Bir müddətdir ki, ali məktəblərdə semestr imtahanları başlanıb. Bəzi universitetlərdə rüşvət mövsümünün ən qızğın çağıdır. Ona görə də tələbələrin narazılıqları, adətən bu vaxtlarda baş qaldırır. Həmin aylar yaxşı və ya pis oxuyan tələbə üçün ən gərgin dövrdür. Əlaçı tələbələr üçün vəziyyət ona görə çətindir ki, müəllimin "rüşvət dəzgahına" qalxmamaq məqsədilə əzmkarlıqla mübarizə aparacaqlar. Mübarizə yolunda isə çoxsaylı mənəvi və psixoloji təzyiqlərə rast gələcəklər. Pis oxuyanlar isə "ay ata, imtahanlarıma pul göndər" sözlərini deməkdən növbəti dəfə xəcalətlənəcəklər. Şübhəsiz ki, tələbəni oxuyan və oxumayan adı ilə sinifləşdirmək doğru səslənmir. Tələbənin ilkin və vacib missiyası oxumaqdır. Buna rəğmən bəzi ali təhsil ocaqlarında tələbələri oxumaqdan uzaqlaşdırırlar. Onlar rüşvətə alışdırılır. Bir sözlə, imtahanlarda şəffaflığı təmin edən tələbə deyil, həmin müəssisənin rəhbəridir. Bu səbəbdən rüşvət verən tələbəni də qınaq atəşinə tutmaq yanlış yanaşmadır. Onun korrupsiyaya bulanmamaq üçün müəllimlərlə mübarizəyə qalxması əhəmiyyətsizdir. Tələbə gözəl anlayır ki, sonda müəllimlər "paqon paqonu tapdamaz" prinsipi ilə davranaraq hansısa məsələdə onu bürokratik süründürməçiliyə məruz qoyacaq. Bu baxımdan ali məktəblərdəki vəziyyəti və imtahanların gedişatını öyrənmək üçün müxtəlif universitetlərdə təhsil alan tələbələr arasında sorğu keçirdik. Tələbələrin əksəriyyəti məlumat verərkən "amandır, adımızı yazmayın, bizi universitetdən qovarlar” deyərək təlaş keçirirdilər.
Azərbaycan Dövlət Neft Akademiyasının III kurs tələbəsi Nüsrət Qurbanov imtahanların qeyri-şəffaf aparılmasından gileylənib: "Pul tələb edirlər. Hamısı yazılı imtahanlardır. Kompüterlə vermirik. Tələbənin biliyi qiymətləndirilmir. Yazıb-oxumağa baxan yoxdur. Dekanatlıq hər
imtahanda pul istəyir. Müəllimlər çox açıq şəkildə deyirlər ki, "pul verməsən, kəsiləcəksən". Bir sözlə, bizdə tələbənin savadına hörmət sıfırın altındadır".
Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi Ruslan Əliyev imtahanların gedişindən razılıq ifadə edib: "İmtahanlar super keçir. Sualların sayını 300-ə endiriblər. Onlardan 50-i düşür. Biz də öyrənirik. Suallarda problem olmur. Problem olsa belə universitetdaxili apelyasiyaya müraciət edirik. Nəzarətdə də problem yaşanmır. Hətta sual yaranarsa, «qaynar xətt»ə müraciət edə bilirik. Bu günə qədər imtahanları 45+ yazmışam. Hər şey yaxşıdı».
Azərbaycan İqtisad Universitetinin adının çəkilməsini istəməyən II kurs magistrantı imtahanların ədalətsiz aparılmasına etiraz edib: "İmtahandaydım. İndi çıxdım. Bizdə kompüterlə deyil, yazılı imtahandı. Özüm yazıram. Qiymət vermirlər. 3-4 səhifə yazı yazıram, ortalama 18-27 bal alıram. Lakin müəllimə pul verib, kağız boş qalmasın deyə, ağzına gələni yazanlar 35-40 bal alırlar".
«Təfəkkür» Universitetinin 3 kurs tələbəsi Nəriman Mehdiyev imtahanlardan razıdır: "Düzdür, imtahanları kompüterlə deyil, biletlə veririk. İmtahan şəffaf şəkildə aparılır. Köçürməyə icazə verilmir. Rüşvətə də yaxın duran yoxdur".
İmtahanlarını kompüterlə verdiyini deyən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) tələbəsi Ceyhun Ələkbərov proseslərin şəffaf və ürəkaçan olduğunu iddia edir: "Doğrudur, əvvəlki illərlə müqayisədə bu il vaxt azlığı var. Bu da universitetlə deyil, Avropa Olimpiya Oyunları ilə əlaqədardır. Bütövlükdə isə imtahanlarımın çoxunu vermişəm. Kəsirim yoxdur. Ciddi nəzarət var. Bizdə rüşvət keçmir. Tələbə də məcbur qalıb, çalışır".
AZMİU-nun digər tələbəsi Kamran Eminov da vəziyyətdən razılıq etdi: "İmtahanlar əla keçir. Rüşvət söhbəti yoxdu. Narazı deyiləm. Hər şey yaxşıdır".
