Kirayədə yaşayan tənha qadınlar...

Artıq onlara Bakının hər yerində rast gəlmək olur



Küçədə əl açıb dilənən insanları hamımız görürük. Çox zaman hallarına acıyıb, Allah rizası üçün pul da veririk. Fərqi yoxdur, qadın, uşaq və ya kişi, bu insanları, sadəcə, dilənçi hesab edirik. Qucağında körpəsi dilənənlərə, hətta bəzən, hirslənənlər də olur; bu soyuqda uşağa yazığı gəlmir!.. Onlar arasında peşəkarlar, dilənməyi özünə peşə seçənlər, həyatlarını buna bağlayanlar az deyil. Amma həqiqətən də, ehtiyac üzündən dilənənləri, insanların mərhəmətinə ümid bağlayanları da var. Biz ki, kimin nə vəziyyətdə olduğunu bilmirik. Gördüklərimiz yalnız zahiridir. Batinə bələd deyilik. Bəlkə də dilənənlərdən hansısa utandığından, "yer yarılsa yerə girər”. Uşağını yedirtmək üçün dilənmək məcburiyyətindədir. Bəlkə hansınınsa, getməyə evi, gecələməyə bir yeri yoxdur. Həqiqətən də dərman almağa pul tapmayanlar, xəstə uşağını müalicə etdirə bilməyənlər var.

Təbii, yalançılar, insanların şəfqətindən sui-istifadə edənlər, başqalarının qazancı hesabına yaşamağı özünə həyat amalı seçmişlər də var. Sadəcə, ayırd etmək çətindir. Kimsəsizliyinə, çarəsizliyinə əmin olduğumuz bir neçə insan var ki, onlara "bomj” deyilir. Tinlərdə, günc-bucaqda zibil yeşiklərinin əhatəsində yaşayanlardır onlar. Vəziyyətləri hər hallarından bəllidir onların. Amma bulunduğu ağır durumu ilk baxışdan müəyyənləşdirmək mümkün olmayanlar da var ki, onların ovcuna 20-30 qəpik, bir az artıq comərdlik etsək, uzaqbaşı 1 manat qoyuruq. Bununla yaraları sağalırmı o insanların?
QHT. Xəbər.az saytının redaktoru Sənan Nəcəfov bu günlərdə oxşar mənzərə ilə qarşılaşıb. Küçədə bir qadını qucağında körpəsi, yanında da oğlan uşağı görən redaktor ona yaxınlaşıb.

Soyuq havada, asfaltın üstündə yatan uşaq...

S.Nəcəfov gördüklərini sosial şəbəkədə dostları ilə paylaşıb:
- İş elə gətirdi ki, dostları evə mən aparıb qoymalı oldum. Səhər saat 5-də evə qayıdırdım. Binaya dönəndə yolun qırağında kiminsə oturduğunu gördüm. Yaxınlaşdım və dəhşət bir mənzərə... Bir qadın, qucağında bir körpə uşaq, yanında isə 3-4 yaşlarında oğlan uşağı... oğlan başını anasının dizinə qoyub yatıb. Havanın bu soyuğunda, asfalt üstündə yatan uşaq!.. Təsəvvür edirsiniz?! Dəhşətə gəldim. Maşını dərhal saxladım:

- Niyə burdasınız?

- Ev kirayəsinə görə evdən qovublar... (ağladı)

- Nə qədərdi?

- "x” manat

Heç fikirləşmədən əlimi atdım cibimə...
Sonra arxamca nə dediyini xatırlamıram. Qəhər məni boğurdu, ürəyim sancırdı. O uşağın baxışları həyatımın sonuna qədər məni izləyəcək.
Amma bir şeyə əmin idim. Onları maşınla aparsaydım, ev kirayəsinə görə 2 uşağı çölə atan ev sahibini öldürəcəkdim. İnanın öldürərdim. 3 balamı gözü yolda qoymaq istəmədim... Çox xahiş edirəm. Kiminsə rastına çıxarsa, ya ki tanıyırsa, xəbər etsin. Bir tədbir görək. 24-25 yaşlarında qadındır.

P.S. Dua edirəm ki, kimsə tanış çıxsın. Paylaşımın da məqsədi bu idi.

