Azərbaycan Cümhuriyyəti Əli bəy Hüseynzadə publisistikasında

Akif Aşırlı
Azərbaycan Cümhuriyyətinin ideoloji banisi Əli bəy Hüseynzadənin 1918-ci ilin may ayının 28-də öz təsdiqini tapan və arzuladığı dövlətin təşəkkülündə iştirakı barəsində xeyli faktiki materiallar mövcuddur. Siyasi türkçülüyü sistem halına salan, "Türkləşmək, islamlaşmaq, avropalaşmaq” düsturunun müəllifi Əli bəy Hüseynzadə yeni dünya düzənində tək Azərbaycan deyil, Rusiya əsarətində olan türklərin dövlət qurmaq imkanlarının nəzəriyyəsinin də müəllifidir.
Təbii ki, bu sistem içərisində Güney Qafqazda pərvəriş tapan Azərbaycan Cümhuriyyətinin ideyadan milli-dövlət quruluşuna keçidi də Əli bəyin fikir dünyasının məhsulu idi.
Çox təəssüf ki, bir qism tədqiqatçılar müstəqil Azərbaycan ideyasının Turan ideyası ilə vəhdət təşkil etmədiyindən turançı düşüncə sahibi Ə.Hüseynzadənin də Qafqazda müstəqil cümhuriyyətlər yaradılmasına dəstək vermədiyi fikrini irəli sürürlər. Amma faktlar bu mülahizənin əsassızlığını ortaya qoyur.
I Dünya müharibəsinin sonunda Osmanlı dövlətinin xahişi əsasında Azərbaycana gəldiyi haqda Əli bəy Hüseynzadə çox qısa bir məlumat verir. Azərbaycana gəlişinin gizlin olduğunu, milli düşüncəli ziyalılar və siyasi partiya təmsilçiləri ilə müstəqil Azərbaycan dövlətinin qurulma yollarını müzakirə etdiyini qeyd edən böyük mütəfəkkir bunun dəqiq tarixini biblioqrafiyasına yazmır. Zənnimizcə, Əli bəyin Türkiyədən Azərbaycana dönüşü Rusiyada bolşevik çevrilişindən sonra 1917-ci ilin sonlarına təsadüf edir. Azərbaycan jurnalistika tarixinə öz möhürünü vuran Ə.Hüseynzadənin 1917-ci ilin noyabrın 22-də "Bəsirət” qəzetində çap etdirdiyi "Öksüz, yaxud son busə” məqaləsi bu dönəmlər onun Bakıya gəlişinə əsas verir. Çünki Ə.Ağaoğludan fərqli olaraq Ə.Hüseynzadənin 1909-cu ildən sonra Azərbaycan mətbuatı ilə əlaqəsi demək olar ki, intensiv deyildi. "Bəsirət” qəzetində çap olunan yazı müharibədə qəhrəmancasına şəhid olan Daşdəmirin qızı Altunsaça yazdığı məktubdan, son vidadan qaynaqlanır. Köksündən yaralanan Daşdəmir gözünü yummamışdan öncə şəfqət bacısı Leyladan kağız və qələm istəyir. Və anası ilə tənha buraxdığı qızı Altunsaça məktub yazır:"Sevimli qızım, son nəfəsimdir ki, bu məktubu yazıram. Ölüm xəbərimi eşitdikdə mənim üçün ağlama. Ağlamaqla ruhumu rahat edəcəyini deyil, incidəcəyini bil. Anla. Mən yüksək bir ideal uğrunda tərkihəyat edirəm. Zira, türk milləti nəticəsinin yüksək hümməti (birliyi) olmasına ümidim bərkamil olduğu üçün sənin müqəddəratını yalnız millətə buraxdım. Qızım, türkə yaraşan əxlaq yiyəsi ol. Həyanı qoru. Canın çıxıncayadək namusuna riayət elə”.
Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində "Fyüzat” jurnalı ilə romantizmin əsaslarını yaradan Əli bəy bu yazısında da idealında tutduğu fikri qələmə alır, Azərbaycanın müstəqilliyinin şəhid qanı hesabına başa gələcəyinə və türk millətinin birliyi ilə gerçəkləşəcəyinə inam yaradır.
Tarixi fakt və sənədlər göstərir ki, 1917-ci ilin sonlarından başlayaraq Türkiyənin siyasi və hərbi çevrələrində, ədəbi-bədii mühitində böyük nüfuza malik Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun sayəsində Azərbaycan Cümhuriyyəti mövzusu Türkiyədə yetərincə dəstək qazanır. Ziya Göyalp, Yunis Hadi, Əhməd Rəfiq kimi şəxsiyyətlər sayəsində Türkiyənin "İqdam”, "Təsviri-əfkar”, "Tan” kimi mətbu orqanlarda Azərbaycanın müstəqilliyi ideyası gündəmə gətirir, Qafqazda türk dövlətinin qurulması üçün siyasi dəstəyin gərəkliyi təbliğ olunurdu. Yaranmış əlverişli tarixi fürsətdən yararlanan Əli bəy Hüseynzadə hələ 1918-ci ildə Rusiyanın siyasi çöküşünün qaçılmaz olduğunu görüb "Turan” heyəti tərkibində bir neçə türk dünyasının önəmli şəxsi ilə Sofya, Budapeşt, Vyana və Berlinə gedərək Rusiyadakı türklərin haqq və hüquqlarının qorunması, onların müstəqil dövlət qurmaq istəklərini Avropada bəyan etdi. Yusif Akçuranın, Məhəmməd Əsəd bəy Çələbizadənin, Mükəmmədin Baxçalının və Əli bəy Hüseynzadənin rəhbərliyi ilə "Rusiya müsəlmanları türk-tatar millətlərinin müdafiə cəmiyyəti” təsis olundu. Cəmiyyətin Avropa dövlətlərinə ünvanladığı bəyanatın son cümləsi bu fikirlə bitirdi: "Əlimizi səmaya qaldıraraq yalvarırıq ki, bizi Rusiya zəncirindən qurtar”.
Avropa dövlətlərinin davranışlarından asılı olmayaraq, Çar Rusiyası devrildikdən sonra belə bolşevik Rusiyası təbii sərvətlərlə zəngin Azərbaycanın müstəqilliyi əleyhinə hərbi-siyasi hərəkətlərə başladı. 1918-ci ilin mart ayında Bakıda 18 min, Şamaxıda 7 min, Qubada 4 mindən çox insanı qətlə yetirənlər bolşeviklərin hərbi yardımı ilə qətliamları davam etdirdilər. Özlərinə müvəqqəti paytaxt kimi Gəncəni seçən Azərbaycan Cümhuriyyətinə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlanıldı. Belə çətin dönəmdə müstəqil Azərbaycan Cümhuriyyətinin, onun istiqlalını, xalqın azadlıq arzularını qoruyacaq yeganə qüvvə isə M.Ə.Rəsulzadənin yazdığı kimi tək Türkiyə idi.