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Toğrul Vəlibəyli imtahan prosesini bəyənib: "İmtahanlar çox yaxşı keçir. Rüşvət yoxdur. Yeni rəhbərlik normal işləyir. Hələ ki test tətbiq olunmur. Qərargahlar mövcuddur. Hər şey əladır".
Azərbaycan Dövlət İqtisad Universitetinin adının açıqlanmasını istəməyən I kurs tələbəsi bir bala görə kəsildiyini dedi: "Yaxşı oxuyan olmağımı da heç nəzərə almadılar. İndi pul versəydim, mən də keçmiş olardım. Bu haqsızlıqdır. Otaqlara kamera qoyublar. Kimə, nəyə lazımdır ki, bu kameralar. İmtahan şəffaf aparılmırsa?! Əvvəldən pul verən tələbələr heç nə yazmadan otaqdan çıxır. Kamera bunu çəkir. Görəsən, universitetin rəhbərliyi baxıb demir ki, bu tələbə imtahanda heç 10 dəqiqə də oturmaya-oturmaya necə qiymət aldı? Özlərini elə göstərirlər ki, guya qanunla hərəkət edirlər. Mən bilmirdim ali məktəblər bu gündədir. Bilsəydim heç Azərbaycanda oxumazdım, Türkiyə universitetlərinə hazırlaşardım. Ən azı orada rüşvət yox, bilik işə keçir. Oxuyana qiymət verirlər. Bizdəki kimi hamı eyni səviyyədə götürülmür”.
Digər tələbə Aynur isə bir semestri başa vurmaq üçün ən azı 1000 manat pul çıxdığını deyir: "Pulun varsa, İqtisad Universitetində oxuya bilərsən. Burada bir semestri başa vurmaq üçün min manata yaxın pulun çıxır”.
Texniki Universitetin tələbəsi Səməd Abdullayev isə oxuyana güzəşt olunduğunu bəyan edib: "Oxuyanı kəsmirlər. Amma bunu bütün müəllimlərə də şamil etmək olmaz. Elə müəllimlər var ki, deyir, oxudun-oxumadın fərqi yoxdur, filan qədər gətirməlisən. Onu da bizə qrup nümayəndəsi vasitəsi ilə deyir”.
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) III kurs tələbəsi Türkan Vəliyeva bildirib ki, imtahanın qiyməti 50 manatdan başlayır: "3 almaq üçün 50 manat, 4 almaq üçün 80, 5 almaq üçün isə 110 manat verməlisən".
«Odlar Yurdu» Universitetinin adının çəkilməsini istəməyən tələbəsi isə kredit sistemindən şikayətləndi: "Burada təhsil haqqı və kredit sisteminin qiyməti çox yüksəkdir. Bəzən bilə-bilə kəsirlər ki, kredit ödəyək. İmtahanda kəsiləndə fənnin saatından asılı olaraq gedib banka pul ödəyirik. Bu isə bizi demək olar ki, bankrot edib. Rüşvət alsalar, bu bizə daha ucuz başa gələr. Bizim fakültədə bir fəndən qiymət almaq 300 manata başa gəlir. Universitet rəhbərliyinə 100 manat rüşvət verib imtahandan keçməkdənsə, tələbənin kəsilib 300 manat kredit ödəməsi daha sərfəlidir".
Özüm Azərbaycan Dillər Universitetinin II kurs magistrantıyam. İmtahan prosesi və bu təhsil ocağının formalaşdırdığı təhsil sistemindən çox razıyam: "İmtahanların əksəriyyətini bitirmişəm. Bizdə kompüterlə deyil, yazılıdır. Hər şey yüksək səviyyədə təşkil olunur. Şəffaflıq, obyektivlik və ədalətliliyin qorunmasına dair hər fakültədə imtahan qərargahı təsis edilib. Tələbə müraciət edərsə, şikayəti operativ şəkildə araşdırılır. Nəticələrə müvafiq də addımlar atılır. Çox ciddi nəzarət var. Bizə bir o qalır ki, qələmimizi götürüb, sualları cavablandıraq. Heç bir əngəl yoxdur. İmtahan müddəti fakültə dekanı, dekanlığın nümayəndələri, rektorluqdan təyin olunmuş nəzarətçilər, prorektorlar və rektorun özü gedişatı yoxlayır. Tələbənin hüquq və haqqının qorunması məqsədilə əllərindən gələni əsirgəmirlər. Təhsil sistemi və imtahan prosesi çox düzgün tənzimlənib. ADU-da imtahanlarla əlaqədar hansısa qanunsuzluğun şahidi olmamışam. Müəllimlər isə rüşvətə yaxın durmur. Elə vəziyyət formalaşıb ki, tələbənin oxumaqdan başqa çarəsi, yolu qalmayıb. Bu universiteti seçməyimə peşman deyiləm. Tələbələr üçün yaradılan bütün əlverişli şəraitə görə, hörmətli rektorumuz Səməd Seyidova təşəkkür edirəm».
Ayyət Əhməd