Elmi Şura seçməlidir. Universitet rəhbərləri də seçim yolu ilə olmalıdır”.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Anar Bayramoğlu