Ötən gün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Bakının Nizami və Sumqayıtın Qubadlı rayonları üzrə təşəbbüs qrupları yaradılıb. Beləliklə də son 10 gündə ADR hərəkatının 11 rayon üzrə təşəbbüs qrupu yaradılıb. Narazılar tərəfindən yaradılan hərəkatın genişlənməsini əsas gətirən bir sıra ekspertlər Qubad İbadoğlunun rəhbərliyi altında yeni partiya yaradılacağını iddia edirlər.
Onların fikrincə, gələcək partiyanın təməlləri ADR-in nəzdində atılacaq. Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da narazıların partiya yaratması ehtimalını istisna etməyib. Partiya funksioneri deyib ki, hərəkatı yaradanlar indidən gələcəkdə qurmaq istədikləri partiyanın təməllərini atmaqla məşğuldurlar. ADR Təşkilat Komitəsinin sədri Q.İbadoğlu da partiya yaratmaq variantının olduğunu bildirib: "Hərəkatın siyasi partiyaya çevrilməsi bu ilin proqram fəaliyyətində nəzərdə tutulmayıb. Amma strateji plan və müzakirələr başa çatmayıb. Partiya yaradılması alternativ variantlardan biridir. Partiya məsələsi nə vaxtsa gündəmə gələ bilər”. Lakin ADR daxilində partiya yaratmaq ideyasına tərəfdar olmayanlar var. Hərəkatın üzvü, Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli açıqlamasında partiyanı tərk etməyin tərəfdarı olmadığını bildirib. Hərəkata yeni üzvlərin qoşulduğunu bəyan edən E.Məmmədli partiya yaratmaq niyyətində olmadıqlarını söyləyib: "Bizə qoşulanlar müxtəlif partiyalardan olan adamlardır. Amma onların içində müsavatçılar üstünlük təşkil edir. Partiya yaradıldığı barədə şayiələr yayaraq bizim fəaliyyətimizə başqa don geyindirilir. Bu, birmənalı olaraq belə deyil.
Gələcək perspektivdən asılı olaraq qərar veriləcək. Mən müsavatçıyam və bu partiyanın üzvü olaraq da qalacağam”. E.Məmmədli vurğulayıb ki, Azərbaycan Xalq Cəbhəsi bir hərəkat olaraq Azərbaycana müstəqillik gətirdi. ADR isə demokratik cəmiyyət yaratmaq istəyən bir hərəkatdır: "Hərəkat yaratmaqda məqsədimiz budur, partiya qurmaq yox. Millətimizə xidmət edərək demokratiya və əhalinin rifahına çalışırıq. Ona görə də bütün partiyalar bizə qoşulub onu yönləndirmək istəyir. Müəyyən şəxslərin ürəyindən keçir ki, Qubad İbadoğlunun tərəfdarları partiyanı tərk eləsinlər”.
ADR-in Təşkilat Komitəsinin üzvü Hüseyn Məlik də açıqlamasında partiya yaratmaq məsələsinin gündəmdə olmadığını bildirib: "Mən Təşkilat Komitəsinin üzvü kimi bütün iclaslarda iştirak etmişəm. Lakin indiyə qədər Təşkilat Komitəsində bu məsələ nə müzakirə olunub, nə də təklif verilib. Bunun haradan qaynaqlandığını dəqiq deyə bilmərəm. Sadəcə olaraq, bu ideya Səxavət bəy tərəfindən irəli sürülüb. Lakin hazırda gündəmdə deyil”.
H.Məlik Gülağa Aslanlının "indidən gələcək partiyalarının təməllərini atmaqla məşğuldurlar” fikrinə sərt reaksiya verib: "Gülağa bəy qabaqcadan proqnozlar verməklə nostradamusluq edir. Gələcəkdə nə olacağını indidən demək olmaz”.
Narazılardan olan Səxavət Əlisoy isə ADR-in partiyaya çevrilməsini dəstəkləyir və bu imkanların böyük olduğunu düşünür: "ADR-in təşkilatlanması tempini siyasi arenaya çıxan ciddi partiyaların tempi ilə müqayisə etmək olar. Ancaq biz ADR-in partiyaya çevrilməsi, yaxud hərəkat kimi qalmasını qarşıya məqsəd qoymamışıq. Hələlik müzakirələr gedir. Bu, gələcəyin söhbətidir. Burada qərarlar kiminsə fikri ilə deyil, kollegial qaydada qəbul edilir. İndi bütün fikrimizi hərəkatın rayonlarda təşkilatlarının yaranmasına yönəltmişik. Hərəkatda müxtəlif siyasi partiyaların təmsilçiləri var. Bu da onu göstərir ki, tərəzinin siyasi tərəfi əyilir. Birbaşa partiya yaratmaq məqsəd deyil. Nizamnaməmizdə də siyasi partiya haqqında söhbət yoxdur. Bəlkə də hərəkat kimi qalıb fəaliyyət göstərəcəyik, yaxud siyasi partiyaya keçəcəyik. Bütün bunlar gələcək müzakirələrin nəticəsində bəlli olacaq”.
İsmayıl