700 bal toplayan abituriyentlər yataqxanalar gəzir
Hamı deyir universitetlərin yataqxanaları düzəldilməlidir, amma nəticə yoxdur
Yeni dərs ilinin başlamasına artıq sayılı günlər qalıb. Yüksək balla ali məktəbə qəbul olan tələbələrin bir çoxu regionlardan gəldiyindən onlar ev problemi ilə üzləşiblər. Bakıda mənzillərin kirayə qiymətlərinin bahalaşması tələbələrin işini daha da çətinləşdirib. Ölkəmizin prioritet sahəsi olan təhsilimizdə vəziyyət o qədər də ürəkaçan deyil. Halbuki hər il yüksək bal toplayan gənclərdən bəzisi maddi sıxıntı ucbatından təhsilini davam eləyə bilmir. Maraqlıdır, bəs 700 bal toplamaqla rekorda imza atan tələbələr harada qalacaqlar?
İsmayıllı rayonunun 5 saylı orta məktəbinin məzunu olan Ağalətif Lətifov Tibb Universitetinin Müalicə işi fakültəsində təhsilini davam etdirəcək. O, kirayə ev tutmağa imkanının olmadığını, yataqxanada qalacağını deyib: "6 nömrəli yataqxanada illiyi 300 manata otaq kirayələmişik. Dərslərin başlamasını səbirsizliklə gözləyirəm”.
Kürdəmir rayonundan olan tələbə Təbriz Qasımovun qalacağı yer hələ məlum deyil. O, böyük ehtimalla kirayə ev tutacağını söyləyib.
Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan Orxan Zülfüqarov Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alacaq. Atası Əzim Zülfüqarovun sözlərinə görə, oğlu Tibb universitetinin yataqxanasında qalacaq. "Yataqxanada bir, iki və üç nəfərlik otaqlar var. Biz bir nəfərlik otaq götürməyi düşünürük. Bizə verilən məlumata görə, yataqxanada 3 nəfərlik otaqlar boşdur. Biz bunu istəmirik. Oğlumun öz otağı olsa yaxşı olar. Onun üçün rahat şərait yaradarıq, dərslərinə yaxşı hazırlaşar. Hələki gözləyirik. Oğlum harada qalmasından asılı olmayaraq, yaxşı təhsil almalıdır. Onun xaricdə təhsil almasını istəyirdim, amma alınmadı”.
Təhsil eksperti Nadir İsrafilov "Şərq”ə açıqlamasında vətəndaşların gəliri ilə təhsil haqqının hər hansı bir adekvatlığa uyğun gəlmədiyini deyib: "Bu sosial bir məsələdir. Düşünürəm ki, yalnız ali məktəblərdə deyil, orta məktəblərdə də təhsil üçün ödənilməli olan qiymətlər yüksəkdir. Keçən il Təhsil naziri çıxışında hər il 30 mindən artıq 6 yaşlı uşaq 1-ci sinifə getmədiyini qeyd eləmişdi. Sosial vəziyyətin aşağı olduğu göz qabağındadır. Bu da bizim təhsilimizə ciddi təsirlərini göstərir. Statistikada ötən il mindən artıq tələbə yüksək balla ali məktəbə qəbul olub. Amma ödənişi verə bilmədikləri üçün imtina ediblər. Burada xoşagəlməz bir tendensiya var ".
Ekspert Respublikamızda olan təhsil ocaqlarının xarici universitetlərlə müqayisə olunmasını düzgün qiymətləndirməyib: "Xarici ölkələrin verdiyi təhsili bizim ölkəmizdə verə bilmirlər. Dünya reytinqində həmişə yüksək yerləri Oksford, Kembric kimi universitetlər tutur. Bunun da səbəbi həmin universitetlərin kompus şəraitində olmasıdır. Bizim tələbələrimiz üçün heç bir şərait yoxdur. Hazırda strategiyamızda bu məsələ ilə bağlı söhbətlər gedir. Universitetlərin yataqxanaları düzəldilməlidir. Bu mövzular ortalığa qoyulur, amma nəticə yoxdur. Təhsilin keyfiyyətli olması üçün ilk növbədə yaxşı təhsil mühiti olmalıdır. Gənclərimiz üçün güzəştlər olmalıdır. Stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Əgər biz dünya təcrübəsinə istinad ediriksə, dünyanın əksər ölkələrində illik təhsil haqqı üçün ödəniş yoxdur. Belə davam edəcəksə şəxsən mən təhsilimizin perspektivliyinə şübhə ilə yanaşıram. Fikrimcə bu məsələ kompleks şəkildə həllini tapmalıdır”.
Şair Aqşin Yenisey isə təhsilimizin sanki mexaniki idarə olunan bir sistem olduğunu söyləyib: "Bizdə təhsil mədəniyyəti deyilən bir anlayış hələ formalaşmayıb. Dünyada inkişaf etmiş, yaxud inkişaf etməkdə olan ölkələrdə universitet şəhərcikləri var. Yataqxanası, idman kompleksi, yeməkxanası ilə təchiz olunan mərkəz yaradılır. Ölkəmizdə universitetlər məişətin içindədi. Şadlıq sarayı ilə universitetin arasında 10 addım məsafə var. Belə hal da təhsilə qeyri-ciddi fikrin yaranmasına gətirib çıxarır. Ümumiyyətlə, sovet dönəmində hər bir təhsil ocağının öz yataqxanası var idi. Düşünürəm ki, artıq ölkəmizdə də xüsusi şəhərciklərin hazırlanmasına başlanılmalıdı. Hər şeyi artıq dünya səviyyəsində dərk eləməyimiz lazımdı. Təhsilə münasibətimiz dəyişməlidi. Bizimki təhsil deyil. Azərbaycan öz övladına təhsil vermir. Daha doğrusu göstərdiyi tədris fəaliyyəti ilə istəyir ki, tələbədə təhsilə qarşı olan marağı öldürsün. Mənim bu vaxta qədər öyrəndiklərim hamısı rayonda orta məktəbdə olan biliklərdi. Universitet illərimə bildiklərimin çoxu da yadımdan çıxdı. Ümumiyyətlə elm haqqında tamamilə linqvistik bir dünyagörüşünə sahibləndim. Bu məsələ çox mürəkkəb bir məsələdi. Bir pedaqoqun, şairin münasibəti ilə düzələn deyil. Bunun üçün nəhəng dövlət proqramı hazırlanmalı, dünya təcrübəsi tətbiq edilməlidir”.
Yeganə Bayramova