Bakı şəhərinin ən yaralı yerlərindən biri onun ictimai nəqliyyatıdır. Avtobus sürücülərinin özbaşınalığı haqqında mətbuatda hər gün yazılsa da, onlar sərnişinləri təhqir etməkdən tutmuş, yol hərəkəti qaydalarını pozmağa qədər özbaşınalıq etməkdən çəkinmirlər. Bu özbaşınalığın əziyyətini sərnişinlər çəkirlər.
İnternetdə, sosial şəbəkələrdə avtobus sürücülərinin yol hərəkəti qaydalarını pozması ilə bağlı məlumatlara, video faktlara tez-tez rast gəlirik. Ən son yerləşdirilən videoda isə 88 saylı avtobus sürücüsünün özbaşınalığı öz əksini tapıb. Sərnişinlərdən biri sürücünün sükan arxasında siqaret çəkməsinə və telefonla danışmasına etiraz edib. Tərəflər arasında mübahisə yaranıb. Sürücü ilə azyaşlı köməkçisinin kobudluğunu görən sərnişin gərginliyi lentə alıb. Qadın sərnişinin "bir əlində siqaret, bir əlində telefon” iradına sürücü və köməkçisi "yaxşı edirəm, gedin kimə istəyirsiniz şikayət edin” deyərək cavab verib. Sürücülərin yol hərəkəti qaydalarını pozması və sərnişinlərlə kobud davranmasının səbəblərinə toxunan ekspert Ərşad Hüseynov bildirib ki, sürücülərin tək-tək törətdikləri xətaları aşkar edib tədbir görməklə problem həll olunmayacaq: "Problemin kökünü tapıb kəsmək lazımdır. Əslində, kök bəllidir və xüsusi araşdırmaya da ehtiyac yoxdur. Bu gün Bakı şəhərində sərnişin daşımaları ilə məşğul olan ayrı-ayrı təşkilatların maddi marağı var. Həmin maddi maraq yol hərəkəti qaydalarından, insan həyatından, Dövlət Yol Polisinin xidməti səlahiyyətlərindən, onların xidmətə yanaşmasından, Nəqliyyat Nazirliyinin nəqliyyat müfəttişlərinin xidməti yanaşmasından üstündür. Kimlərisə ələ alırlar, kimlərəsə təzyiq edirlər, kimlərləsə dostdurlar, yaxud, nəzarət edən adamın özünün marağı var və sair. Bunun nəticəsində isə mövcud problemlər ortaya çıxır. Bax, bunun qarşısını almaq lazımdır”.
Ekspertin sözlərinə görə, 1000 manat qazanan avtobus sürücüsünü himayə edən olmasa, bir dövrədə 200 manatlıq cəriməni özünə rəva görməz: "Avtobus sürücüsü ayda ən çoxu 1000 manat qazana bilər. Mən özüm arada marşrutdan istifadə edirəm. Bir dəfə mən mənzil başına çatana qədər həmin sürücü 200 manatlıq pul cəriməsi, 10-12 ballıq qayda pozuntusu törətdi. Bunun cəriməsini heç bir sürücü özünə rəva görməz. Detallarını araşdırsaq görərik ki, qaydaları pozaraq hərəkət edən sürücüləri qul kimi istismar edirlər. Normal əmək hüquqları yoxdur. Həmin
hərəkətləri edən avtobus sürücüsü qəza edib, adam vurub öldürdükdə isə arxasında heç kim dayanmır. Həbsə düşəndən sonra həmin sürücülər peşman olurlar”.
Ə.Hüseynov deyir ki, səmimi şəkildə bu problemlə mübarizə aparmaq lazımdır. Gözdən pərdə asmaq üçün, "reyd keçiririk” kimi iddialarla çıxış etməyə ehtiyac yoxdur: "Reydə ehtiyac yoxdur. Hərə öz funksiyasını yerinə yetirsə, reydlərə ehtiyac qalmaz”.
Ekspert Azər Allahverənov isə təklif edir ki, sürücülərdən iş təcrübəsi ilə yanaşı, psixoloji cəhətdən hazırlıq, mənəvi keyfiyyətlər də tələblər sırasında yer almalıdır: "İctimai nəqliyyat nəqliyyat sektorunun elə bir hissəsidir ki, burada əmək fəaliyyəti göstərən insanlar, xüsusən də sürücülər kifayət qədər hazırlıqlı olmalıdır. İstər peşəkarlıq, istər psixoloji cəhətdən hazırlıq, istərsə də müxtəlif çərçivələrdə davranış qaydalarına əməl olunması çox vacib şərtlərdir.
Avropa ölkələrində və digər inkişaf etmiş ölkələrdə sürücü vəzifəsinə nəinki ən az 5 il təcrübəsi olan şəxslər, eyni zamanda dediyimiz kriteriyalara cavab verən insanlar götürülür. Ona görə ki, onlar ictimai nəqliyyatda olarkən gün ərzində minlərlə insanla ünsiyyətdə olurlar, müxtəlif vəziyyətlərə düşə bilirlər. Üstəlik, ictimai nəqliyyatın idarə olunması kifayət qədər gərgin müstəvidə baş verir. Yəni, burada bir çox amillər var ki, insanın davranışına təsir edə bilər. Üstəgəl, bu insanın özündə müəyyən mənəvi, mədəni keyfiyyətlər yoxdursa, xüsusilə daha çox mənfi hallar yaşanmasına gətirib çıxarır. Ona görə də Avropa ölkələrində ilk olaraq bu kriteriyalara cavab verən və bu sahədə ən az 5 il çalışan insanlar işə götürülür. Bu şərtlər olmadan o şəxsin ictimai nəqliyyata buraxılması yolverilməzdir. Bu təcrübə şərtini Azərbaycanda da qoymaq olar. Lakin istənilən halda, düşünürəm ki, sürücü qismində ictimai nəqliyyata cəlb olunan insanlar mütləq digər kriteriyalara da cavab verməlidirlər. Xarici ölkələrdə sürücülər üçün müxtəlif təlimlər də keçilir. O təlimlərdə iştirak edənlərə xüsusi sənədlər verilir. İşə götürülən zaman bu sənədlərə üstünlük verilir. Azərbaycanda da bu istiqamətdə işlərin getməsi məqsədəuyğun olardı. Eyni zamanda iş təcrübəsi.
Məsələ ondadır ki, biz dəfələrlə şahidi oluruq ki, bu gün ictimai nəqliyyata cəlb olunan insanlar dünən tamamilə başqa sektorda çalışırdılar. Nəticə etibarilə biz bu gün tez-tez sürücü ilə sərnişinlər arasında xoşagəlməz halların yaşandığını görürük. Ona görə də sürücü vəzifəsində çalışan insan həm psixoloji cəhətdən, həm də peşəkarlıq cəhətdən buna hazır olmalıdır. Bu gün ictimai nəqliyyatda müəyyən olunmuş qaydalar, vaxt qrafiki, marşrutlar üzrə hərəkət və s. olmağı, təəssüflər olsun ki, insanlarda gərginlik yaradır. Və bu gərginlik çox vaxt neqativ hallara gətirib çıxarır. Digər tərəfdən gündəlik plan məsələsi də bu cür pis hadisələrin yaşanmasına səbəb olur. Nəticə etibarilə biz davranışda qeyri-etik halların, kobudluğun şahidi oluruq”.
Şəymən