Yasamalda bağça olayı...

2 yaşlı Səadət yaşananlardan stress keçirib
Yusif Bəkirov: “Bağça müdirəsi üçün bədbəxtlikdən uşaq tanınmış bir ailənindir, ona görə belə hay-küy qopub”


Yasamal rayonu 117 saylı uşaq bağçasında döyülmə hadisəsi qeydə alınıb. İki yaşlı Səadət İsmayılova tərbiyəçi Püstə Babayeva və dayə Fira Əliyevanın məsuliyyətsizliyi ucbatından zərər çəkib. Modern.az saytının məlumatına görə, tərbiyəçi və dayə otaqda olmadığı vaxt iki yaşlı Səadət bağça yoldaşı Muradın "təcavüz”ünə məruz qalıb. Murad Səadəti itələyib və qolundan dişləyib. Uşağın zədələnmiş halını əks etdirən fotolar saytda yayılıb.

Uşağın anası Şəfiqə Əfəndiyevanın vesti.az-a verdiyi məlumata görə, dünən axşam əri iki yaşlı Səadəti bağçadan götürəndə dəhşətə gəlib. Səadətin bədənində əzik və dişlək yerləri olub. Tərbiyəçinin sözlərinə görə, Səadəti Murad adlı qrup yoldaşı dişləyib:

"Biz tərbiyəçinin bu vaxt hara baxdığını soruşanda, onun yerində olmadığını, dayənin isə sıyıq gətirmək üçün çıxdığını dedilər.

Mən başa düşmürəm, uşaqları tək necə qoymaq olar və onun ağlamağını necə eşitməmək olar? Ən qorxulusu isə onların həkim çağırmamaları və bizə xəbər verməmələridir. Bağçanın pulunu ödəmək vaxtı gələndə dayanmadan zəng edirlər, amma uşağım zədələnəndə mənə zəng etmək üçün əziyyət çəkməyiblər.

Uşaq hələ günorta xəsarət alıb və axşam saat beşə qədər bizə bu barədə xəbər verməyiblər. Mən bizə niyə indiyə qədər xəbər vermədiklərini soruşduqda, onlar günahkar olduqlarını etiraf etdilər. Onların həkimi günortaya qədər işləyir, tibb bacısı isə uşağa "spasatel” mazı vurub.

Mən bu məsuliyyətsizliyə, həkim çağırmamaları və bizə xəbər verməmələri üçün məhkəməyə müraciət etməyə hazırlaşıram. Biz uşağı dərhal Kliniki Tibbi Mərkəzə apardıq. Həkim uşağın bədəninin müxtəlif hissələrində göyərmələri gördükdə dəhşətə gəldi. Həkimin sözlərinə görə, uşağın üzündəki zədə ciddi problem yarada bilər. Sonra biz nevropotoloqun yanına yollandıq, o, uşağa sakitləşdirici preparatlar yazdı. Uşaq böyük stress keçirib.
Murad hələ keçən həftə də mənim uşağımı dişləyib. Mən tərbiyəçiyə xəbərdarlıq etdim və diqqətli olmağı xahiş etdim. O qeyd etdi ki, uşaq hələ təzədir, hamını dişləyir, xüsusilə də mənim qızımı. Direktor indi mənə deyir ki, hələ onda səs-küy yaratmalı idim. Mən indi onlar üçün səs-küy yaradacam. Mən tərbiyəçini cəzalandırmağı və dayənin də məsuliyyətsizliyinə görə işdən çıxarılmasını tələb edirəm”.

Bağçanın direktoru Solmaz Hacıyeva isə öz növbəsində bildirib ki, hadisə yuxu saatından sonra baş verib:

"Tərbiyəçi "paltar dəyişdirmə yerinə çıxdığını, dayə isə sıyıq üçün” söyləməklə özlərinə bəraət qazandırırlar. Amma fakt budur ki, hadisə baş verən zaman onların heç biri orada otaqda olmayıb. Mən bu bağçada işləməyə layiq olmayan bu əclafları müdafiə etmirəm.

Bizim otaqda servant var, onu çoxdan götürməli idilər. Səadət ora çıxmağı çox sevir, o çıxan zaman Murad onu itələyib. O, yıxılaraq əzilib. Tərbiyəçi uşağı götürüb, əzik yerinə yaş dəsmal qoyub. Mən bütün bunları bilməmişəm, belə ki, tədbirdə idim.

Uşağı gördükdə izahat istədim. Onlar mənə baş verənləri danışdılar. Onlara inanmadım, bağçada quraşdırılmış müşahidə kamerasına baxdım. Kadrlarda Muradın Səadəti dişləməsi və Səadəti itələməyi görünür.
Mən baş verənlər üçün xəcalət çəkirəm. Neçə ildir ki, bağçada işləyirəm, belə hadisə bizdə ilk dəfədir ki, baş verir. Uşaqlar günahkar deyil, günahkar tərbiyəçi və dayədir. Onları və belə işçiləri saxladığım üçün məni də bağışlamaq olmaz. Onları işdən azad edəcəm. Biz təzminat ödəməyə hazırıq”.
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil müəssisələri və uşaq evləri idarəsinin rəhbəri Eldar Yunusovun köməkçisi isə uşağın valideynilə görüşdüklərini bildirib:
"Uşağın valideyni bizə bildirdi ki, heç bir şikayəti yoxdur. Buna baxmayaraq araşdırmalar aparılıb və İcra Hakimiyyəti tərəfindən müvafiq addımlar atılacaq. 117 saylı bağçada həmin hadisə yaşanan qrupun tərbiyəçisi və dayə cəzalandırılacaq”.

