Azərbaycanda söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə başçısının da qeyd etdiyi kimi, azad, plüralist, güclü media olmadan cəmiyyətin demokratik inkişafını, şəffaflığını təmin etmək mümkün deyil. Bu gün Azərbaycanda KİV-lərin fəaliyyətini tənzimləyən, bu və ya digər şəkildə ona aidiyyəti olan qanunların hamısı beynəlxalq standartlara tam uyğunlaşdırılıb.
Azərbaycan çox nadir ölkələrdəndir ki, mətbuatın inkişafına dövlət dəstəyi həyata keçirilir, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu siyasi mövqeyindən asılı olmayaraq müəyyən texniki şərtlərə uyğun gələn bütün qəzetlərə yüksək məbləğdə maliyyə vəsaiti ayırır. Azərbaycan Prezidentinin sərəncamı ilə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Bütün bunlar Azərbaycanda medianın ümumi mənzərəsini və vəziyyətini aydın göstərən mühüm şərtlərdir.
Amma təəssüflə qeyd etməliyik ki, beynəlxalq hesabatlarda, bəzi xarici medialarda Azərbaycandakı söz azadlığına qərəzli münasibət bəslənir, hakimiyyət məlumat azadlığını pozmaqda ittiham olunur. Hesabatlarda hər bir ölkə üçün xarakterik olan ayrı-ayrı mənfi hallar, bir çox hallarda təhrif olunmuş məlumatlar qabardılır və onların əsasında ümumi qənaət formalaşdırılmasına cəhd edilir.
Qeyd edək ki, hazırda ölkədə müxtəlif istiqamətdə kütləvi informasiya vasitələri fəaliyyət göstərir ki, həmin media strukturlarının da hər birinin öz oxucu kütləsi var. Son illər ərzində ölkədə mətbuatın inkişafına yaradılmış şərait, bu sahədə imzalanan sərəncam və fərmanlar isə mətbu orqanların sayının bir qədər artmasına səbəb olub. Həmçinin demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunan kütləvi informasiya vasitələrində fikir, söz və məlumat azadlığının yetərincə işıqlandırılması həmişə cəmiyyəti yaxından maraqlandırır. Plüralizm, informasiya azadlığı, ölkəmizdə medianın müxtəlif sferalarının ümumi vəziyyəti, Azərbaycan mətbuatının hazırkı problemləri, inkişaf meyilləri və perspektivləri, jurnalistikamızın hazırkı durumu ilə bağlı suallar, demək olar ki, hər kəsin maraq dairəsinə daxildir.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, professor Cahangir Məmmədli ilə söhbətimizdə onun beynəlxalq hesabatlarda ölkəmiz haqqında səsləndirilən ittihamlar, müasir mətbuatımızın durumu, fikir və söz azadlığı, məmur-jurnalist münasibətləri, jurnalist peşəkarlığı, ixtisaslaşma, o cümlədən də medianın müxtəlif sahələrilə bağlı fikirlərini öyrəndik.
- Beynəlxalq hesabatlarda ölkəmizdə söz, fikir azadlığının, insan haqlarının pozulmasına dair yer alan bəyanatlar nə dərəcədə inandırıcıdır?