Türkiyə və Azərbaycan arasında Batumda 1918-ci ilin iyunun 4-də imzalanan "Dostluq və əməkdaşlıq” müqaviləsinin hazırlanmasında, danışıqların aparılmasında Əli bəy Hüseynzadə iştirak etdi. Samət Ağaoğlunun "Babamın xatirələri” memuarında Əhməd bəy Ağaoğlu ilə birgə Əli bəy Hüseynzadənin də 1918-ci ilin iyul ayında Batum və Gəncəyə getdiyi qeyd olunur. Ə.Hüseynzadənin özü də bəzi xatirələrində Türkiyənin xarici işlər naziri Xəlil bəyin Batumun olduğu vaxt Ə.Ağaoğlu ilə birgə Batuma getdiyi və sonra isə Azərbaycan Cümhuriyyətinin müvəqqəti paytaxtı Gəncədə olduğunu yazır. Gəncə səfərində Qafqaz İslam Ordusu komandanı Nuru Paşa ilə görüşür, Azərbaycan ziyalıları ilə birlikdə Cümhuriyyətin quruluşu ilə bağlı müzakirələr aparır. Xatırladaq ki, həmin vaxt Ə.Ağaoğlu Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın siyasi müşaviri kimi çalışırdı. 1918-ci il iyunun 24-dək Gəncədə olan Ə.Hüseynzadə Azərbaycan nümayəndə heyəti ilə birgə İstanbulda açılacaq "Məvareyi-Qafqaz” konfransında iştirak etmək üçün "Gülnihal” gəmisi ilə İstanbula yollanır. Azərbaycan Cümhuriyyətinin Gürcüstandakı səfiri Məmməd Yusif Cəfərov Ə.Hüseynzadəyə 13 iyul 1918-ci ildə İstanbula dönüşü üçün belə bir vəsiqə verir: "Bu vəsiqə İstanbul tibb fakültəsinin müəllimlərindən doktor Hüseynzadə Əli bəyə aid olduğunu təşviq edirəm”.
Ə.Hüseynzadə Gəncədə olduğu müddətdə Azərbaycanın istiqlalı uğrunda Azərbaycan və türk əsgərləri eyni səngərdə çiyin-çiyinə düşmənə qarşı birgə mübarizə aparırdı. Bu azadlıq savaşını qələmə alan Ə.Hüseynzadə "Azərbaycanda düşündüklərim” məqaləsini Türkiyənin "Hilali-Əhmər” qəzetinin 24 iyul 1918-ci il sayında çap edib.
Məqalənin girişində, redaksiya qeydində doktor Ə.Hüseynzadənin "bir müddət öncə Azərbaycanda olması” vurğulanır və "Hilali-Əhmər” üçün məqalə hazırladığı göstərilir.
Azərbaycan bayrağının təsviri ilə məqaləyə giriş verən Ə.Hüseynzadə yazır:
"... Milli bayrağında aypara qarşısında beş şüalı yerinə səkkiz şüalı bir ulduz bulunan bir məmləkətdən, Qafqaz Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu, Qafqaz Türk dövlətindən bir neçə kəlmə bəhs etmək istərdim. Daha iki həftə olmadı ki, bu gənc dövlətin müvəqqəti paytaxtı olan Gəncəni tərk etdim. Müvəqqəti paytaxt deyirəm, çünki Azərbaycanın paytaxtı o deyil. Bakını Azərbaycana çox görmək istəyən kim olursa-olsun, Azərbaycan xalqının ən mənfur düşmənidir! Gəncəyə gəlincə, bu şəhər ancaq mərkəzi bir mövqedə olub. İrəlidə Azərbaycanın maarif mərkəzi ola bilər”.
Ə.Hüseynzadə bu məqalədə Bakını Azərbaycandan ayırıb, "başsız bədənə çevirmək” istəyən Almaniya, Sovet Rusiyası və Böyük Britaniya siyasətinə qarşı çıxırdı. Birinci Dünya Savaşında Türkiyənin müttəfiqi olan Almaniya, bu müttəfiqliyin əleyhinə olaraq Sovet Rusiyası ilə anlaşma imzaladı, Brest-Litovski sazişinə əlavələr edərək Bakını Sovet Rusiyasının ixtiyarına buraxaraq neftin dörddə birini əldə etmək istəyirdi. İstanbulda olan M.Ə.Rəsulzadə də bu sazişin əleyhinə Türkiyə mətbuatında nota verdi. Bakını "müttəfiqlərin neytral bir bölgəsi” kimi Azərbaycandan ayırmaq istəyənlər Azərbaycanın istiqlal savaşına öz qardaş köməyini göstərən Türkiyəyə qarşı diplomatik təzyiqlər həyata keçirirdilər. Ə.Hüseynzadə də məqalələrində məhz bu mövqeyə qarşı çıxırdı.
