“Adınızı dəyişin, yoxsa, mən bilirəm neyləyəcəm”
Şəbnəm Tovuzlu Şəbnəm Tapdığın ismarıcını gülüşlə qarşıladı
Tanınmış müğənni Şəbnəm Tapdıqla ANS-in aparıcısı Elgiz Əkbər arasında qalmaqal yaşanıb. Telekanalın "Adam içində” verilişində Elgizin xanım sənətçinin üstünə qışqırması qarşı tərəfi əsəbiləşdirib.
"Mənim üstümə heç Xalq şairi olan atam qışqırmır”, - deyən Şəbnəm Tapdıq açıqlama verib: "Əslində biz Elgizlə orda bir şou yaratdıq. Mənim Elgizlə münasibətim yaxşıdır. Bir-birimizi çox istəyirik. Amma əsəbiləşməyimin səbəbi başqadır. Verilişə ona görə çıxmışdım ki, adımı daşıyan müğənniciklərin cavabını verim. Bu günlərdə efirə Şəbnəm adlı bir neçə müğənnicik çıxır. Onların mənim adımı danışmağa haqları çatmır. Çünki Azərbaycanda ilk dəfə bu adı mənə atam qoyub. Bu ad mənim brendim, nüfuzum, sənətim deməkdir. Kimin nə ixtiyarı var ki, gəlib mənim adımı daşısın, adımla sənətə gəlsin. Adınızı dəyişin, yoxsa, mən bilirəm neyləyəcəm”.
Şəbnəm Tapdıq "Şəbnəm” adı daşıyan müğənniləri hədələyib: "Tez bir zamanda özünüzə yeni ad qoyun. Mən öz adım uğrunda mübarizə aparacağam. Azərbaycanda Şəbnəm adlı ikinci müğənni ola bilməz. Bu, mənim hüquqlarımın tapdalanmasıdır. Əgər şəxsiyyət vəsiqələrində adlarını dəyişməsələr, mən bu məsələni hüquqi müstəvidə həll edəcəyəm. Bu işdə ANS mənim müdafiəçimdir. Bir dəfə məclisdə idim, elan etdilər ki, "oxuyur Şəbnəm”,- hamı əl çaldı. Adımı eşidiblər, elə biliblər mənəm, həmin müğənni gəlib oxuyanda hamı təəccübləndi. Az qala dəli oldular ki, bu kimdir? Bir dəfə Bəxtiyar Vahabzadə mənə zəng elədi ki, klipini gördüm, bəyənmədim. Dedim ki, o, başqa Şəbnəmdir. Buna görə, Bəxtiyar müəllim çox əsəbiləşdi. Bir müğənni Şəbnəm var, o da mənəm”.
Məsələyə münasibət bildirmək üçün son iki ildə çox populyar olan gənc müğənni Şəbnəm Tovuzlu ilə əlaqə yaratdıq. Maraqlandıq ki, Şəbnəm Tapdığın efir vasitəsilə belə bir ismarıc göndərməsini öz ünvanına atılan daş kimi dəyərləndirir, ya yox? "Şərq”ə danışan Şəbnəm Tovuzlu "Şəbnəm Tapdığın ötən gün efirdə səsləndirdiyi fikirdən xəbərim var. Hətta Elgiz də məni verilişə dəvət etdi, getmədim. Şəbnəm Tapdıq 80-ci illərdə sevilən bir xanım müğənni olub. Mənim anam da onu çox sevərək dinləyib, etiraf edirəm. Və onu sevdiyi üçün də qızına, yəni mənə Şəbnəm adı verib. Bu hər zaman belə olub ki, tanınmış insanların pərəstişkarları övladlarına onların adını qoyur. Şəhnəm Tapdıq o illərdə qazandığı hörməti belə çıxışları ilə öldürməsin. Həqiqətən çox gülməli bir ismarıcdır. Ondan sonra səhnəyə Şəbnəm adında müğənni çıxmamalıdır? Düzünü desəm, Şəbnəm Tapdıq bu ismarıcı konkret olaraq mənə ünvanlayıb. Həmin xanım məni həzm edə bilmir. Buna tam əminəm. Çünki bir müddət öncə "Space” telekanalının aparıcısı Mikayıla da telefon açaraq bildirib ki, o Şəbnəm kimdi onu efirə çıxarırsan? Onu efirə bir də çıxarsan, bununla əlaqədər lazımi ölçü götüzdürəcəm. Eşitdim bunu, inanın, inana bilmədim. Şəbnəm xanıma məsləhət görərdim ki, özünə qazandığı hörməti insanların ürəyində öldürüb, gözdən düşməsin. Onu sevənlərdən uşaqlarına o adı veriblərsə, indi o adı dəyişsinlər? O dövrün tanınmış müğənnisi olub. Dünən səhnədə Şəbnəm Tapdıq var idi, bu gün də Şəbnəm Tovuzlu var. O, bugünkü Şəbnəmi qəbul edə bilmirsə, yenə öz problemidir. Amma onun dövrü bitib, indi də mən Şəbnəmin dövrüdü. Şəbnəm Tapdıq bir az özünü sakitləşdirsə, məsləhətdir. Çünki hələ mənim səhnədəki yeniliklərimi, çıxışlarımı çox izləyəcək”.
Tahirə