7-ci sinif şagirdi atəş açdı...

Məktəbə necə silah gətirilə bilər?
Direktor məsuliyyəti həm özünün, həm də müəllimin üzərindən atmağa çalışır



Lökbatan qəsəbəsindəki 106 saylı orta məktəbdə güllələnmə hadisəsi ilə bağlı Təhsil Nazirliyi açıqlama verib. Nazirliyin məlumatına görə, hazırda araşdırma aparılır:

"Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 106 saylı tam orta məktəbin 7-ci sinfində dərs zamanı baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin daxili nəzarət sektorunda araşdırma aparılır. Hadisənin təfsilatı ilə bağlı həmin məktəbin direktoru və texnologiya müəlliminin izahatları alınıb. Hadisənin başvermə səbəbləri araşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək”. Məlumatda o da bildirilir ki, hadisə zamanı şagird xəsarət almayıb və hazırda dərsdədir.

Modern.az saytının yazdığına görə, 106 saylı orta məktəbin 7-ci sinif şagirdi dərs zamanı sinif yoldaşını sinəsindən güllələyib. Hadisə belə olub: Əmək təlimi dərsi zamanı 2003-cü il təvəllüdlü şagird Hacı Əliyev müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan "Kral Air Rfle” markalı pnevmatik tüfənglə ehtiyatsız davranıb, nəticədə tapançadan açılan atəş sinif yoldaşı Murad Nurzadənin sinəsindən dəyib.

Məktəbin direktoru Təranə Qasımova isə açıqlamasında bildirib ki, müəllim həmin silahı özü üçün alıbmış: "Bir müddət öncə o, silahı başqa bir adama satıb. Həmin adam da bir az özündə saxlayandan sonra istəməyib, gətirib məktəbdə müəllimə qaytarıb. Hidayət müəllim də Qobu qəsəbəsində yaşadığı üçün silahı sinifdə qoyub ki, gedəndə evə aparsın. Uşaqların da gözünə sataşıb, fikirləşiblər görəsən, necə bir şeydir. Əllərində baxanda qəfildən silah açılıb. O, odlu silah olmayıb, sancaq tipli patron olub. Mən qətiyyən müəllimin tərəfini saxlamıram, amma bir bədbəxt hadisədir, olub. Hazırda Hidayət müəllim də, şagird Murad da dərsdədirlər”.

Baş vermiş hadisəyə münasibət bildirən təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında məktəb direktorunun açıqlamasının inandırıcı görünmədiyini bildirdi:

- Bu, sadəcə, quramadır. Necə yəni, müəllimin silahıdır, kiməsə vermişdi, o gətirib qaytarıb, bu da evə aparmalıymış, qalıb sinifdə, uşaqlar da götürüb oynadıb... Bunlar qeyri-ciddi açıqlamalardır və heç də inandırıcı görünmür. Belə danışmaqla direktor məsuliyyəti həm öz üzərindən, həm də müəllimin üzərindən atmağa çalışır. Bu hadisədə müəllim birbaşa məsuliyyət daşıyır. Müəllim məktəbə silah gətirməməlidir. Məktəb silah yeri deyil. İstəyir, pnevmatik tapança olsun, istəyir lap tir tüfəngi. Adı silah olan bir əşyanın məktəbdə yeri yoxdur. Başqa məsələdir ki, hərbi təlim dərslərində şagirdlərə silahdan atəş açmaq, silahla davranış qaydaları öyrədilir. Məlum məsələdir ki, belə dərslər ciddi şəkildə hərbi təlim müəlliminin iştirakı və nəzarəti altında, xüsusi məkanda keçirilir. Amma başqa bir müəllimin şəxsi silahını məktəbə gətirməsi və ya silahın sinifdə qalmasına şərait yaratması qətiyyən yolverilməzdir. Burada sırf müəllim səhlənkarlığı, məsuliyyətsizliyi var. Nə yaxşı ki, silah o uşağı yaralamayıb. Bəs uşaq ağır xəsarət alsaydı, necə olacaqdı? Harda ki, uşaqlar var, orada hər bir detal nəzərə alınmalıdır,

təhlükəsizliyə ən ciddi şəkildə riayət edilməlidir. Bu silah olayı ilk növbədə həmin məktəbin tərbiyəsindən - orada təlim-tərbiyə işinin düzgün təşkil edilməməsindən xəbər verir. Təlim-tərbiyənin lazımi qaydada təşkil olunduğu məktəbdə müəllim pnevmatik tapançanı gətirib sinifdə saxlamaz, buna cürət etməz. Məsuliyyət daşıyar, narahat olar ki, silah birdən uşaqların əlinə keçər. Demək ki, həmin məktəbdə məsuliyyət hissi aşağıdır, səhlənkarlıqsa üstün səviyyədədir.

Təəssüf ki, bəzi orta məktəblərimizdə belə neqativ hallar baş verir.

Pnevmatik silah haqqında isə bunu deyə bilərik ki, bu, sıxılmış havanın və ya qazın təzyiqindən yaranmış enerji hesabına gülləsi istiqamətlənmiş hərəkət edərək hədəfə məsafədən zədə yetirmək təyinatına malik silahdır. Pnevmatik silahların gəzdirilməsi qanunla qadağandır. Bununla bağlı DİN mətbuat xidmətinin məlumatında belə qeyd edilir: "Tapança odlu silah sayılır. Onun əldə olunması, daşınması və saxlanılması yerli qanunvericiliklə qadağan olunur. Əgər vətəndaş özünü müdafiə məqsədi ilə tapança almaq istəyirsə, deməli, o, öz həyatı üçün narahatdır. Əgər vətəndaş həyatı üçün təhlükə hiss edirsə, polisə müraciət edə bilər. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görüləcək. Pnevmatik silahların əldə edilməsinə gəlincə isə nazirlik bildirir ki, bu, qanunla qadağan edilmir. Ancaq onun gəzdirilməsinə icazə verilmir.

"Təcrübədə görünür ki, pnevmatik tapançalar hansısa cinayət məqsədlərinin həyata keçirilməsi üçün istifadə edilir. Vətəndaşlarımızın təhlükəsizliyi hər şeydən önəmlidir. Bu səbəbdən də həmin silahın gəzdirilməsi qadağan edilir”.

Kimdəsə pnevmatik silah aşkarlanırsa, dərhal müsadirə edilir. Sonradan araşdırma aparılır. Həmin silahın hansısa cinayət əməlində istifadəsi təsdiqlənərsə, həmin şəxs qanun qarşısında cavab verir.

Bu gün mağazalarda pnevmatik silahlar satılmır. Çünki belə silahların ölkəyə gətirilməsi dayandırılıb.

Amma göründüyü kimi, ölkəyə gətirilməsi qadağan olunan bir silah orta məktəbdə sinifdə saxlanır. Və uşaqlar da onunla "maraqlanarkən” biri digərinə atış açır. Yeri gəlmişkən, bildirək ki, ilkin məlumatlarda pnevmatik silahdan açılan atəş nəticəsində şagird Murad Nurzadənin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi, həkimlərin səyi ilə həyatına təhlükənin aradan qaldırıldığı bildirilirdi. Məktəb direktoru isə deyir ki, şagird dərsdədir...

Məlahət Rzayeva