“ABŞ Çin müharibəsində Amerika qazanmayacaq”

Cümşüd Nuriyev:“ABŞ müharibəyə əl atarsa, onu SSRİ-nin taleyi gözləyir. Bütün hallarda Tramp Amerikanın Qorbaçovudur”



ABŞ-la Çin arasında gərginlik atmaqdadır. Bir neçə gün əvvəl rəsmən vəzifəsinin icrasına başlayan Donald Trampın baş strateqi Stefen Bannonun açıqlaması üzə çıxıb. Çini düşmən görən Bannon bildirib ki, Cənubi Çin dənizindəki adalarla bağlı münaqişə qızışmaqdadır. Ona görə də yaxın illərdə Çinlə müharibə başlaya bilər. 

Çinin yüksək rütbəli hərbçiləri də ABŞ-la müharibənin yüksək ehtimalla baş verə biləcəyini və bunun praktik olaraq mümkün olduğunu deyiblər. ABŞ-la Çin arasında onsuz da yaxşı olmayan münasibətlər ötən il Pekinin Sakit Okeanda ərazi iddiasından sonra gərginləşib. Tramp seçkiqabağı kampaniya dövründə və daha sonra sərt bəyanatlar verərək Çinə qarşı olduğunu açıq şəkildə nümayiş etdirib. Əsas hədəfinin Amerikanı yenidən qüdrətli etmək olduğunu deyən Trampa görə, bunun yolu Çinlə iqtisadi əlaqələri məhdudlaşdırmaqdır. Xatırladaq ki, Ağ Evin yeni yaradılmış Milli Ticarət Şurasına Çinə qarşı sərt və tənqidi mövqeyi ilə seçilən Piter Navarro rəhbərlik edir. 

İki dövlət arasındakı gərginliyi şərh edən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyevun sözlərinə görə, ABŞın başqa dövlətlərin daxili işinə qarışması ilk dəfə deyil. Amma Çinə qarşı atılan addımların əsas səbəbi bu ölkənin iqtisadi gücünün artması ilə bağlıdır: 

"Proqnoz verirlər ki, yaxın zamanlarda, təqribən 2025-ci ildə Çin iqtisadi cəhətdən ABŞ-ı geridə qoyacaq. Çin ümumi daxili məhsulun istehsalına görə Amerikanı qabaqlayır, amma ittisadi artım tempinə görə hələlik bir qədər geri qalır. Son illərdə ABŞ dünya ticarətinin 16 faizinə nəzarət edir, Çində isə bu rəqəm 12 faizə yaxındır. Yəni Çinlə bağlı məsələnin kökündə ABŞ-ın milli təhlükəsizliyi dayanmır. Hamı bilir ki, Tramp siyasətçi yox, alverçidir. Əsas missiyası onu hakimiyyətə gətirənlərin marağına xidmət etməkdir. Çin dünyanın istehsalat emalatxanası sayılır. Son 5 ildə Rokfeller və digər milyarderlər ABŞ-ın qızıl ehtiyatlarını Çinə daşıyıblar. İndi güc tətbiq etməklə həmin qızılların yenidən Amerikaya gətirilməsinə nail olmaq istəyirlər”.

 Ekspert deyib ki, 1941-ci ildə ABŞ Yaponiyanı qızışdırdı, nəticədə yaponlar Çinin Mancuriya əyalətini zəbt etdilər. Amma 1945-ci ildə əsk əməliyyatla Yaponiyanı diz çökdürdülər: 

"Vaşinqtonun oyununa gedən Yaponiya hələ də özünə gələ bilməyib. Yaponların güclü ordusu yoxdur. Ancaq Çin fərqli ölkədir. ABŞ-la Çinin üz-üzə gəlməsi heç də ABŞ-ın qələbəsi ilə başa çatmayacaq. Çünki ABŞ-da hardasa 50 milyon çinli yaşayır. İnanmıram ki, Ağ Ev Çinlə problemini hərbi yolla həll etməyə cəhd göstərsin. Amerika ordusu 1950-ci illərdə Koreyada, 1973-cü ildə Vyetnamda biyabır olub. ABŞ-ın hərbi texnikası olsa da, ağıllı və güclü ordusu yoxdur. Ancaq hay-küyləri var. Çin isə həddindən artıq formalaşmış güclü orduya malikdir. Özü də Çin hökuməti hiyləgər siyasət yürüdür. ABŞ müharibəyə əl atarsa, onu SSRİ-nin taleyi gözləyir. Bütün hallarda Tramp Amerikanın Qorbaçovudur. Onu nəzərə almaq lazımdır ki, iki güclü dövlətin münaqişəsi istənilən halda Rusiyaya sərf edir”.

İsmayıl