Yaralı türk və Azərbaycan əsgərinin Gəncədə Qızıl Ay xəstəxanasında yan-yana yatdığını insanı riqqətə gətirən bir mənzərə kimi dəyərləndirən Ə.Hüseynzadə yazır: "Onlar bir-birləri ilə fərqlənir, danışır və cüzi işvə fərqinə rəğmən bir-birini mükəmməl anlayırlar! Əvət, anlayırlar, cümlə Azərbaycanın sadə xalqı ilə Anadolu kəndlisinin lisanı bir-birinin eynidir!”
Birinci Dünya müharibəsinin ortaya çıxardığı bütün müşkül məsələlərlə yanaşı, iki türkün bir-birinə qovuşmasının böyük tarixi əhəmiyyətini qeyd edən mütəfəkkir Azərbaycan və Anadolunun milli mədəniyyət və tarix baxımdan bir-birini tamamladığını xüsusi vurğulayır. Tarixdə Azərbaycan türklərinin cəngavər bir xalq olduğunu, rus istilasından sonra əhalinin hərbi mükələfiyyətə alınmadığını, buna görə də indiki dönəm öz istiqlalını hərbi yolla təmin edə bilmədiyi üçün Anadolu qardaşlarının yardımından istifadə etdiyini söyləyir. Azərbaycan iqtisadiyyatının, sənayesinin, maddi sərvətlərinin zənginliyinin Türkiyəyə böyük fayda verəcəyini qeyd edən Ə.Hüseynzadə yazır: "Azərbaycanı azad edən Anadolu öz-özünü də azad edir, buna şübhə etməyin! Deyirlər ki, dağ-dağa qovuşmaz, insan-insana qovuşar! Xeyir, tarixin elə anları vardır ki, dağ-dağa da qovuşar. Bu gün Ərciyəz dağı Qaf dağına qovuşur və qovuşduqca da yüksəlir”.
Bolşevikləşmə prosesindən sonra da Əli bəy Hüseynzadə öz istiqlalını itirən Azərbaycan barədə öz düşüncələrini bildirib və 1923-cü ildə M.Ə.Rəsulzadənin Türkiyədə çap olunan "Azərbaycan Cümhuriyyəti” kitabına ön söz yazıb.
"Bir mütaliə” adlanan kiçik məqaləsində Ə.Hüseynzadə müstəqilliyini itirən Azərbaycanın "beynəlmiləl insaf və ədalətdən doğan sülhü ümumiyyi aləmin” səyi ilə yenidən istiqlal yoluna qədəm qoyacağına ümid edir. 1914-cü ilə qədər Azərbaycanın siyasi-ictimai, mədəni həyatını yaxından izlədiyini bildirən Əli bəy qeyd edir ki, I Dünya Savaşından sonra Türkiyə ilə Azərbaycan arasını alan "qalın sis pərdəsi” İstanbulla Bakı münasibətlərini aydın görməyə imkan verməyib. M.Ə.Rəsulzadənin istiqlal savaşına yüksək qiymət verən Əli bəy yazır: "Bu gün pərdə yavaş-yavaş qalxıyor. Siz də bu pərdəni qaldıranlardan birisiniz”. Azərbaycanın istiqlalının bərpası üçün Türkiyənin iqtisadi, siyasi və hərbi imkanlarının yetərincə olduğunu gözəl anlayan Ə.Hüseynzadə bunun üçün Azərbaycanın Türkiyədə tanıdılmasının vacibliyini vurğulayırdı.
Böyük mütəfəkkirin M.Ə.Rəsulzadənin kitabına yazdığı məqalədə göstərdiyi kimi artıq saxta tarixlə gerçəkləri əks etdirən tarix arasında qalan "qalın sis pərdəsi” götürülüb. Belə əlverişli tarixi şərtlərdə Əli bəy Hüseynzadə şəxsiyyəti, yaradıcılığı və Azərbaycan Cümhuriyyətinin yaradılmasında bu böyük mütəfəkkirin iştirakı geniş tədqiq olunmalıdır.
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb