Etibar Məmmədov siyasətə qayıdır

Əli Oruclu: “Belə bir şəxsin aktiv şəkildə siyasi səhnəyə dönməsi cəmiyyət tərəfindən qeyri-adi qarşılanmamalıdır”




Son günlər AMİP-in lideri, keçmiş deputat Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıdacağı ilə bağlı mediada informasiyalar dolaşmaqdadır.

Xüsusən, E.Məmmədovun bir müddət əvvəl mətbuata söylədiyi "siyasət fasiləsiz prosesdir və siyasətlə bir dəfə məşğul olan şəxs ondan heç vaxt birdəfəlik ayrılmır” açıqlamasından sonra onun siyasi səhnəyə geri dönmək istəyi hallandırılmağa başlanılıb. Eyni zamanda AMİP-in yaxınlaşan qurultayında E.Məmmədovun da namizədliyini verəcəyi məsələsi gündəmə gətirilib. Bəs, yayılan xəbərlər nə qədər reallığı əks etdirir? E.Məmmədovun konkret olaraq aktiv siyasətə qayıtması mümkündürmü, belə bir fikri varmı?

Suallara cavab verən AMİP-in Mərkəzi Şurasının üzvü Əli Oruclu deyib ki, Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıtması cəmiyyətdə gedən siyasi proseslərin gedişatından asılıdır: "Cərəyan edən indiki ictimai-siyasi proseslər Etibar bəyin yenidən siyasi səhnəyə dönməsi ehtimalını gücləndirir və bunun üçün şərait yaradır. Əlbəttə, zərurət və tələbat olarsa, o, siyasətə qayıda bilər. Amma təbii ki, hər şey E.Məmmədovun şəxsi iradəsindən

asılıdır. Bildiyimiz kimi, o, Azərbaycanın tanınmış və nüfuzlu siyasətçisidir. Belə bir şəxsin nə vaxtsa aktiv şəkildə siyasi səhnəyə dönməsi cəmiyyət tərəfindən qeyri-adi qarşılanmamalıdır”.

"E.Məmmədov partiya sədrliyinə namizədliyini verəcəkmi” sualına isə isə Ə.Oruclu belə cavab deyib: "Etibar bəy AMİP-in lideridir. Partiya lideri bu və ya digər formada onsuz da siyasi fəaliyyət içərisində sayılır. Bu baxımdan onun yenidən sədrlik postuna əyləşməsi mahiyyət kəsb etmir. E.Məmmədov yerini gənclərə təhvil verərək siyasətə böyük töhfə verib”.

İsmayıl