Putinin zəngi...

Küçə etirazları səngiyəcək



Ermənistanın Gümrü şəhərində baş verən ailə qətliamı ciddi siyasi və ictimai proseslərin vüsət almasına səbəb olub. Məhz bu hadisədən sonra ayağa qalxan erməni xalqı Rusiya ilə münasibətlərə yenidən baxılmasını tələb edib. Ən ciddi tələblərdən biri isə Gümrüdəki ruslara məxsus 102-ci hərbi bazanın Ermənistandan çıxarılması olub.

İrəvanla Moskva arasındakı münasibətlərin getdikcə pozulacağı ehtimal edilir. Artan etirazların Sarkisyan hakimiyyətini devirəcəyi də proqnozlaşdırılır. Hakimiyyəti itirmək qorxusu ilə yaşayan İrəvan hökuməti isə yeganə dayağı olan Rusiyanı itirmək istəmir. Ölkədəki gərginliyi və erməni ictimaiyyətinin ruslara olan nifrətini dəyərləndirən bəzi siyasi ekspertlər cərəyan edən hadisələrin ümumilikdə Azərbaycanın xeyrinə olduğunu düşünürlər. Onların fikrincə, Dağlıq Qarabağ münaqişəsində əsas düyün olan Rusiyanın Ermənistandakı hərbi bazasını bağlaması münaqişənin ədalətli həllində ciddi faktor ola bilər. Bununla yanaşı, Gümrü etirazları son geosiyasi proseslər fonunda da diqqət çəkir. Hazırda Ankara və Moskva yaxınlaşması müşahidə edilməkdədir. Rusiya öz qazının Avropaya "Türk axını” vasitəsilə çıxarmaq niyyətini açıqlayıb. Bu yaxınlaşmada əsas rol oynayan ölkə Azərbaycandır. Deməli, Ankara-Moskva-Bakı müttəfiqliyinin güclənməsi Ermənistanı "oyundankənar vəziyyətə” sala bilər. Amma bu ehtimalların zəif olduğunu düşünənlər də var.

Gərginləşməkdə olan Ermənistan-Rusiya münasibətlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edib-etməyəcəyini dəyərləndirən siyasi icmalçı Arzu Nağıyev deyib ki, baş verən proseslər münaqişənin həllinə heç bir müsbət təsir göstərə bilməz. Əksinə, daha ehtiyatlı və hazırlıqlı olmaq lazımdır. Çünki şəraitin nəzarətdən çıxması bəhanəsi ilə ermənilər və onların havadarları hər cür təxribata əl ata bilərlər: "Məlumdur ki, bütün bu proseslər Rusiyanın Ermənistanda dislokasiya olunan 102 saylı hərbi bazasının sürücü-mexaniki Permyakovun erməni ailəsinin 5 üzvünü qətlə yetirməsi və bir üzvünü ağır yaralamasından sonra baş verdi. Hadisədən sonra etirazlar başladı və tələblər irəli sürüldü. Ancaq bu günə qədər elə bir konkret nəticə əldə edilməyib. Son olaraq Rusiya Prezidenti Vladimir Putin Sarkisyana başsağlığı verdi və onu əmin etdi ki, məsələnin həlli istiqamətində qanun çərçivəsində addımlar atılacaq”. Politoloqun sözlərinə görə, rus hərbi bazasının Ermənistan ərazisindən çıxarılması qeyri-mümkündür və heç bir tərəfin xeyrinə deyil: "Ermənilərin əsas tələbi Permyakovun erməni tərəfinə təhvil verilməsi və yerli qanunlarla mühakimə edilməsidir. Tələblərdən digəri isə rus hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasıdır. Amma bu, qeyri-mümkündür və heç bir tərəfin xeyrinə deyil. Əlbəttə, belə olsaydı, bu hamıdan əvvəl Azərbaycanın xeyrinə olardı. Çünki 102 saylı hərbi baza Dağlıq Qarabağ münaqişəsinə təsir edə biləcək ən mühüm hərbi birləşmələrdən biridir. Geniş planda isə Türkiyə-Ermənistan sərhəddində yerləşərək, faktiki olaraq NATO-Rusiya sərhəddinə nəzarət edir”.

A.Nağıyevin qənaətincə, bu gün Ermənistanda baş verənlər daha çox müxalifət-iqtidar qarşıdurmasına bənzəyir: "Rusiya tərəfi də narahatlıq keçirir, müvafiq komissiyalar yaradır və təbliğat işi qurur. Bir sözlə, bütün rıçaqlardan istifadə edir. Çünki Ermənistanda Rusiya əleyhinə şüarlar səsləndirilir və bayraq yandırılır. Amma iqtisadiyyatının 70 faizdən çoxu Rusiyadan asılı olan Ermənistan nə edə bilər ki? Milyonlarla erməni miqrant Rusiyada yaşayır və işləyir. İstənilən antirus tələbi eyni zamanda onlara qarşı addımların atılması deməkdir. Nəzərə almaq lazımdır ki, həmin hərbi bazada yerli əhali də çalışır”. İcmalçı bildirib ki, sonda istintaqı Rusiyanın hərbi prokurorluğu aparacaq və müvafiq maddi kompensasiya müqabilində Ermənistan sakitləşdiriləcək: "Yəqin ki, Rusiya prezidentinin də son zəngi Sarkisyana və onun komandasına konkret ultimatum idi. Çünki öz vətəndaşlarını və bundan istifadə edən müxalifəti sakitləşdirə bilməyən Sarkisyan hakimiyyətini itirə bilər”.

İsmayıl