Konsertin son günü qalmaqal yaşandı

Alim Qasımovun qızını İranda səhnəyə buraxmadılar





İranın öndə gedən sənətçilərinin geniş alqışını qazanan Alim Qasımov və qızı Fərqanənin üç günlük Tehran konsertinin son günü qalmaqalla başa çatıb. Yerli xəbər agentliklərinin yaydığı məlumata görə, yanvarın 11 və 12-də ata ilə qızın birgə konserti Tehranın Vəhdət sarayında sadəcə musiqi sevərlərin deyil, İranın usta sənətçiləri tərəfindən də heyranlıqla qarşılanıb. Qasımovların möhtəşəm ifasını türkcə bilməyənlər də zövqlə dinləyib.

Lakin, konsertin üçüncü günündə Alim Qasımov səhnəyə tək çıxıb. İran dövlətinin rəsmi xəbər agentliyi İRNA-nın istinad yaydığı məlumata görə , ilk iki gecədən fərqli olaraq, yanvarın 13-də Fərqanə Qasımova, eləcə də Tehranın nəfəs musiqi alətləri orkestri səhnəyə gəlməyib və bir saat yarım gecikmə ilə heyranlarının qarşısına çıxan "Şərqin Bülbülü” sənətini sadəcə bir tarzənin müşayiəti ilə ifa edə bilib. Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən "Anac” adlı internet qəzeti üçüncü gecə cəmiyyət arasından "Qarabağ bizimdir, bizim olacaq” şüarının səslənməsi ilə Vəhdət sarayında siyasi atmosferin yarandığını yazıb.

Dövlətin rəsmi mətbuat orqanı Fərqanə Qasımovanın səhnəyə çıxmamasının səbəbini açıqlamayıb, ancaq İRNA xəbər agentliyinin yazdığına görə, Alim Qasımov ortaya çıxan gecikmə və qızının səhnəyə çıxmadığı üçün cəmiyyətdən üzr istəyərək İran qanunlarına hörmətlə yanaşdığını, amma, dünyanın heç bir yerində qadınlarla belə davranılmadığını ifadə edib. Anac-ın yazdığına görə, dünya şöhrətli müğənni həmçinin keçən il İran Azərbaycanının şəhərlərində konsertinin ləğvi ilə bağlı narahatlığını Vəhdət sarayındakı cəmiyyətlə paylaşıb.

Məsələyə aydınlıq gətirmək üçün Alim Qasımovla əlaqə yaratmağa çalışdıq. Telefon zəngimizə Xalq artistinin həyat yoldaşı cavab verdi: "Bəli, İran səfərində bir balaca narahatlıq yaranıb. Alim bəy ilk dəfə deyil ki, İrana Fərqanə ilə birgə konsert proqramı üçün səfər edir. Bir neçə dəfə xırda nüanslar baş verib. Amma onların sənətinə dəyər verənlər çıxışlarını görmək üçün çox intizarla bu konserti gözləyirlər. İrandakı qardaşlarımıza, bacılarımıza hər zaman sevgi ilə yanaşmışıq. Ona görə də bu məsələni heç vaxt qloballaşdırmaq istəməmişik. Həqiqətən bu səfər zamanı da qızım Fərqanə xanım iki gün səhnədə Alim Qasımovla birgə çıxış edib. Amma 3-cü gün İran rəsmiləri tərəfindən Fərqanənin çıxışına qadağa qoulub. Nə Alim Qasımov, nə də Fərqanə Qasımova siyasətçi deyillər. Alim Qasımov dünyanın yüzlərlə ölkəsində çıxış edib. Onlar mədəniyyət elçiləridir. Elçiyə zaval olmaz deyirlər. Bizim siyasətə qarışacağımız yoxdur. Ona görə də bu məsələyə siyasi don geyindirmək istəyənlərin əlinə də su tökmək istəmədik. Əsas odur ki, Alim Qasımov və Fərqanə xanım cənubdakı həmyerlilərimiz üçün konsert verdilər. Qaldı 3-cü gün Fərqanə səhnəyə çıxmasa da, musiqiçilərin çıxışlarına qadağa qoyulsa da, Alim bəy bir tarla konsertini verib, səhnəyə çıxıb. Ona görə də məsələnin digər siyasi məqamları bizim işimiz deyil. Bununla lazımi orqanlar məşğul ola bilər. Bu, onların səlahiyyətində olan məsələdir. Alim Qasımov sənətkardır. O öz millətinin musiqisini təbliğ edir. Bundan artıq bu barədə danışmağa da ehtiyac yoxdu”.

Tahirə