S.Nəcəfovun bu paylaşımından sonra sosial şəbəkədə mövzu ətrafında maraqlı müzakirə açılıb. Redaktorun əməlini bəyənənlərlə yanaşı, qadının fırıldaqçı olmadığına şübhə ilə yanaşanlar da olub:

- Dr.Zaur Qarabaği. Sənan Nəcəfov, sənə qurban olum, o evin yiyəsin tapaq... mütləq... nə olar...

- Şahmərdanlı. İnsan dərdli olduğu qədər insandır.

- Söhrab Abbasov. Sənan, çox gözəl... ancaq belə insanlar çoxdu... ancaq bunlardan biri sənin qarşına çıxdı və bir aylıq kirayə haqqını sən ödədin... allah əvəzin versin... xeyirxahlıq gözəldir və təqdirəlayiqdir.
Ancaq... Ancaq cəmiyyətin problemlərini Sən və səninlə birgə dostların yığışsaq belə bu cür həll edə bilmərik...

- Dilman Şahmərdanlı. Söhrab bəy, həll yolu nədir?

- Söhrab Abbasov. Sosial müdafiəmizlə məşğul olan bir qurum yəqin ki, var...

- Ay Nil. Görəsən, üzr istəyirəm, əri ölmüş, 2 uşaqla qoyub hara rədd olub gedib, yaxud bu qadın əyalətlərdən Bakıya tüstü qoxusuna qaçanlardandımı? Belə hallarla çox rastlaşmışıq, dəfələrlə də aldanmışıq deyə mənim kimi həssas biri də artıq hər kəsə az da olsa şübhə ilə yanaşmağa başlayıb.

Müzakirələrə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də qoşulub:

"Kaş ki bizim sığınacağa gətirəydiniz, onsuz da bir müddətdən sonra yenə kirayə ödəməlidir”.

Birdəfəlik yardımlar yaranı sağaldırmı?

AUB-nin sədri K.Ağayevanın rəyi kimsəsiz və köməksiz insanların problemlərinin köklü həllinin vacib olduğunu göstərir. Deməli, birdəfəlik yardımlarla yaralar sağalmır. Ancaq müəyyən müddətə keçinmək olur...

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da "Şərq”ə açıqlamasında kimsəsiz, zorakılığa məruz qalmış, insan alveri qurbanı olmuş qadınların sığınacaqlara yerləşdirilməsində problemlər olduğunu dedi:

- Paytaxtda bir neçə sığınacaq var. Daxili İşlər Nazirliyinin insan alveri qurbanları üçün sığınacağı, bizim "Təmiz Dünya” təşkilatının sığınacağı, bildiyim qədər Gəncədə "Təmas” Təşkilatının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən sığınacağı var, bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də 2 sığınacağı və 11 qadın mərkəzi mövcuddur. Amma adlarını çəkdiyim bu sığınacaqların heç biri sosial sığınacaq tipli deyil. Hamısının özünəməxsus istiqaməti, funksiyası var. Məsələn, insan alveri qurbanları üçün sığınacağa kimsəsiz, köməyə ehtiyacı olan insanları yerləşdirmək mümkün deyil. Adından da göründüyü kimi bu tip sığınacaqların funksiyası fərqlidir. Kimsəsiz insanlar, istər qadın olsun, istər uşaq, onlar üçün xüsusi sosial yataqxana tipli sığınacaqlar olmalıdır. Hazırda buna ehtiyac var. Amma sosial yataqxanaların yaradılması o anlama gəlməməlidir ki, insanlar burada kefləri istədiyi qədər yaşasınlar, dövlət də onlara vəsait ayırsın. Sosial yataqxanalarla bağlı xüsusi proqram icra olunmalıdır. Burada peşə yönümlü proqramlar icra edilməlidir. Sığınacağa qəbul olunanlarla reabilitasiya proqramlarının icrası ilə bağlı müqavilə bağlanmalıdır. Bu insanlara başa salınmalıdır ki, bu proqramda sonadək iştirak edəcəklər. Passivlik nümayiş etdirməyəcəklər. Müəyyən peşəyə yiyələnməyə səy edəcəklər, işləyəcəklər və sərbəst yaşamaq imkanı əldə edəcəklər. Çünki çox zaman şahidi oluruq ki, sığınacağa yerləşdirilmiş qadınlar dövlət və ya fərdi şəxslər tərəfindən himayə olunmağa vərdiş edirlər. Amma sığınacaq ömürlük yer deyil. Orda həmişəlik qalmaq olmaz. Məsələn, bəzən bizim sığınacaqda 12 qadın yerləşdirilmiş olur. Sığınacaq elə 12 yerlikdir. Sonra gələn qadınları bizim qəbul etmək gücümüz olmur. Düzdür, bizə də kimsəsiz, köməksiz qadınlar gəlib və onları yerləşdirmişik, sadəcə, insanlıq naminə bunu etmişik. Amma onların himayəsi, qidası, geyimi, artıq şəxsi hesabdan, həyata keçirdiyimiz layihələrdən əldə edilən gəlir hesabına ödənilib. İstəməmişik, razı olmamışıq ki, kimsə küçədə qalsın, uşağı soyuqdan donmasın, sığınacağa yerləşdirmişik. Amma yenə də deyirəm ki, bu, müvəqqəti yardımdır. Biz bu insanları daimi himayəyə götürə bilmərik, buna imkanımız çatmaz. Bəzən yanlış təsəvvür yaranır ki, qeyri-hökumət təşkilatlarına külli miqdarda vəsait ayrılır, odur ki, kimsəsizlərə baxsınlar.

