7 dəqiqə ərzində can alır
Dəm qazından zəhərlənmələrin böyük əksəriyyəti vətəndaşların məsuliyyətsizliyindən baş verir
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev dəm qazından boğularaq dünyasını dəyişib. Tofiq Hacıyevin oğlu faktı təsdiqləyib və atasının səhər saatlarında yaşadığı evin hamamında dəm qazından zəhərlənərək vəfat etdiyini deyib.
Akademikin dəm qazından boğulan həyat yoldaşı, Tamara Hacıyevanın isə komada olduğu bildirilib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, dəm qazından zəhərlənmiş T.Hacıyevanın vəziyyəti çox ağır qiymətləndirilir: "Vəziyyətin gedişatı onu göstərir ki, bu krizis hələ davam edəcək. Onun hələ bir neçə gün ərzində komada qalacağı ehtimal edilir. Ancaq indi müayinələr aparılır və müvafiq tədbirlər də görülür”.
Qeyd edək ki, FHN işçiləri Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1936-cı il təvəllüdlü Hacıyev Tofiq İsmayıl oğlunun cəsədini və 1 nəfəri huşsuz vəziyyətdə aşkar ediblər.
Beləliklə, akademikin ölümü Azərbaycanda illərdir aktual problem olan dəm qazı təhlükəsini yenidən gündəmə gətirib.
Maraqlısı odur ki, dəm qazından ölənlərin və zəhərlənənlərin sayı ilbəil artır. Amma nədənsə, belə faciələrin qarşısını almaq istəyən, bu gedişata "dur” demək istəyən bir qurum yoxdur. "Azəriqaz” İstehsalat Birliyi və Fövqəladə Hallar Nazirliyi hər mövsüm qabağı istehlakçılara qazdan istifadə qaydaları və zəhərlənmədən necə qorunmaq lazım olduğunun öyrədilməsinə dair xəbərdarlıqlar yaysa da, baş verən bədbəxt hadisələrin günü-gündən artması fonunda bunun bir nəticə vermədiyinin şahidi oluruq. Ekspertlər isə dəm qazından zəhərlənənlərin sayının belə sürətlə artmasına müxtəlif aspektdən yanaşırlar. Onlar əhaliyə verilən qazın tərkibində zəhərli maddələrin olmasını iddia edirlər. Hesab edirlər ki, məişətdə istifadə olunan qaza maddələr qatılmalıdır ki, zəhərlənmə baş verməsin. Bizdə bunu da etmirlər. Həmçinin bizdə qazların tərkibi təmizlənmədən istifadəçilərə verilir. Hətta indi qazın rəngində də dəyişiklik var. Adətən qazın rəngi mavi rəngdə olmalıdır. Amma indi istifadə etdiyimiz qazın rəngi daha çox qırmızıya çalır. Yəqin ki, hər kəs bunun şahidi olub. Bu da onun göstəricisidir ki, qazın tərkibi təmizlənmir. Əksər ekspertlər isə günahı istehlakçıların özlərində görürlər. Vətəndaşlar otaq isti olsun deyə hər tərəfi bağlayırlar və nəticədə də sobadan çıxan zəhərli maddələr otaqda toplanır və zəhərlənmə baş verir.
Azad İstehlakçılar Birliyinin Kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov hər il onlarla insanın dəm qazından zəhərlənməsi və bir çoxunun ölməsinin vətəndaşların məsuliyyətsizliyi səbəbindən baş verdiyini deyib:
"Zəhərlənmələrin 9 faizi vanna və yataq otaqlarında baş verir. İnsanlar yatarkən qazı açıq qoyur, gecə qazın kəsilməsindən xəbərsiz olurlar. Külək əsərkən bayıra çıxmalı olan tüstü otağa ötürülür, nəticədə zəhərlənmələr baş verir. Çünki otağa 1.1 faiz dəm qazı dolanda zəhərlənmə üçün əlverişli şərait yaranmış olur, 7-30 dəqiqəyə bu qaz insan həyatına son qoya bilər. Ona görə hər rübdə bir dəfə suqızdırıcıları, payızda isə digər qızdırıcı cihazların tüstü bacaları yoxlanmalıdır. Qızdırıcının baş hissəsi ilə birinci dirsəyə qədər 50 sm məsafə olmalıdır. "Azəriqaz” əməkdaşlarının xəbəri olmadan qaz cihazlarının yerini dəyişdirmək, qaz cihazı quraşdırmaq olmaz. Hər yoldan keçənə qaz ustası deyib sobaların quraşdırılmasını həvalə etmək olmaz. Hamam otağında təbii işıq mənbəyi, qapının aşağı hissəsində deşiklər olmalıdır. Havalandırma sistemi bir saatda otağın havasını 3 dəfə dəyişdirməlidir. Təəssüf ki, bu parametrləri heç kim gözləmədiyinə görə bədbəxt hadisələr baş verir”.
30 ildən çoxdur tüstü bacalarının düzgün təmizlənməməsinə toxunan ekspert bunun üçün xüsusi qurumun yaradılmasına ehtiyac olduğunu deyib: "Bu gün ölkədə tüstü bacaları təmizləyən qurum yoxdur. Yeni yaradılacaq qurum müvafiq avadanlıqlarla təmin edilməlidir. MİS pul yığmaqla məşğuldur, yalandan tüstü bacalarını təmizlədikləri barədə məlumat verirlər. "Azəriqaz”ın bu məsələdə məsuliyyəti yoxdur, çünki onlar qazın verilişi, qaz sızmasının qarşısının alınması və digər xidmətlərlə məşğuldurlar. Qazdan təhlükəsiz istifadə qaydalarında yazılıb ki, tüstü bacalarının saz halda saxlanmasına, təmizlənməsinə mülkiyyətçi məsuliyyət daşıyır. Lakin mülkiyyətçinin tüstü bacasını təmizlətdirəcəyi qurum olmadığından vətəndaş onun təmiz olub-olmadığını özü yoxlaya bilər. Bunun üçün kibrit və ya məşəli tüstü bacasına yaxınlaşdıra bilər. Bu zaman alov bacaya meyillənməli, əks halda, bu, tüstü bacasının işləmədiyini göstərmiş olacaq. İnsanlar bilməlidir ki, qaz zəhərli deyil, onun məhsulları zəhərli ola bilər. Zəhərlənmə otaqda oksigenin faizi aşağı enəndə baş verir”.
Məsələnin nəzarətsiz qaldığını nəzərə alan ekspert vətəndaşlara çıxış yolunu göstərib. Onun sözlərinə görə, dəm qazına reaksiya verən detektorları mənzildə quraşdırmaqla zəhərlənmənin qarşısını almaq olar. Eyni zamanda bəzi sobalarda tüstü bacası işləmədiyi halda qazın verilişini dayandırma funksiyası var ki, həmin avadanlıqlardan istifadə edə bilərlər.
Şəymən