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov isə hadisənin bu qədər şişirdilməsinə ehtiyac görmədiyini dedi. "Şərq”ə açıqlamasında uşaqlar arasında bu cür halların baş verməsini normal qarşıladığını bildirdi:

- Burada böyük bir iş olmayıb. Niyə bunu bu qədər şişirdirlər, bilmirəm. Uşaqlar müxtəlifdir. Hər uşaq bir ailədən gəlir, ailələr müxtəlif olduğu üçün uşaqlar da müxtəlif tərbiyə alırlar. Elə uşaq var, sakitdir, sözəbaxandır, amma eləsi də var ki, dalaşqandır, çılğındır, bir yerdə dayanmır. Uşaqların çoxunda dişləmək vərdişi olur. Bu, uşaq psixologiyasından irəli gəlir. Uşaqlar çox vaxt bunu özünüqoruma məqsədilə edirlər. Çox zaman bağçada böyük yaşlı uşaqlar kiçik yaşlıları vurur, döyür, oyuncaqlarını əllərindən alırlar. Biz uşaqlara hüquq normaları tətbiq edə bilmərik. Onlar uşaqdırlar. Dalaşa da bilərlər, barışa da bilərlər. Gərək bağça müdirəsi də, tərbiyəçilər də uşaqlardan öyrənəydilər ki, niyə biri o birisini dişləyib. Bəlkə bu uşaq nəsə edib, o birisini əsəbiləşdirib. Durduğu yerdə dişləyib qızı? Əgər bu uşaqda elə bir vərdiş varsa, onun valideynlərinə bildirməliydilər. Uşağın hərəkətləri nəzarətçinin gözündən yayına da bilər. Buna görə nəzarətçini qınamaq ki, niyə sən otaqda deyildin, niyə bunu görməmisən, məncə, düzgün deyil. Evdə ana bəzən uşağını qoruya bilmir. O qədər bədbəxt hadisələr baş verir evlərdə. Onda gərək analara, atalara cinayət işi açılsın ki, nə üçün uşaq yıxıldı, əzildi, qolu-qıçı sındı?! Mən bu hadisədə iki məsələnin üzərində dayanardım. Birincisi, uşaq bağçasında təhlükəsizlik tədbirləri yüksək səviyyədə olmalıdır. Otaqlar, oradakı avadanlıq elə olmalıdır ki, uşaqların zədələnməsi riski sıfır olsun. İndi bağça müdirəsi deyir ki, otaqda bir servant var, uşaqlar ora dırmaşır, onu

çoxdan götürməliydilər, götürməyiblər. Olmasın iki yaşlı Səadət, olsun başqa bir uşaq. Başqa uşaq da servanta dırmaşanda yıxılıb əzilə bilər. Uşaq bağçasında hər şeyə diqqət edilməlidir. Şkaflar, rəflər, ütü, hətta televizorun antenası, televizorun hara qoyulması. Bütün bunlar elə quraşdırılmalıdır ki, uşaqların zədə ala bilməsi minimum olsun. Parket sürüşkən olmamalıdır. İti künclü əşyalar, sərt oyuncaqlar uşaqlara verilməməlidir. İkinci məsələ isə, tərbiyəçinin uşağın valideynini vaxtında xəbərdar etməməsidir. Burada, bəli, valideyn narazılıq etməkdə haqlıdır. Hadisə olan kimi tərbiyəçi, dayə valideyni xəbərdar etməliydi. Bəlkə ata-anası uşağı həkimə aparacaqdı, tibbi yardım göstəriləcəkdi. Bu məsələdə tərbiyəçi də, dayə də hadisəni ört-basdır etməyə çalışmaqda düzgün iş görməyiblər.

Bağça müdirəsinin "biz təzminat ödəməyə hazırıq” sözlərinə isə Y.Bəkirov güldü:

- Hansı təzminatdan söhbət gedir? O təzminatı bağça müdirəsi necə müəyyən edəcək? Mən bunu yersiz sayıram. Bağça müdirəsi özünü sığortalamaq üçün bunu deyir. Öz "kreslosu”nu qoruyur. Bağça müdirəsi üçün bədbəxtlikdən uşaq tanınmış bir ailənindir, (qeyd edək ki, 2 yaşlı Səadətin anası Şəfiqə Əfəndiyeva İTV-də "Qadın dünyası” proqramının aparıcısıdır), ona görə belə hay-küy qopub.

Uşaq bağçalarında, internat məktəblərdə, orta məktəblərdə uşaqların döyülməsi faktları yetərincədir. 7 saylı internat məktəbin şagirdi Nihat Cavadov, Sumqayıtdakı 37 saylı orta məktəbin şagirdi Pünhan Tanrıverdiyev, Binəqədi rayonu 297 saylı məktəbin şagirdi Əlizadə Zemfira, 53 saylı məktəbin şagirdi Məmmədli Dəniz.... Döyülən bu uşaqlara görə kimsə təzminat ödəmək barədə düşünməyib.

Məlahət Rzayeva