Möcüzələr şairi

Ömər Qoçulu, Memarlıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar memarı, Yazıçılar Birliyinin üzvü



O, həqiqətəndə möcüzədir. Daha doğrusu, reallıqla möcüzə arasında pərvaz edən Simurq quşu kimidir. Özünün təəbirincə desək, "ayaqdan-başa, təpədən-dırnağa, torpaqdan-yarpağa kimi!” Onun el-oba salğarlı yerişi-duruşu, əkə-bükə nitqli sözü-söhbəti, zildə-bəmdə şaqraq saz çalıb oxumağı, nəhayət, şair olaraq bircə gecənin içində bir dəftərlik poema yazmağı da möcüzədi! Ulu Tanrının təkcə Borçalı, Göyçəyə, Dərbəndə və o taylı, bu taylı Azərbaycana yox, bütün Türk dünyasına qeybdən bəxş etdiyi möcüzə...

Xalq şairi Zəlimxan Yaqubun şeirlərini oxuyan, dinləyən hər kəsin içində nə vaxtsa, haradasa, hansı əhvaldasa keçirdiyi çılğın, kövrək, doğma, ilıq bir duyğu oyanır. Yox, yox! "oyanır” demek azdı, o duyğu ürəklərdə cücərir, göyərir, ləçəklənir və çiçək açır. Özü də, o duyğu elə-belə, fiziki oyanmır, əvvəlcə yalaf-yalaf qorlanır, göz-göz közərir, sonra isə dil-dil alovlanıb, şölə çəkir!

Bəs, bu möcüzə deyilmi?!

Mən də, Zəlimxan Yaqubun gah dağ selitək kükrəyib daşan, gah bahar nəsimitək könül oxşayan, gah da "Dilqəmi” köklü Borçalı sazıtək kövrəldən əsrarəngiz poeziyasının sehrinə düşərək ələ qələm götürüb həyat müşahidələrimi, kövrək hisslərimi qafiyələrlə, rədiflərlə süsləmək, bircə misra, bircə beyt yazmaq həvəsinə düşmüşəm. Amma hər dəfə möcüzə baş verib şeir əvəzinə kağız üzərində təğbəntlər, oymalar, stalaktitlərlə naxışlanmış memarlıq əsəri yaranıb! Zəlimxan Yaqub möcüzəsindən yaranan həyat eşqiylə, şeyriyyətlə, nəğməylə, məhəbbətlə cilvələnən bir memarlıq əsəri ... Sən demə, Zəlimxan Yaqubun poeziya zirvəsinin şövqə yaradıcı insanları sövqü-təbii olaraq ilhama gətirə, sözün müstəqim mənasında havalandıraraq möcüzə məqamına yüksəldə bilirmiş.

Onun daha bir möcüzəsini deyim:

Hörmətli şairin mənə ithafən yazdığı "Çıraqqala” şeirini oxuyandan sonra natura eskizləri çəkmək amaçı ilə "gəlin hörüklü” şəlalələr kimi saçaqlanıb süzülən misraların axarına qoşulub durula-durula , xumarlana-xumarlana düzənliklərə, ovalıqlara yollanmaq əvəzinə dağlara, yüksəkliklərə, zirvələrə doğru can atdım. Özü də nədənsə mütləq Çıraqqala getmək sevdasına düşdüm. Bəli, ilham məni ucalığa çağırırdı!

Görün şair özü "Çıraqqala” adlı məşhur şeirində necə möcüzə yaradıb:

Hər qalanın adında bir zamandan nişan var,
Bu qala nur qaladı, bu qala çıraq qala!
Tacından günəş öpür, taxtından yaşıl orman,
Düşmənlərə göz dağı, dostlara yaraq qala,
Çıraqqala!

... Bu günlərdə daha bir möcüzə baş verdi.

Şair dostum məni evinə dəvət etmişdi. Xanımı Sahibə yengənin kəklik otu dəmli çayını içə-içə xeyli söhbət elədikdən sonra şair şirmayı bəzəkli tavar sazını götürüb mənə verdi və ded:

- Həzrəti Ömər, çal! Dayan aşıq Əmrahın çaldığı "Ağır şərili”ni çal! Çal qoy Əmrah dədənin ruhu şad olsun!

Sazı sinəmə basıb xeyli çaldım. Şairsə doymaq bilmirdi, havaların ahənginə, "güllərin” sırqasına fəhm düşdükcə zövq alırdı. O, arabir sazı özü götürüb qədimdən qədimhavaları yada salırdı.
Bu minvalla biz gecəyarıya qədər sazı bir-birimizə ötürə-ötürə doyunca çaldıq, oxuduq və axırda durub şairin iş otağına keçdik. Buranı otaq adlandırmaq düzgün çıxmaz. Bura əsl muzeydi, arxivdi, şəkil qaleriyasıdı desəm səhv etmərəm. Geniş salonun bir divarına boydan-boya düzülmüş mebel rəflərdəki yüzlərlə kitablar, qalaq-qalaq əlyazmaları, mötəbər, məşhur insanlarla çəkilmiş foto şəkillər, əntiq hədiyyələr, xatirə əşyaları, daha nə bilim, nələr, nələr?!.

