ANS-in ATV-yə hücumu...

Peşəkarlar bunu etik saymırlar
Tanınmış telejurnalist, ANS-in əməkdaşı Ləman Ələşrəfqızının ATV-nin "Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva haqda hazırladığı süjet iki kanalı qarşı-qarşıya qoydu. Belə ki, M.Əliverdiyeva ATV kanalında Binəqədi rayonunun "Azadlıq” prospektində baş verən yanğın faciəsinin müzakirəsində "Biz o faciəni lap belə faciə etməməliyik” sözlərini deyib.
ANS telekanalının əməkdaşı Ləman Ələşrəfqızı isə M.Əliverdiyeva haqqında süjet təqdim edib və bu, cəmiyyətdə birmənalı qarşılanmayıb.
Peşəkar televiziyaçı Qulu Məhərrəmli AzNews.az-a ANS televiziyası ilə ATV telekanalının arasında gedən qalmaqala münasibət bildirərkən söyləyib ki, ANS-in ATV telekanalına qarşı hücumu doğru deyil: "Düzdür, məsələnin müəyyən qədər əhəmiyyəti var. Eyni zamanda diqqət mərkəzində olan məsələdir. Bütövlükdə isə bu, qeyri-etikdir. Bəzi televiziyalar çox inadkardır. Onlar kin enerjisini yığırlar və fürsət ələ düşən kimi bundan çox gözəl bəhrələnirlər. Amma bütövlükdə götürəndə bütün televiziyalar biri-birindən az fərqlənir. Hamısı təxminən eyni kökdədir. Bunların biri-birinə qarşı mübarizə aparması əjdahanın ağzında olan adamların biri-biri ilə vuruşmasına bənzəyir. Hesab edirəm ki, ANS-in ATV-yə qarşı davası etik cəhətdən doğru deyil”.
Digər televiziyaşünas Zeynal Məmmədli isə hesab edir ki, bu bizim medianın durumunun göstəricisidir: "Təsəvvür edin, ciddi bir hadisə baş verir və olayın səbəblərini araşdırmaq, təkrarlanmaması üçün cəmiyyəti məlumatlandırmaq əvəzinə, jurnalistin necə şərh verməsinə yönləndirmək və ya əksini etmək çox yanlışdır”.
Z.Məmmədli Azərbaycan televiziya məkanında ilk dəfə iki kanalın açıq şəkildə reytinq uğrunda bu formada qarşıya-qarşıya gəldiyinin şahidi olduğunu deyib: "Lakin düşünürəm ki, bu, bazar və reytinqə görə mübarizənin göstəricisi deyil. Sadəcə baş verən hadisəni yox bilərəkdən və bilməyərəkdən başqa bir olayı gündəmə gətirməkdir. Onlar bildi-bilmədi, buna xidmət edirlər. Peşəkar jurnalist kollektivi-televiziya komandası da, idarə edənləri də bunu görməli və imkan verməməliydilər. Belə davranış media etikası baxımından yolverilməzdir. Öncə gündəmdə insanlar olmalıdır, onların məsələləri həll edilməlidir. Bütövlükdə dövlətə inamın sarsılmasına yol verəcək hərəkətlərin qarşısı alınmalıdır və sədd çəkilməlidir”.
Vüqar Şahinoğlu