Prezidentlərin dekabr görüşü ərəfəsində atəşkəs pozula, şəhid xəbərləri də gələ bilər
Son günlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə müəyyən canlanma müşahidə olunur. ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri, Moskvada, Nyu-Yorkda və Vaşinqtonda keçirilən ardıcıl görüşlər, verilən bəyanatlar, dekabr ayında prezidentlərin görüş ehtimalı münaqişənin həlli ilə bağlı ümidverici proqnozların ortaya çıxmasına şərait yaradıb.
Xüsusən amerikalı həmsədr Ceyms Uorlikin son açıqlamasında "hərtərəfli həllin bir hissəsi kimi 7 rayon Azərbaycanın nəzarətinə keçməlidir” deməsi Qarabağ probleminin yaxın günlərdə masaya yatırılacağından xəbər verir. Daha doğrusu, cərəyan edən proseslər belə nəticəyə gəlməyə əsas verir. Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov münaqişənin tezliklə həll olunacağı və rayonların geri qaytarılacağı ilə bağlı bir qədər pessimist düşünür: "Dağlıq Qarabağ tarixən Azərbaycan torpağı olub və bu, dəyişməz olaraq qalacaq. Azərbaycan torpaqlarının geri qaytarılması üçün bütün mövcud addımları atmalıdır. Çünki BMT-nin məlum dörd qətnaməsi bizi haqlı olaraq bütün hallarda rahat hərəkət etməyə və yol xəritəsi çəkməyə şərait yaradır. 20 ildən çoxdur ki, ATƏT-in Minsk Qrupu deyilən və faktiki heç bir uğur əldə edə bilməyən siyasi qurum bu məsələnin həllinin gecikdiyini görür və bu fiaskodan çıxmaq üçün bu və ya digər formada addımlar atmağa çalışır. Lakin yeddi rayonun geri qaytarılması kimi bəyanatların doğru olduğuna inanmaq bir az çətindir. Bu prosesdə birbaşa olmasa da, dolayı yolla mən də iştirak edirəm. Bütün danışıqlardan istər gizli, istərsə də açıq formada məlumatım təfərrüatları ilə mövcuddur. Sadəcə onu deyə bilərəm ki, bu kimi bəyanatlara inanıb rahatlamaq lazım deyil. Təbii ki, Minsk Qrupunun həmsədr ölkələrindən olan ABŞ bu məsələnin həllində maraqlıdır. Çünki regionun stabilliyini istəyir. Minsk Qrupunun digər üzvü olan Rusiya isə anlaşma əldə olunmaması üçün Ermənistan rəhbərliyinə siyasi-iqtisadi və hərbi təzyiqlər edir”. Politoloq bildirib ki, əgər hər hansı anlaşma olarsa, Rusiyanın izni və ya xəbəri olmadan Ermənistanda hakimiyyət çevrilişi qaçılmaz olacaq: "Buna görə də, Sarkisyan hökuməti ilə bağlı Putin açıq şəkildə öz mövqeyini bildirir və rəsmi İrəvanı müdafiə edir. Görünən odur ki, həmsədr ölkələr arasında da fikir ayrılığı kifayət qədər böyükdür. Mövcud siyasi görünüşlə hər hansı məsələnin həll olacağını gözləmək çətindir”.
F.Məmmədov dekabr ayının əvvəlində baş tutacaq Azərbaycan-Ermənistan prezidentlərinin görüşünə də toxunub: "Prezidentlərin görüşü hər dəfə olduğu kimi ümumi məzmun xarakteri daşıyır. Həmin görüşə indiyədək keçirilən növbəti toplantı kimi baxmaq lazımdır. Hesab edirəm ki, dekabr ayında keçirilən görüşə yaxın cəbhədə atəşkəsin pozulacağını, hətta şəhid xəbərləri alacağıq. Çünki Rusiya stabilliyin pozulmasına can atır. Bu baxımdan hazırda nəticələrdən danışmaq tezdir”.
İsmayıl