Brüsseldə Avropa Birliyi liderləri ilə görüşündən qayıdan Türkiyənin Baş naziri Əhməd Davudoğlu təyyarədə jurnalistlərin suallarını cavablandırarkən Avropa Birliyinə qarşı ittihamlar səsləndirib. AZADİNFORM Türkiyənin "Milliyyət” qəzetinə istinadən xəbər verir ki, Ə.Davudoğlu Türkiyədə söz və mətbuat azadlığının pozulmasını davamlı tənqid edən Avropa Birliyinə xatırladıb ki, Fransada təkcə "Charlie Herbo” jurnalının əməkdaşlarının qətl edildiyi həftədə 64 nəfər sosial şəbəkədə öz fikirlərini ifadə etdiklərinə görə həbs edilir, dindirilib və nəzarətə alınıb: Qərb isə buna göz yumub.
Ə.Davudoğlu Türkiyədə mətbuat azadlığı mövzusunda ittihamların çox əsassız olduğunu vurğulayıb: "Avropa Parlamentinin mətbuat azadlığı ilə bağlı hesabatını əlimə aldım və bir-bir soruşdum. Mənə həbs edilmiş jurnalistlərin adlarını verin. Bir ad söyləyə bilmədilər. İtalyan siyasətçi, Avropa Birliyi xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqeriniyə "bu barədə niyə tələsik və bizə müraciət etmədən belə bir açıqlama verdiklərini” soruşduqda "sizinlə əlaqə yarada bilmədik”, deyə, cavab verdi. Mətbuat azadlığı ilə əlaqədar bir şey söyləyən zaman dərhal ad istəyirik. Kimə mane olmuşuq, kimi həbs etmişik, ad verin deyirik, verə bilmirlər. 7 məhbus jurnalistimiz var, onların da hər biri konkret məzmunlu cinayət səbəbindən tutulublar”.
Baş nazir qeyd edib ki, Türkiyə diplomatları əsir düşdüyü zaman onların təhlükəsizliyini təmin etmək məqsədilə nəşr edilməməsi qərarı alınmışdı. Amma "The New York Times” və "Washington Post” bu müddətdə onlarla informasiya verdi. Bəs niyə amerkalılar İŞID-ın girovu olarkən ABŞ mətbuatı bu barədə yazmadı?”