Manyaka sərt cəza verilməlidir

Məktəbli qıza hücum hadisəsi araşdırılır


Paytaxtda naməlum şəxs məktəbli qıza hücum edərək döyüb. Qız orta məktəbin 10-cu sinif şagirdi olub. Məktəbli dərsdən evə qayıdarkən arxasınca bir nəfər kişi düşüb. Təxminən 30-35 yaşlarında olan, qara gödəkçə geyinmiş şəxs qızı izləyərək yaşadığı Xətai rayonu, Zığ yolu, ev 36 ünvanına gələrək, qızla birlikdə zorla içəri girib və qızı döyüb. Sonradan isə hadisə yerindən qaçıb.

Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin növbətçi hissəsindən "Şərq”ə bildirilib ki, qızın valideynlərinin müraciəti əsasında onun ifadəsi alınıb. Hazırda baş verən hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.

Son vaxtlar azyaşlı məktəblilərin hücuma məruz qalması hallarının artmasına münasibət bildirən təhqiqatçı-kriminalist İlqar Altayın fikrincə, kriminal təzahürlər, cinayətlər öz növünə görə hər ölkənin, cəmiyyətin mentaliteti ilə bağlıdır: "Elə ola bilər ki, bir ölkədə tüğyan edən bir növ cinayət digər bir ölkədə nadir rast gəlinsin. Azərbaycan mentaliteti üçün azyaşlı qızlara, uşaqlara cinsi təcavüz cinayətləri elə də çoxluq təşkil etmir. Yəni nadir hallarda baş verir”.

İ.Altay öz təcrübəsinə dayanaraq Azərbaycanı bu növ cinayətlər üzrə digər ölkələrlə də müqayisə etdi: "Mən bu sahə üzrə vaxtilə kriminalist-ekspert kimi Moskvada və Rusiyanın digər əyalətlərində çalışmışam. Oralarda bu kimi cinayətlər kütləvi hal alıb. Başqa ölkələrə nisbətdə bizdə belə manyaklara tez-tez rast gəlinmir. Son zamanlar Bakıda bu cür cinayət hadisələrinin artması yəqin ki, sosial-ictimai gərginliyin təzahürləridir. Cəmiyyətdə gərginlik ifrat hala çatanda cinayətkarlıq da ifrat anomaliya istiqamətinə meyillənir. Nəticədə illərlə rast gəlinməyən kriminal hadisələr qısa müddətdə özünü bürüzə verməyə başlayır”.

Ekspert hesab edir ki, hüquq-mühafizə orqanları və cəmiyyətimiz azyaşlılara, qadınlara qarşı təcavüz təzahürlərinin qarşısını almağa qadirdir: "Bu istiqamətdə aidiyyəti polis orqanlarının işinin güclənməsinə ehtiyac var. Digər tərəfdən, prokurorluq, məhkəmə orqanlarının sərt cəza tətbiqi və vətəndaş cəmiyyətinin azyaşlıların, valideyn və müəllimlərin təhlükəsizliyinə diqqəti artırmasına ehtiyac var.

Vüqar Şahinoğlu