Qan Turalı doğru deyir, ya yox?

Rəna Canıyeva: “Biz həmin kitabın təqdimatı və satışı ilə bağlı onlara heç bir rədd cavabı yazmamışıq”
Şahbaz Xuduoğlu: “Ola bilsin ki, Qan Turalı emosiyaya qapılıb belə bir yazı yazıb”


Yazıçı Qan Turalı "Əli və Nino” Kitab Mağazalar Şəbəkəsi "Doqquz hekayə” adlı kitabını satmaqdan imtina etdiyini bildirib. O, Kulis.az saytında məsələ ilə bağlı yer alan yazısında mağazanın bu addımını inhisar yaratmaq cəhdi kimi qiymətləndirib:

"Məqsəd? Çox sadədir! İnhisar yaratmaq, yazıçıları istismar etmək, onların bir qəpik belə qazanmadığı kitablar üzərindən varidat toplamaq. Təsəvvür edin ki, məlum nəşriyyat bir manat da qonorar vermir, kitab satışından olan gəlir isə mağaza və nəşriyyat arasında bölüşdürülür. Bu istismar çarxından xilas olmaq istəyən yazıçıların kitablarını satış üçün qəbul etməməklə onlar oyundan çıxarılır”.

"Əli və Nino” Kitab Mağazalar Şəbəkəsinin rəhbəri Nigar Köçərli isə baş verənlərdən xəbərsiz olduğunu dilə gətirib. Bu barədə məlumatsız olduğu üçün Nigar xanım daha geniş məlumat əldə etmək üçün kitab satış mərkəzinə müraciət etməyimizi məsləhət gördü.

"Əli və Nino” kitab şəbəkələri mərkəzinin meneceri Rəna Canıyeva isə mağazanın Qan Turalının "Doqquz hekayə” kitabını satmaqdan imtina etməsi ilə bağlı yayılan məlumatların əsassız olduğunu deyib: "Bizim elektron ünvanımıza həmin kitabın satışı və təqdimatı ilə bağlı iki müraciət daxil olub. Sadəcə həmin gün işdə olmadığım üçün cavabı bir gün gecikdirdik. Səhəri gün məlumatı oxuduqdan sonra təqdimatla bağlı piarmenimiz Səbinə xanım "Park Bulvar”ın administrasiyasına zəng vurub, təqdimat üçün yer sifariş verib. Biz təqdimatla bağlı razılıq aldıqdan sonra isə Qan Turalı bizə yenidən müraciət etdi ki, biz təqdimatdan özümüz imtina edirik. Bu müddətdə isə biz həmin kitabın təqdimatı və satışı ilə bağlı onlara heç bir rədd cavabı yazmamışıq. Nə də yer olmadığı üçün kitabın satışından imtina etmişik”.

Qan Turalının fikirlərinə münasibət bildirən "Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu mağazanı günahlandırmağın doğru olmadığını deyib: "Ola bilsin ki, Qan Turalı emosiyaya qapılıb belə bir yazı yazıb. Bir müddətdən sonra hər şey öz qaydasına düşəcək. Kitab mağazaları balacadır, kitabların hamısını yerləşdirmək olmur. Kitablardan ancaq bir neçə tiraj götürə bilirlər. Nəzərə alaq ki, yaxın zamanlarda bir neçə kitab dükanı kirayə pulunu verə bilmədiyinə görə bağlanıb. Həm də bizim yazıçılarımızın kitabları bir o qədər satılmır deyə, mağazalar bunda maraqlı deyillər.

Bu faktorları nəzərə alsınlar. Nəşriyyat rəhbəri olaraq əlimdən gələni edirəm. Gücüm xaricində olan şeyləri məndən tələb etmək doğru deyil”.

Şəymən