- Beynəlxalq təşkilatlar yalnızca özlərinə sərf edən demokratik normaları özlərindən asılı vəziyyətə salmaq istədikləri ölkələrə yeritmək istəyirlər. Bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara qarşı tamamilə kəskin münasibətdəyəm. Azərbaycan cəmiyyətinin və mətbuatının öz ənənələri var. Bizim mətbuat ənənələrimizdə əsası Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə tərəfindən qoyulmuş və günü bu gün də davam etdirilən vətəndaşlıq, azərbaycançılıq kimi prinsiplər hökm sürür. Bizim bu prinsiplərdən çıxış etməyimiz bəzi qüvvələri narazı salır. Ölkəmiz haqqında beynəlxalq hesabatlarda səsləndirilən qərəzli fikirlər ittihamdan başqa bir şey deyil. Azərbaycan mətbuatı özünün qanunvericilik bazasına görə, dünyanın ən azad, müstəqil mətbuat nümunələrindən biridir. Azərbaycan mətbuatının qanunvericilik bazasına edilən hər dəyişiklik bütün dünyada qəbul olunmuş qaydalara uyğun edilir. Hətta Avropa Şurasının bir neçə eksperti etiraf edib ki, Azərbaycanın mətbuatla bağlı qanunvericilik aktları demokratiya və müstəqillik baxımından bir sıra qərb ölkələrindən də yüksəkdə dayanır. Bu nöqteyi-nəzərdən də Azərbaycanda mətbuatın durumu ilə bağlı irəli sürülən iddialar böhtan və qərəzdən başqa bir şey deyil. Bizim öyrənmək dövrümüz keçib. Biz artıq öyrədirik. Ona görə də "Azərbaycanda mətbuat, söz azadlığı pozulur” kimi ittihamlar Azərbaycanı istəməyən qüvvələrin uydurmalarıdır. Onların məqsədi Azərbaycan jurnalistlərini öz yanlarına çəkmək, hətta onlardan bir vasitə kimi istifadə etməkdir. Amma onların amalı baş tutmayacaq. Çünki Azərbaycanın mətbuat nümayəndələrinin böyük əksəriyyəti bu hesabatların yalan və uydurma olduğunu çox gözəl bilir. Mən də hesab edirəm ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığı var. Azərbaycanda söz azadlığı qanunlarla təsbit olunub. Azərbaycan Respublikasının Konstitusiyası hər bir Azərbaycan vətəndaşına tam hüquqlu, bütün mənalarda müstəqil şəkildə özünü ifadə azadlığı, söz sərbəstliyi verir. Konstitusiyamızın verdiyi hüquqlardan əlavə "KİV haqqında” qanun, həmçinin media sistemi ilə bağlı digər qanunların hər biri jurnalistlərə söz azadlığı verir. Ancaq biz bundan nə dərəcədə istifadə edirik, əsas problem budur. Tam əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanda istənilən adam, istədiyi sözü deməkdə sərbəstdir. Bu gün Azərbaycanda azad mətbuat var, "KİV haqqında” qanun Avropa Şurası tərəfindən bəyənilib və deyərdim ki, Avropa ölkələri sırasında çox ideal qanunlardan biridir. Ona görə bizim xoşbəxtliyimiz ondadır ki, biz azad söz deyə bilirik. Kimsə deyəndə ki, Azərbaycanda azad sözə imkan vermirlər, çox təəssüflənirəm, çünki biz hər birimiz deyək ki, iqtidarı tənqid etmək istəyiriksə, bunun üçün ayrıca mətbuat var, yaxud da müxalifəti tənqid etmək istəyiriksə, bunun üçün ayrıca mətbuat orqanı var. Bu mətbuat ayrılığını jurnalistlər özləri bölüblər. Azərbaycan Respublikasının qanunları mətbuatı bölməyib, hər bir jurnalist öz fikrini ifadə etməkdə müstəqildir, onun müstəqillik hüququ var.
- Jurnalist yetişdirən bir pedaqoq olaraq, Azərbaycanda mətbuatın durumunu necə dəyərləndirirsiniz?
- Azərbaycanda mətbuat, bütövlükdə KİV sistemi xeyli dərəcədə inkişaf edib. Bizdə mətbuatın fəaliyyəti ilə bağlı kifayət qədər hüquqi normalar formalaşıb, jurnalistlərin hüquqları və vəzifələri müəyyənləşdirilib. Qanunlarımız da yetərincə təkmildir. Hətta Azərbaycan Respublikasının "Kütləvi İnformasiya Haqqında” qanunu yalnız MDB məkanında deyil, bütün qərb dünyasında da çox yüksək qiymətləndirilib. Etiraf edim ki, 90-cı illərin əvvəllərində biz də qərb uydurmalarına çox meyl edirdik. Mən də aralarında olmaqla Jurnalistika fakültəsinin əksər müəllimləri hesab edirdik ki, jurnalist vətəndaşlıq mövqeyi göstərməli, əlinə düşən informasiyanı istənilən şərtlər altında cəmiyyətə ötürməlidir. Yəni ki, qərbin bizə demokratiya kimi aşıladığı prinsipləri öz dərslərimizdə təbliğ edirdik. Sonra isə şahidi olduq ki, bizə demokratiya təbliğ edən əcnəbilər özləri həmin prinsiplərdən uzaqdırlar. Yəni ki, faktiki olaraq qərb "molla deyir mən deyəni elə, amma mən eləyəni eləmə” prinsipi ilə hərəkət edir. Biz bunu dərk edəndən sonra yanıldığımızı gördük. Azərbaycan jurnalistlərinin 3-cü qurultayında Şirməmməd Hüseynov Üzeyir Hacıbəyovdan bir sitat gətirdi və bütün jurnalistlər onun bu açıqlamasını alqışla qarşıladı. Və qurultay həmin kodeksi qəbul elədi ki, "Bu Vətən də bizimdi, bu millət də bizimdi, bu dövlət də bizimdi, hətta bu hakimiyyət də bizimdi”. Ona görə də bu Vətəndən, bu dövlətdən yazan jurnalistlərimiz vətəndaşlıq mövqeyini də unutmamalıdır. Başda dekanımız Şamil Vəliyev olmaqla BDU-nun Jurnalistika fakültəsi bir neçə ildir öz fəaliyyətini bu konsepsiya üzərində qurub. Yolumuzdan dönməyəcək və getdikcə daha böyük uğurlara nail olacağıq.
