Ayaz Mütəllibov da parlament seçkilərinə qatıla bilər, amma...






"Deputat olmaq üçün şərait yaranarsa, bunu dəyərləndirə bilərəm, amma hələlik konkret nəsə deyə bilmərəm”. Bu sözləri Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib. Eks-prezidentin sözlərinə görə, illər boyu zəhmət çəkən insan üçün təqaüdə çıxmaq çox çətin məsələdir:

"Siyasətdə təcrübəm var. Müxtəlif sahələrdə vətənə xidmət etmək olar. Sovet dövründə elə adamlar olub ki, istefaya gedəndən bir-iki ay sonra dünyalarını dəyişiblər. Çünki daim aktiv siyasətlə məşğul olan insan üçün passiv həyata başlamaq asan deyil”. A.Mütəllibovun deputat olmaq istəyi dəstək qazanmaqla yanaşı, ciddi tənqid də olunub. Çünki ictimaiyyətdə eks-prezident haqqında ziddiyyətli və birmənalı olmayan fikirlər mövcuddur.

Məsələyə münasibət bildirən millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa "Şərq”ə verdiyi açıqlamada deyib ki, eks-prezidentin deputatlığa namizəd olması cəmiyyət üçün bir qədər fərqli səslənir. Amma bütün hallarda bu, onun təbii hüququdur: "Hüququ gerçəkləşdirmək hər insanın şəxsi seçimidir. Bu baxımdan A.Mütəllibov da parlament seçkisinə qatıla bilər. Bu istiqamətdə heç bir qəbahət yoxdur. Ancaq söhbət ondan gedir ki, bir eks-prezidentin parlamentdə hansısa formada təmsil olunması ölkədə yeni və fərqli situasiya yaratmayacaq. Həm də bu istəyin nə dərəcədə reallaşacağı bəlli deyil”.

AMİP-in Mərkəzi Şurasının üzvü Əli Oruclu isə bildirib ki, Ayaz Mütəllibovun üzərində mühüm faciələrin məsuliyyət yükü var: "Düzdür, konstitusiyaya görə, hər bir Azərbaycan vətəndaşının, o cümlədən eks-prezident Ayaz Mütəllibovun seçkilərdə iştirak etmə və seçilmək haqqı var. O, həmçinin hansısa dövlət qurumunda da təmsil oluna bilər. Lakin Ayaz Mütəllibovun üzərində hələ də bir sıra məsələlərin məsuliyyət yükü qalır. Xüsusən də Xocalı soyqırımı Ayaz Mütəllibov iqtidarının ən ağır ləkəsi hesab olunur. 20 Yanvar faciəsində dövrün Nazirlər Sovetinin sədri olaraq sərgilədiyi qətiyyətsizlik hələ də onun çiyinlərindədir. Yəni çağdaş Azərbaycan tarixinin iki ən qanlı faciələrinin həm mənəvi, həm siyasi, həm də hüquqi məsuliyyəti Ayaz Mütəllibovun üzərindədir. Belə olan halda A.Mütəllibov hansı üzlə Azərbaycan xalqından səs və dəstək istəyəcək?! Xalqı faciələrə, qanlı olaylara düçar edən birisi milləti parlamentdə necə təmsil edəcək? Məncə, bundan sonra A.Mütəllibov ona göstərilən böyük humanistlikdən istifadə edərək ömrünün qalan hissəsini sakit yaşamalıdır”.

İsmayıl