ABŞ da razıdır, Rusiya da...

Kürdlərin Suriya danışıqlarına qatılması mümkün görünür


"Kürdlərin iştirakı olmadan Suriya danışıqları nəticə verməyəcək”. Bu sözləri Moskvada keçirdiyi brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Rusiyalı diplomat həmçinin vurğulayıb ki, Rusiya İraq kürdlərinə silahları birbaşa çatdırmır: "Yardım Bağdad vasitəsi ilə çatdırılır”.

S.Lavrovun açıqlamasına münasibət bildirən politoloq Tofiq Abbasov "Şərq”ə söyləyib ki, Suriya hadisələrində yaxından iştirak edən qruplardan biri də kürdlərdir: "Belə bir cəhdlər də vardı ki, bəzi qüvvələr Suriya kürdləri ilə İraq kürdlərini ayırsınlar. Lakin proseslər yenicə başlayanda İraq kürdləri və Türkiyədə yaşayan kürdlər Suriyaya B.Əsədin müdafiəsinə getmək istəmişdilər. Bu baxımdan proseslər belə yönəldi ki, kürdlər Suriyadakı vətəndaş qarşıdurmasının bilavasitə iştirakçılarıdır. İŞİD qruplaşmasına qarşı müqavimət hərəkatında onların da yeri var. Bunu heç kim inkar edə bilməz, bilmirlər də. Həqiqətən də Suriya kürdləri bu prosesdə yaxından döyüşürdülər. Hətta xaricdən də yardım istəmişdilər”.

Ekspert diqqətə çatdırıb ki, kürd məsələsi bölgədə getdikcə daha qabarıq forma alır və böyük dövlətlər kürdlərə dəstək göstərmək istəyirlər: "Gələcəkdə kürd dövləti yaranarsa, onlarla əməkdaşlıq tellərini öz nəzarətlərində saxlasınlar. Burada ABŞ yaxından iştirak edir. Onların kürdlərlə bağlı planları var. Təbii, burada Türkiyənin çox narahatlığı var. Ən son instansiyada kürdlər öz dövlətlərini yaratmağı düşünür. Öz dövlətlərini yaratmaq istəyirlər və çalışırlar ki, bu dövlət oturuşsun. ABŞ, bəzi Avropa dövlətləri və Rusiya bu işdə yaxından iştirak edirlər. Deyim ki, buna bənzər proses əvvəlcə də yaşanıb. İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqı, İngiltərə və ABŞ İsrail dövlətinin yaranmasını dəstəklədilər. Yəhudilərin isə ən böyük ideyası dövlət yaratmaq idi. Onlar üçün solçu, sağçı, reformator və liberallıq ikinci məsələ idi. İndi bu paraleli aparmağa lüzum var. Ona görə ki, kürdlər özlərinin dövlətlərini yaratmaq istəyirlər. Onun islamçı, dünyəvi, rusiyapərəst və ABŞ meyilli dövlət olub-olmayacağı məsələnin ikinci tərəfidir. Mənə elə gəlir ki, kürdlərin danışıqlarda iştirakına Rusiya və ABŞ razı qalacaq. Çünki hər ikisinin buna meyli var”.

Ayyət Əhməd