Poroşenko Putinin hiyləsinə getməyəcək

Moskva sülh sazişi təklif etməklə Krımı unutdurmağa çalışır




Ukrayna prezidenti Petro Poroşenko Rusiya lideri Vladimir Putinin ötən həftə təklif etdiyi sülh planını rədd edib. Bunun Kiyevin əleyhinə işləyəcəyini deyən P.Poroşenko söyləyib ki, Ukrayna bir qarış torpağından da keçməyəcək:

"Bu sənəd Krımı unutdurmaq üçün ortaya atılıb. Hamımız mahiyyətini anlayırıq. Ona görə də bu yola getməyəcəm”. Şübhəsiz ki, Ukrayna prezidetinin addımı müxtəlif istiqamətlərə yozulur. Bunu ölkənin ərazi bütövlüyünün təminatı kimi dəyərləndirənlərlə yanaşı, Amerikanın diktəsi sayanlar da mövcuddur. Belə ki, görkəmli siyasi şərhçi Dmitri Babiç öz məqaləsində yazıb ki, rəsmi Vaşinqton Ukraynada ikinci Əfqanıstan yaradır. Onun sözlərinə görə, Kiyevə hərbi yardımın göstərilməsi Poroşenkonu konfliktin hərb yolla həllinə itələyir: "Obama "Ukraynanın azadlığına dəstək” Aktını qəbul etməklə özünü kifayət qədər məsuliyyətsiz apardı. "Bu, Ukraynada sülhə gətirib çıxarmayacaq. Bu, Avropanın mərkəzində yeni Əfqanıstan yaradacaq”.

D.Babiçin bəyanatını şərh edən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri "Şərq”ə açıqlamasında qeyd edib ki, hər şeyi ABŞ-ın adına yazmaq doğru deyil. Çünki Ukrayna lideri sülh planını qəbul etsəydi, qərbə interqasiya yolunu tutanları özünə qarşı qaldırmış olardı: "Kreml Dombasda yaratdığı faciəvi durumdan qaçmaq və bütün məsuliyyəti Ukraynanın üstünə qoymaq istəyir. Qərbin sanksiyalarına tab gətirə bilmir”. Ekspert hesab edir ki, Moskva sülh sazişi təklif etməklə Krımı unutdurmağa çalışır: "Krım işğaldadır. Saziş qəbul olunardısa, birmənalı olaraq Ukrayna öz torpağı olan Krımı unutmalı olacaqdı. Poroşenko bunu dəstəkləyə bilməzdi. Bundan sonra Ukraynada hakimiyyətə gələn heç bir iqtidar Krımdan vaz keçməyi diktə edən sənədə imza ata bilməz. Bunun ABŞ-ın göstərişi ilə rədd edildiyini düşünmək yanlış yanaşmadır. Bu, Ukraynanın strateji maraqlarına xidmət etməyən sənəd olduğu üçün Poroşenko imtina edib. Hazırda atəşkəsin pozulması da bu yöndə baş verir”.

Politoloq onu da əlavə edib ki, indiki halda Rusiya-Ukrayna arasında savaş gözlənilmir: "Bu, nə Moskvanın, nə də Kiyevin mənafeyinə uyğundur. Hər iki ölkə iqtisadi cəhətdən zəifləyib. Bu səbəbdən müharibənin başlayacağına inanmıram. Üstəgəl, Rusiya tam gücdən düşməyib. Hələ də hegemonluğunu qoruyub-saxlayır. O, nəinki Ukrayna, eyni zamanda bir çox Şərqi Avropa ölkələrini çökdürə biləcək hərbi qüdrətə malikdir. Poroşenko bunları anlayır. Şimal qonşumuzla hərbi toqquşmalara girməkdən ehtiyatlanır”.

Ayyət Əhməd