Qızıla çox güvənməyin

Onun qiymətinin sabit olması gözlənilən deyil



Azərbaycanda qızıl məmulatları 20-30 faiz bahalaşıb. Paytaxtın böyük ticarət mərkəzlərində satılan qızılın qiymətində isə xeyli artım müşahidə edilir. Ekspertlər isə qiymətin artmasına səbəb kimi Vergi Məcəlləsində edilmiş son dəyişiklikləri əsas gətirirlər. Həmçinin iqtisadçılar buna baxmayaraq hazırda bu sahəni prioritet sahələrdən hesab etmir və bu sahəyə sərmayə qoymağı məsləhət görmürlər.

"İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev "Şərq”ə bahalaşmanın əsasən qızılın qramla satışında müşahidə olunduğunu bildirib: "Lakin aksiz verginin qızıl məmumlatlarına 0,80 qəpik - 2 AZN arası aksiz vergi tətbiq olunduğu bildirildiyi halda, qiymətin qeyd edilən məbləğ civarında artacağı gözlənilirdi. Lakin qızılın qramla satışında daha çox artımlar hiss olundu. Çünki belə vəziyyətlərin yaranması cəlbedici görsənir və qiymət artımından sui-istifadə edərək qiymətləri daha çox qaldırırlar”.

R.Atakişiyev təklif edir ki, süni qiymət artımına və mötəkirlərə qarşı tədbirlər həyata keçirilməlidir: "Bundan əlavə, qiymət artımının aradan qaldırılması istiqamətində işlər aparılmalıdır”.

Ekspert hesab edir ki, qızıl bazarında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün azad rəqabət mexanizmləri formalaşdırılmalıdır: "Amma investisiyalar üçün qızıl bazarının prioritet sahə kimi önə verilməsi bu gün üçün aktual deyil. Çünki ölkə iqtisadiyyatında istehsalın və xidmət sektorunun müxtəlif növləri üzrə daha prioritet sahələr var ki, ora investisiyaların yönəldilməsi daha çox vacibdir”.

Məlumat üçün bildirək ki, 2014-cü ildə qızılın qiyməti bir neçə dəfə qalxıb və düşüb. Belə ki, keçən ilin mart ayında qızılın bir ünsiyası (31 qram) ən yüksək həddə çataraq 1400 dollara qədər qalxmışdı. Lakin 2014-cü ilin noyabr ayında Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalarla əlaqədar qızılın dəyəri sonradan düşərək 1200 dollardan da aşağı qiymətə təklif edilirdi. Ancaq bu ilin yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılması və dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan analoji məhsulların xərcinin yüksəlməsi də qiymətlərə təsir etdi.

Vüqar Şahinoğlu