Məktəb artıq həqiqətən müəllimin iş yerinə çevriləcək

“Gündə 1-2 saat dərs deyən müəllimlər dərslərini deyib gedirlər. Ancaq bu belə olmamalıdır”



Ötən günlərdə prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılmasına dair sərəncam imzalayıb. Sənədə əsasən, sözügedən müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Bu istiqamətdə Nazirlər Kabinetinə də tapşırıqlar verilib. Sərəncamın 2015-ci il yanvarın 1-dən qüvvəyə mindiyi bildirilir.

Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü isə "Şərq”ə açıqlamasında bildirib ki, bu, ölkə təhsilinin keyfiyyətinə çox müsbət təsir göstərəcək: "Nəhayət, prezident Bakı müəllimlərinin timsalında müəllimlərin əmək haqlarının artırılması haqqında fərman imzaladı. Düşünürəm ki, dərs yükünün artırılması və əməkhaqqı sadəcə ucdantutma bir artırma deyil. Bu, paralel gedir. Həm müəllimlərin həftəlik dərs yükünün artırılması, həm də ona müvafiq olaraq əməkhaqqının artırılması təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək. Məktəb artıq müəllimin iş yerinə çevriləcək. Müəllimlər arasında 3, 6 saat dərs deyənlər var. Bu cür müəllimləri iki qrupa bölmək olar. Bir dərs deyənlər, yəni işləmək üçün məktəbə gələnlər, bir də özünü göstərmək üçün gələnlər. Gündə 1-2 saat dərs deyən müəllimlər dərslərini deyib gedirlər. Ancaq bu belə olmamalıdır. Məktəb müəllimin iş yeri olmalıdır. Müəllim dərsə hazırlığını, əlavə məşğələsini, testlərin tərtibini, laboratoriyanın digər dərs gününə hazırlığını dərs dediyi müddətdə yerinə yetirməlidir”.

Ekspert düşünür ki, dərs yükünün artırılması müəllimin peşəkarlıq səviyyəsinin yüksəlməsinə xidmət göstərəcək: "Əmək haqqının buna müvafiq olaraq artırılması müəllimin məsuliyyətini daha da artıracaq. Artıq müəllimdən hesab soruşulacaq ki, sən 18 saat dərsə görə 500-600 manat əməkhaqqı alırsan, buna müvafiq olaraq nələr edirsən? Bunların hamısı kompleks şəkildə təlimin keyfiyyətinin yüksəldilməsinə gətirib çıxardacaq”.

Müsahibimizin qənaətincə, qiymətləndirmə əsasında maaşların artırılması regionlarda da mərhələ şəklində davam etdiriləcək: "Dərs yükünün sınaq qiymətləndirilməsində müəllimin göstərdiyi nəticələrə uyğun olaraq müəyyənləşdirilməsi müəllimin öz üzərində peşəkarlığını artırmasını motivasiya edir. Mən mümkün baldan 40 bal toplamışamsa, dərs saatım 18 saat, digər aşağı bal toplamış müəllimin dərs saatı isə 6 saat olacaq. 6 saat dərsi olan müəllim artıq düşünməli, öz üzərində çalışmalı, yeni metodikaya, biliklərə yiyələnməlidir. Kitabı bağlayıb sabah da dərsdə açıb yalandan ala-yarımçıq dərs deyib getməklə məsələ bitmir. Bakı müəllimlərinin qiymətləndirilməsi eyni zamanda rayon müəllimləri üçün də bir mesajdır. Çünki bu islahat mərhələ şəklində həyata keçiriləcək. Mən bu islahatı müəllim əməyinin elmi qiymətləndirilməsi hesab edirəm”.

Ayyət Əhməd