Bu uşaq əlində benzin butulkası ilə gəzir

Qəbələ sakini ailəsini də çətin duruma salıb



Qəbələdə yaşayan 11 yaşlı uşağın 4 ildir ki, benzin iyləməsi onun sağlamlığına ciddi təhlükədir. Terapevt-həkim Kəmalə Hüseynova uşağın benzin iyləməsini bədəndə dəmir elementi çatışmaması ilə əlaqələndirir: "Həm də belə anamiya hallarına müxtəlif formalarda rast gəlinir. Bu da bir formasıdır və benzinin iyi həddindən çox xəstəyə zövq verir”.

Tibbi ekspert bunun yaxşı hal olmadığını və ağır nəticələrə gətirə biləcəyini də istisna etməyib: "Nəticədə zəhərlənməyə gətirə bilər. Həmçinin qanda bəzi elementlərlə birləşib, qanın parçalanmasına səbəb ola bilər və sinir sistemlərinə də mənfi təsir edə bilər”.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun fikrincə isə ilk növbədə həmin uşağa tibbi yardım göstərilməlidir: "Daha sonra ona və ailəsinə psixoloji yardım göstərmək lazımdır ki, normal şəkildə cəmiyyətə adaptasiya oluna bilsinlər. Çünki bu məsələ ictimailəşib və yaşadığı kənddəki həmyaşıdlarının buna görə ona fərqli münasibəti və davranışları uşağa, onun ailəsinə psixoloji təsir edə bilər”. Məlumat üçün qeyd edək ki, uşaq getdiyi hər yerdə əlində benzin butulkası ilə gəzir və gününü benzin iyləməklə keçirir. Küçədə, hətta evdə də əlində benzin butulkası ilə gəzir. Hətta məktəbli yaşında olan oğlanın bu vərdişi onu məktəbdən belə uzaqlaşdırıb. O, müəllimləri və həmyaşıdlarının ona tutduqları irada görə məktəbi atmaq məcburiyyətində qalıb.

Vüqar Şahinoğlu