- Peşəkarlıq baxımından bugünkü çap mətbuatının durumunu necə xarakterizə edərdiniz?
- Təbii ki, peşəkarlıq baxımından həmişə axsaqlıq və nöqsanlar olur. Amma prinsipcə, Azərbaycan jurnalistikası xeyli dərəcədə inkişaf edib. Xüsusilə də xəbər jurnalistikası və publisistika. Ənənələrimizə söykənərək dünyanın müasir və aparıcı mətbuat orqanlarının, telekanallarının ən müsbət örnəklərini mənimsəyən Azərbaycan mediası özünün ən yüksək səviyyəsinə qədəm qoyub.
Azərbaycan mətbuatında peşəkar jurnalistlərin sayı kifayət qədərdir. Belələri həm iqtidar, həm müxalifət, həm də müstəqil mediada var. Hətta deyim ki, böhtan, qərəz dolu yazılar yazan jurnalistlərin də arasında peşəkarlar var. Onlar o qədər peşəkarlıqla böhtan atırlar ki, onlardakı bu istedada heyran qalırsan.
Peşəkarlıq odur ki, gözəl üslubun olsun. Fikirlərini aydın və dolğun şəkildə ifadə etməyi, dünyanı və problemləri görməyi, həmin problemləri təhlil etməyi və onlardan nəticə çıxarmağı bacarasan. Ad çəkmək istəmirəm, ancaq bizdə bütün sadaladığım bu prinsipləri özündə cəmləşdirən jurnalistlər var. Xüsusən də, köşə yazarlarımızın arasında həqiqətən yazmağı bacaran, öz üslubları ilə seçilən, dünyanı görmə və gördüklərini ifadə etmə ustalıqları olan yetərincə jurnalist var. Təbii ki, Azərbaycan jurnalistikasının "reket” jurnalistika kimi bir bəlası da yox deyil. Özünü jurnalist hesab edən, əslində isə qarayaxma ilə məşğul olan, işi-peşəsi yalan və böhtan yazmaq olan qəzetlərimiz də var. Xatırlayırsınızsa, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev cənabları da jurnalistlərlə görüşündə bu problemi ön plana çəkərək, çox ciddi şəkildə öz etirazını bildirmişdi. Jurnalistikamız hər nə qədər inkişaf etsə də, ölkəmizin adına və inkişaf səviyyəsinə yaraşmayan çıxışlar edən jurnalistlər var. Biz bunu inkar etmirik. Əksinə, bu barədə öz narahatlığımızı dilə gətirərək həllinə çalışmalıyıq. Azərbaycan elə bir geosiyasi şəraitdə yerləşir ki, ətrafımızda baş verən bütün proseslər bizə bu və ya digər formada təsir göstərir. Yaxında da, uzaqda da bizi istəməyən qüvvələr var. Bütün bunların fonunda jurnalistikamızın içərisində düşmən sifətləri ortaya çıxanda bu bizi məyus edir. Yalan və böhtanla reytinq qazanmaq, sensassiya etmək peşəkarlığa çox ciddi zərbə vuracaq keyfiyyətlərdir.
(Davamı var)
Şəymən Aşırlı
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb