Evlənmək istəyən gənclərin ailəsi izdivaca razı olmayanda və ya qızın özü oğlana ərə getmək istəməyəndə, onu zorla qaçırırlar. Azərbaycanda qız qaçırmaq ənənəsi yüz illərdir mövcuddur və hazırda özümüzü nə qədər müasir hesab etsək də, bu gün də davam etdirilir. Qızqaçırma deyiləndə, ağla iki hadisə gəlir: birincisi, qızın özünün sevdiyi oğlana könüllü qoşulub qaçması, ikincisi isə, hətta qızın qarşı tərəfə ən kəskin etirazına, nifrətinə baxmayaraq qaçırılması.
Birinci halla bağlı məqamlar aydındır - qız müxtəlif səbəblərdən, məsələn, valideynlərinin onun sevdiyinə verməməsi ilə əlaqədar qoşulub qaçır və s. Amma ikinci halla heç cür razılaşmaq olmur, odur ki, qanunun belələrinə qarşı daha da sərtləşdirilməsinin vacib olduğunu düşünürsən. Bəziləri bunu məhəbbətin qüdrəti hesab etsələr də, adam oğurluğu olmasının fərqində deyillər. Belə halların qarşısının alınmasında bəzən qanunlar da aciz qalır.
Qeyd edək ki, son zaman qızqaçırma halları çoxalıb. Məsələnin müzakirəyə çıxarılması isə qaçırılan qızların azyaşlı olması ilə bağlıdır. Belə ki, Ucar rayon Yuxarı Şilan kəndinin sakini 16 yaşlı Minəxanım Mikayılova məktəbə gedərkən oğurlanıb. Həmin kənd sakini Əfsuz Allahverdiyev və onunla birlikdə iki xalası oğlu qızı avtomobilə məcburi mindirərək naməlum istiqamətə aparıblar. Qızının qaçırıldığını bilən atası Nizami Mikayılov dərhal DİN-in 102 "qaynar xətt”inə və Ucar rayon polis şöbəsinə məlumat verib. Məlumata görə, Ə.Allahverdiyev 11-ci sinif şagirdini evlənmək məqsədi ilə qonşu rayona qaçırıb. Onlar polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon istiqamətinə gedərkən saxlanılıblar. Əfsuz Allahverdiyevin sözlərinə görə, onların əvvəldən də qohumluq əlaqəsi olub. Valideynlərini qaçırdığı qız üçün el adəti ilə elçi göndərsə də, Minəxanımın atası razılıq verməyib. Razılıq olmadığını görən Əfsuz xalası oğlu Yuxarı Şilyan kənd sakini Rusif Dadaşov və onun qardaşı Hüseyn Dadaşovla Minəxanımı qaçırtmaq qərarına gəlib.
Qızı məcburi şəkildə qaçıraraq, onunla evlənən şəxslərin hüquqi məsuliyyəti bəs nədən ibarətdir?
Hüquqşünas Müzəffər Baxışın sözlərinə görə, qız qaçıran şəxs Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə məsuliyyət daşıyır. Qız könüllü getdiyi zaman isə burada məsələ bir az dəyişir:
"Artıq adam oğurluğundan söhbət gedə bilməz. Bu əməl cinayət məsuliyyəti daşımır. Bu məsələdə ancaq nikaha girmə qaydaları pozula bilər. Bu məsələyə görə isə inzibati məsuliyyət var”.
Ekspert hesab edir ki, qızı qaçırmaq qəsdi nikaha yönəlibsə, 14 yaşında qaçırılsa da, problem olmamalıdır: "Ancaq bizim hüquq-mühafizə orqanı əməkdaşları bunu Cinayət Məcəlləsində 16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmə maddəsi ilə tövsif edirlər. Bu isə düzgün deyil. Çünki qız qaçıran şəxsin qəsdi cinsi əlaqəyə yönəlməyib. Nikah yaşına çatmayan şəxslə nikah münasibətinə girməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Köhnə Cinayət Məcəlləsinin 129-cu maddəsi vardı. Orada cinayət məsuliyyəti nəzərdə tutulmuşdu, 1996-cı ildə məcəllədən çıxardılar”.
M.Baxış qeyd edib ki, hazırda 16 yaşına çatmayan qızı qaçırmaq Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilir.
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrincə, qız qaçırma qanun olan yerdə ənənə deyil, qadın zorakılığı adlandırılmalıdır: "Belə hallara iş həyatında çox rast gəlmişəm. Hətta bir dəfə qızı zorla qaçırtmışdılar, sonra həmin qız dedi ki, o insan mənə təcavüz etməsə də, onu həbsə atdırmalıyam. Çünki onunla bir yerdə yaşaya bilmərəm. Ərizə yazandan sonra oğlana cəza verildi. Yəni bəzən belə qürurlu qızlara da rast gəlirik. Qanun olan yerdə bunu "ənənə” adlandıra bilmərik, bu, zorakılıqdır. Bu kimi halların qarşısı qanun çərçivəsində alınmalıdır. Öz istəyi ilə qaçırılan qızlar isə başqa məsələ. Belə qızlar ailəsi izdivaca razı olmayanda oğlanla öz aralarında bunu həll edirlər. Hər hansı bir qız öz istəyi ilə qaçırsa, bunu qadın zorakılığı adlandırmaq olmaz. Bəzən qızı istəməyərəkdən qaçırırlar, qız isə biabır olmasın deyə, etiraf edir ki, mən özüm gəlmişəm. Belə hallar da olur. Bütün növlərdə bu, qadına qarşı zorakılıqdır”.
Sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, dağ rayonlarında və kəndlərində qız qaçıran oğlana qəhrəman kimi baxırlar. Amma elə rayonlar da var ki, qızı qaçırılan ailə hədsiz dərəcədə mənəvi sarsıntı keçirir, bu isə son nəticədə düşmənçiliyə səbəb olur. Sosioloqun sözlərinə görə, bu məsələdə əsasən maddi amillər böyük rol oynayır. Bu vasitəyə iqtisadi durumu yaxşı olmayan ailələr daha çox əl atırlar. Bəzən qaçırılan qızlar sevmədiyi biri ilə ailə qurmaq istəmir və geri qayıtmağa özlərində güc tapırlar: "Cəmiyyət bu cür qızlara birmənalı baxmır. Şəxsən tanıdığım bir ailənin başına bu cür əhvalat gəlmişdi, qızın əl-qolunu burub zorla qaçırmışdılar, heç mənzil başına çatmamış yolda maşını saxlayıb və qızı geri qaytarmışdılar. Amma cəmiyyətin qınağı o qızın həyatını məhv etdi. İnsanlar "əl dəyib, qaçırılıb, artıq alan olmaz” deyə qeybət edir bu cür hallar olanda”.
Şəymən