Kimsəsizlərin reabilitasiyası vacibdir

M.Zeynalova qeyd etdi ki, sığınacaqlar sosial evlər deyil. Hər birinin öz iş prinsipi, öz fəaliyyət istiqaməti var. Ona görə də sosial yataqxanaların yaradılması vacibdir:

- Amma bu şərtlə ki, ora cəlb olunanlar müəyyən müddət ərzində qalacaqlarını, bu müddətdə reabilitasiya proqramlarında aktiv iştirak edəcəklərini və daha sonra cəmiyyətə reinteqrasiya olunacaqlarını bilsinlər və bununla bağlı müqavilə şərtləri ilə tanış olsunlar. Küçədə gecələyənlər, getməyə yeri olmayanlar uzunmüddətli yardıma ehtiyacı olanlardır. Bunlar elə insanlardır ki, heç yerdə işləmirlər, qazancları yoxdur, uşaqlarını tapşıracaq yer də tanımırlar. Belə insanlar müəyyən peşəyə yiyələndikdən sonra iş yeri ilə təmin edilməlidirlər ki, özlərini və uşaqlarını təmin edə bilsinlər.

M.Zeynalova "Təmiz Dünya”nın sığınacağına yerləşdirilən qadınlarla belə bir müqavilə bağlandığını bildirdi:

- Biz sığınacağa üz tutmuş qadınlarla belə müqavilə bağlayırıq. Çünki qadın bilməlidir ki, o sığınacaqda müvəqqətidir. Bura daimi qalmaq üçün yer deyil. Onlar öz həyatlarını dəyişdirməlidirlər. Əks halda, passiv iştirakçıya çevrilirlər. "Ver yeyim, ört yatım” prinsipi ilə günlərini keçirmək istəyirlər. Amma belə vəziyyət çox davam edə bilməz və bu, mümkün də deyil. Ona görə də biz sığınacağa yerləşdirdiyimiz qadınlarla müqavilə bağlayırıq; davranışları, sağlamlıqları ilə bağlı. Və reabilitasiya proqramında iştirakları ilə bağlı. İlk növbədə onların vəziyyətini psixoloq dəyərləndirir, mövcud resursları araşdırır və toplayır. Qadının kimi var, qohumu, tanışı ona sahib çıxa bilərmi və s. Reabilitasiya dövrü 3 aydan 1 ilədək uzana bilər. Hüquqi məsələlərin həllinə görə də müddət uzana bilir. Körpəsi olanları bir qədər çox saxlayırıq. Amma sonda hər kəsin öz evi, öz yuvası olmalıdır. Sığınacaqlar necəliyindən asılı olmayaraq müvəqqətidir. Sosial yataqxanalar isə kimsəsizlərin və köməksizlərin cəmiyyətin fəal üzvü olmasında böyük rol oynaya bilər.

Məlahət Rzayeva