Nardarandakı aksiyanın arxasında sifariş də dayana bilər

Bütün hallarda karikatura olayına dinc yolla, konfranslar keçirməklə münasibət bildirilməlidir



Nardaranda "Charlie Hebdo” jurnalının islam peyğəmbərini təhqir etməsinə qarşı etiraz aksiyası keçiriləcək. Bu barədə Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov məlumat verib. İslama qarşı baş verən hadisələri pislədiklərini bildirən Şura sədri aksiyanın yanvar ayının 21-də, İmam Hüseyn meydanında baş tutacağını deyib.

Aksiyanın möhtəşəm olacağını vurğulayan N.Kərimov iştirak üçün ölkə müsəlmanlarına çağırış etdiklərini də bildirib. Şura sədrinin sözlərinə görə, indiyə qədər Nardaranda keçirilən heç bir aksiyaya maneçilik törədilməyib. Qeyd edək ki, Nardaranda planlaşdırılan etiraz aksiyası cəmiyyətdə birmənalı qarşılanmır. Bu cür aksiyaların ictimaiyyətdə narahatlıq doğurduğunu iddia edən ekspertlərin sözlərinə görə, Nardaran icması xarici ölkənin təsir dairəsindədir. Onların fikrincə, burdakı proseslər kənar qüvvələr tərəfindən idarə olunur.

Nəzərdə tutulmuş aksiyanı "Şərq”ə şərh edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli aksiya təşəbbüsünün arxasında bəlli sifarişlərin dayandığını deyib: "Nardarandakı həmin qüvvələr özlərini islam dininin "təəssübkeşi” kimi qələmə vermək istəyirlər. Ancaq bu aksiyaların arxasında hansı məqamların dayandığı hər kəsə bəllidir. Vaxtı ilə "İslam” Partiyası adlanan bir qrupun üzvləri Vətənə xəyanətdə ittiham olunublar. Onların İranın xüsusi xidmət orqanları ilə əlaqələri sübut olunub. Əfsuslar olsun ki, yenə də bəzi şəxslər vaxtı ilə və ya hazırda təmsil olunduqları siyasi partiyanın rəhbərlərinin buraxdığı səhvləri təkrarlamaqda davam edirlər. Azərbaycan dövləti baş nazirin müavini səviyyəsində Parisdəki olayla bağlı mövqeyini ortaya qoyub və Fransada keçirilən aksiyada çıxış edərək terroru pisləyib. Eyni zamanda karikatura hadisəsi ilə bağlı da dəfələrlə Azərbaycan ictimaiyyəti öz etirazını bildirib. Din xadimləri tərəfindən də karikatura təxribatı pislənilib. Həmçinin, kifayət qədər nüfuzlu şəxslər də mövqelərini bəyan ediblər. Belə şəraitdə çoxları tərəfindən qəbul edilməyən bir qrup "dindarın” "islam təəssübkeşliyi” adı altında yenidən meydana çıxması və aksiya keçirməsi indiki həssas məqamda məqsədyönlü bir

addımdır”. E.Mirzəbəyli bildirib ki, Azərbaycanda dini tolerant mühit mövcuddur və bu mühit xalqın düşüncəsindən, qədim tarixindən qaynaqlanır: "Ölkədəki tolerant mühiti pozmağa çalışan istənilən şəxs və qrup Azərbaycan xalqı tərəfindən lənətlənəcək və dövlətin qanunları tərəfindən cəzalanacaq”.

İlahiyyatçı-alim Hacı Atif İsmayılov deyib ki, müsəlmanlar əllərində başqa imkan olmadığına görə, əksər hallarda aksiya variantına üstünlük verirlər: "Müsəlmanlar öz etirazlarını media və ya başqa üsullar vasitəsilə göstərmək gücündə deyillər. Ona görə də bu cür aksiyalara əl atırlar. Əvvəlcə, bir şeyi vurğulayım ki, ayrı-ayrı jurnallar, qəzetlər islam peyğəmbərinin karikaturasını çəkirsə, bu, heç də həmin rəsmlərin mütləq olaraq peyğəmbərimizin təsviri anlamına gəlmir. O karikaturalar peyğəmbərimizin nə zahirini, nə də batinini əks etdirir. Əgər peyğəmbərin rəsmi mövcud deyilsə, onun karikaturasını necə çəkmək olar? Amma məsələ burasındadır ki, həmin rəsmlər ümumi anlamda islamın rəmzi olan peyğəmbərin adına təhqirdir. Müsəlmanların etirazı da sırf bu məqsədlədir və başadüşüləndir. Çünki belə məqamda islam ümmətindən sakitcə durmalarını gözləmək olmaz”. İlahiyyatçı bildirib ki, etiraz təkcə aksiya vasitəsi ilə olmamalıdır. Müsəlmanlar haqlı olduqlarını, təzyiqlərə, təhqirlərə məruz qaldıqlarını media vasitəsilə də dünya ictimaiyyətinə çatdırmalıdır: "Aksiya ən asan metoddur və təsiri o qədər də güclü deyil. Yaxşı olar ki, müsəlman topluluğu problemlərini masa arxasında, konfrans formasında həll etməyə çalışsınlar və öz tədbirlərinə qeyri-müsəlmanları çağırsınlar. Bu üsul daha effektli olar”.

İsmayıl