Uorlikin “twit”ləri Qarabağın xeyrinə deyil

Əslində məsuliyyətsiz bəyanatlar sülh prosesinə ciddi əngəl törədir




ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik növbəti "twit” yazıb. O, monitorinq zamanı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulmasına münasibət bildirərkən qeyd edib ki, atəşkəs rejiminə əməl etməmək tərəflərin təhlükəsizlik təminatını açıq şəkildə pozması deməkdir.

Məlumat üçün bildirək ki, sözügedən təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq zamanı erməni silahlı bölmələri ordumuzun mövqeləri istiqamətində atəş açıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Azərbaycan tərəfdən monitorinqdə iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeni Şarov bildirib ki, əvvəlcədən müəyyən edilmiş monitorinqin keçirilməsi qaydalarına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi açmayıb və monitorinqin başa çatmasına müvafiq şərait yaradılıb.

Həmsədrin bəyanatını dəyərləndirən Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri, politoloq Aydın Ağayev "Şərq”ə açıqlamasında qeyd edib ki, Uorlikin yazdıqlarına önəm vermir: "Mənası da yoxdur. Söhbət ondan gedir ki, tərəflər deyir. Nə tərəflər? İşğalçılar torpaqlarımızda əyləşiblər. Cəbhə qurub, təmas xətti yaradıblar. Ondan soruşmaq lazımdır ki, işğalçının torpaqlarımızda nə işi var? İşğal faktını görməzdən gəlib, tərəflər deyirsə, onun söylədiklərinə münasibət bildirməyimin yeri yoxdur”.

Politoloq Elman Nəsirli vurğulayıb ki, Azərbaycan regionda təhlükəsizliyin və sabitliyin qorunmasında olduqca müsbət rol oynayır: "Amerikalı həmsədrin son vaxtlar mütəmadi şəkildə sosial şəbəkədə fəallığı münaqişənin həlli imkanlarına müsbət bir şey vəd etməyib. Əksinə, dalana dirənən proseslərə mənfi təsir göstərir. Təəssüf ki, bu gün onun mövqeyi ilə ermənilərin fikirlərində xüsusi harmoniya rol oynayır. Bu da neqativ haldır. Məhz bu səbəbdən də amerikalı həmsədr yaydığı bəyanatlarda daha da məsuliyyətli olmalıdır. Məsuliyyətsiz bəyanatlar nəticə etibarilə sülh prosesinə ciddi əngəllər törətmiş olur”.

Ayyət Əhməd