Qarşı divarda şairin yağlı boya ilə rəsm edilmiş böyük portreti asılıb. Yəqin ki, onun ecazkar poeziyasından ehtizaza gələrək bu portreti yaratmış bir rəssamın hədiyəsidir. Portretin kompazisiyası qeyri-adi olduğu üçün diqqətimi çəkdi:

Tamaşaçıya zillənmiş gözlər sanki adamı cəzb edərək içərisinə, dərinliklərinə doğru aparır. O, gözlərin, o baxışların dərinliklərində ağılın, zəkanın, məfkurənin və əlbəttdə ki, həm zəngin lirizim qaynağı, həm də yaylaq çeşməsi kimidum-duru poeziya axarı ap-aydın sezilmədədir. Amma, şairin nəzərlərinin uzaqlara , geniş üfüqlərimi, yoxsa, sənin başın üstündən keçən uca göylərimi tuşladığını dəqiq müəyyənləşdirmək çətindir. Bayaq qeyd etçişdim axı, Zəlimxan Yaqub möcüzələr şairidir!

Portretə çox maraqla baxdığım onundiqqətindən yayınmadı, köks ötürüb başını buladı:

-Hə... Təki o günlər olaydı! Onda qılıncımın dalı da kəsirdi, qabağı da... - dedi.

Gördüm dostum sarsılıb. Onun pəjmürdə halına dözə bilmədim, ərklə əlimi geniş sinəsinə qoyub ürək-dirək vermək xətrinə yox, həqiqətən də ürəyimdə, düşüncəmdə olanı dedim:

- Indi nə olub ki? Maşallah dağ kimisən. İLHAM da ki, öz yerində! Sinən doludur, yaz , yarat! Xalq yeni-yeni möcüzələr gözləyir.

O, özünü yenicə ələ aldı və həmişəki təmkinlə:

- Əlbəttə, əlbəttə! Haqlısan, indi içimə o qədər mövzu dolub ki, yüz ildə yazsam qurtaran deyil, - deyib qolumagirdi və məni yazı masasına tərəf apardı. Biz üz-üzə əyləşdik, nəsə ciddi bir söz söyləyəcəyi yəqindi. O, masasının üstündəki qalın qovluğu göstərib dedi:

- Həzrəti Ömər! Bu mənim haqqımda yazılmış vəzndən də, qiymətdən də ağır olan bir kitabın əlyazmasıdı. Müəllifi ünlü ədəbiyyatşunas alim Azər Turan uzun illərdən bəridir ki, mənim yaradıcılığımı, fəaliyyətimi, dünya görüşümü diqqətlə izləmiş, cəmiyyətdə, xalq içində, şairlər, ziyalılar arasındakı mövqeyimi bəlli etmiş, tədbirlərdə, yubiley törənlərində, görüşlərdə, səfərlərdə, mətbuatda, radio və televizor çıxışlarımı, bir sözlə, Zəlimxan Yaqub Şəxsiyyətinin həm acılı-şirin, həm enişli-yoxuşlu, həm də eşqli-məhəbbətli həyatını böyük ustalıqla qələmə almışdır. Əhsən ona! Sözümün canı var. Mən istərdim ki, bu kitabın bədii tərtibatını, dizayn həllini sən verəsən, öz səliqənlə, öz zövqünlə!...

Zəlimxan Yaqubun məhəbbət anlamı, məhəbbət sferası daha geniş, daha nurlu, daha əhatəli və daha ehtivalı olan GÖZƏLLİKdir.

Ona görə də mən odlu-alovlu şairin, odlu-alovlu məhəbbətinin bədii təsvirində fon - yerlik olaraq "Buta” nı verməyə, bütün hadisələri, mizanları, ifadə pofoslarını bu məhəbbət rəmzi olan "BUTA” nın zəmnində təqdim etməyə çalışdım.

Kitabın üz qabığına rəsm olunmuş Zəlimxan Yaqub ziyasının şüalanaraq TÜRK DÜNYASI na çevrilməsidə həmin məhəbbətin bədii təsviridir.

Bu qədər...

Rəssamın arzusu nə ola bilər?

Arzum budur ki, möcüzələr şairi Zəlimxan Yaqubun ulu məhəbbətinin rəngi heç zaman solmasın, bozarmasın, hələ neçə illər bundan belə də yeddi çalarda bərq vursun!