Fransanın "Charli Hebdo” jurnalı redaksiyasında baş verən qətliamdan sonra islam və xristian dünyası arasında qarşıdurmanın baş verəcəyi proqnozlaşdırıldı. Bunun səbəbi isə terroru törədənlərin müsəlman olmaları ilə izah olunurdu. Bu baxımdan olay yenicə yaşananda bəzi tanınmış ekspertlər müsəlman ölkələrinin hadisəni pisləməli olduğunu iddia edirdilər.
Lakin son günlər deyilənlərin əksini müşahidə edirik. Bu səbəbdən ehtimallar özünü doğrultmağa başlayıb. Belə ki, "Şərq” qəzetinin "Agence France-Press”ə istinadən verdiyi məlumata görə, Seneqalın paytaxtı Dakarda davamlı olaraq Məhəmməd peyğəmbərin karikaturalarını dərc edən adıçəkilən jurnala qarşı kütləvi etiraz aksiyası keçirilib. Paytaxt küçələrinə axışan nümayişçilər Fransanın bayrağını yandırıblar. Ölkə polisinin yürüş iştirakçılarına qarşı gözyaşardıcı bombalardan istifadə etməsinə rəğmən narazılıqlar səngiməyib. Aksiyaçılar "Charli Hebdo, peyğəmbərimizə toxunma”, "küfr etmə” kimi şüarlar səsləndiriblər. Hətta bir qrup etirazçı ölkə başçısı Maki Solunu nümayişə qatılmamaqda ittiham edib: "Prezident ikiüzlüdür. O da bu aksiyada iştirak etməlidir”. Məlumat üçün bildirək ki, bu günlərdə nigeriyalılar da Fransanın bu ölkədə olan mədəniyyət mərkəzini yandırıblar. Hadisə nəticəsində 4 fransız vətəndaşı dünyasını dəyişib. Eyni zamanda Türkmənistan və Əlcəzairdə sözügedən media quruluşuna qarşı etirazlar baş qaldırıb. Və bu dalğa getdikcə genişlənir.
Jurnala qarşı keçirilən nümayişlərin geniş miqyas almasını düzgün saymayan politoloq Qabil Hüseynli "Şərq”ə deyib ki, bu, Avropadakı müsəlmanların ziyanına işləyə bilər: "Məsələn, Nigeriyada müsəlmanlar 6 xristian kilsəsinə hücum edib, dağıdıblar. Pakistanda Qərb ölkələrinin bayraqlarını yandırıblar. Belə davranışlara yol verilməli deyil. Nəzərə alınmalıdır ki, Avropada xeyli sayda müsəlman yaşayır. O müsəlmanların vəziyyəti ağırlaşa bilər. Digər tərəfdən belə aksiyalar Avropada islamafobiyanın yayılmasına və güclənməsinə təkan verir”.
Analitikin sözlərinə görə, sonuncu terror faktına görə Avropa ölkələri miqrasiya haqqında qanuna dəyişikliklər etməyi düşünür: "Son günlər Fransada millətçilər fəallaşıb. Onların sayı getdikcə yüksəlir. Təsir əks təsirə bərabərdir. Müsəlman ölkələri mübarizəni intellektual formada aparmalıdırlar. İsbat etməlidirlər ki, Məhəmməd peyğəmbər dünyaya yeni sivilizasiya gətirib. Onun bütün parametrlərini açıb, göstərmək lazımdır. İslamın sülh, barışıq və əminamanlıq dini olmasını sübuta yetirmək lazımdır. Bayraq yandırmaq və prezidenti döyüşə səsləmək hünər deyil. Bütün faktları Avropaya elmi araşdırmalarla, inandırıcı şəkildə təqdim etsək, təhlükəsiz olduğumuzu asanlıqla sübut edə bilərik. Üstəgəl, xristianların islam haqqında yanlış düşüncələrini ifşa etmiş olarıq”.
Ekspertin qənaətincə, hazırda xristian və müsəlman dünyasını üz-üzə qoymaq istəyən siyasi qüvvələr mövcuddur: "Buna nail olmaqla müəyyən mənfəətlər əldə etməyə çalışırlar. Məsələni intellektual səviyyədə həll etməliyik ki, həmin qüvvələr vəziyyəti gərginləşdirə bilməsinlər”.
Ayyət Əhməd