“ABŞ gələn il məhsulunu bazara çıxarsa, neft daha da ucuzlaşacaq”

“Neftin qiyməti 20 dollara düşərsə, dövlət büdcəsi müzakirə oluna bilər”
Vahid Əhmədov: “Benzinin qiymətinin ucuzlaşması iqtisadi məsələdən daha çox siyasi mahiyyət daşıyır. Fikrimcə, bunda bir az ehtiyatlı olmalıyıq”


Dünya bazarında neftin qiymətinin düşməsi əksər ölkələrdə olduğu kimi neft ixrac edən Azərbaycanda da müəyyən narahatlıq yaradıb. Son məlumata görə, "WTI” neftinin qiyməti 1 barelə görə 1,14 dollar azalaraq, 35 dollar təşkil edib. Brent markalı neft isə 37 dollara düşüb. 2008-ci ilin dekabrından etibarən ilk dəfədir ki, Brent neftinin qiyməti 38 dollardan aşağı düşüb.

Xatırladaq ki, Azərbaycanın 2016-cı il üzrə Dövlət Büdcəsi təsdiq olunub. Sözügedən sənəddə 1 barel neftin qiyməti gələn il üçün 50 dollar götürülüb. Neftin qiyməti Azərbaycan üçün çox vacibdir. Çünki ölkə iqtisadiyyatında neft-qaz sektorunun payı hələ də yüksək olaraq qalmaqdadır. Hazırda neftin iqtisadiyyatımızdakı payı 65 faiz təşkil edir. Əksər iqtisadçı-ekspertlərə görə, neftin bu qədər ucuzlaşması iqtisadiyyatın böyük hissəsi neft-qaz sektorundan və bu sektordan əldə edilən gəlirlərdən asılı olan Azərbaycan üçün mənfi tendensiyalar yarada bilər. Cəmiyyətdəki narahatlıqla bağlı "Şərq”in suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib ki, neftin qiyməti kəskin aşağı düşərsə, ölkə iqtisadiyyatı müəyyən problemlər yaşaya bilər...

- Vahid müəllim, dünya bazarında neftin qiymətinin hər keçən gün ucuzlaşması nəylə bağlıdır?

- Dünyada baş verən hadisələr, müharibələr, xüsusən Moskvanın Ukraynaya müdaxiləsi və bunun fonunda Rusiyaya qarşı qəbul edilən sanksiyalar, eyni zamanda Suriya və İraq ətrafında baş verən hadisələr, İŞİD faktoru, son olaraq Türkiyə-Rusiya arasında yaşanan olayların hamısı dünya bazarında neftin qiymətinə ciddi təsir göstərir. Məlum proseslərin davamlı olacağı gözlənildiyindən, neftin bahalaşacağı da ehtimal edilmir. Neftin qiymətinin aşağı düşməsi isə öz növbəsində dünya iqtisadiyyatını böhranlı vəziyyətə salır. Son bir həftədə neft 10 faiz ucuzlaşıb. Bəzi mütəxəssislər hesab edir ki, ABŞ gələn ildən neftini xarici bazara çıxarmağa qərar versə, neft daha da ucuzlaşacaq.

- Sizcə, bu proses nə qədər davam edə bilər? Yəni neftin qiyməti hansı həddə kimi düşər?

- Məncə, neftin ucuzlaşması uzun müddət belə davam edə bilməz. Güman olunur ki, 2016-cı il ərzində elə 50 dollar səviyyəsində qalacaq. Gedən proseslərə və apardığımız proqnozlara əsasən belə qənaətə gəlmək mümkündür. Hələlik gözləmək lazımdır. Dekabr ayının 18-də Federal Təhqiqatlar və Ehtiyatlar Bürosu faiz dərəcəsini müəyyən edəcək. Proseslərin sonrası bundan asılı olacaq.

- Neftin qiymətinin düşməsi Azərbaycana nə vəd edir?

- Neftin ucuzlaşması neft ixrac edən ölkələr üçün yaxşı hal deyil. O cümlədən də Azərbaycan üçün. Biz 2015-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiymətini 90 dollar qəbul etmişdik. Amma hazırda bu qiymət 40 dollara yaxındır. Gələn il neftin bahalaşma ehtimalı çox az olduğu üçün yeni büdcədə bu rəqəmi 50 dollar götürdük. Amma indi də neftin qiyməti düşür. Hələlik 40 dollardan aşağıdır, müəyyən müddət ərzində kəskin surətdə aşağı düşmə ehtimalı da var. Əlbəttə ki, neftin qiymətinin dəyişməsi Azərbaycan iqtisadiyyatına müəyyən mənfi təsirlərini göstərir. Çox güman ki, gələn il də göstərəcək. Söhbət ondan gedir ki, Dövlət Büdcəsinə ayırmalar arasında neft-qaz sektorundan əldə olunan gəlirlər üstünlük təşkil edir. Ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığı hələ də qalmaqdadır. Ona görə də neftin satışından əldə olunan gəlirlər azalacaq.

- Mövcud problemlər fonunda 2016-cı ilin dövlət büdcəsinə yenidən baxmağa zərurət varmı?

- Mənə elə gəlir ki, 2016-cı ilin dövlət büdcəsinə yenidən baxmağa hələlik ehtiyac yoxdur. Əgər neftin qiyməti kəskin aşağı düşərsə, yəni 20 dollar olarsa, o halda dövlət büdcəsi müzakirə oluna bilər. Lakin nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyinin ehtiyat variantları da var. Hər hansı problem yaranarsa, ehtiyatdan dövlət büdcəsinə transfert edilər və məsələ həll olunar. Yəni müəyyən variantlar var. Maliyyə naziri Samir Şərifov dövlət büdcəsini bizə təqdim edəndə də dedi ki, nazirlik bir neçə ehtiyat variantın üzərində işləyir.

- Neftin ucuzlaşması ilə əlaqədar 2016-cı ilin dövlət büdcəsində hansısa layihələr ixtisar edilə bilərmi?

- 2016-cı ilin dövlət büdcəsində bizi narahat edən iki əsas layihə nəzərdə tutulub. Həmin layihələr həm siyasi, həm də iqtisadi cəhətdən Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Birincisi, TANAP və TAP enerji layihələri, yəni qazın Türkiyə vasitəsi ilə Avropaya çatdırılmasıdır. Digər layihə isə Bakı-Tbilisi-Qars dəmiryolu xəttidir. İki layihənin reallaşmasına hardasa 2 milyard 200-300 milyon manata yaxın vəsait sərf edilməlidir. Bizim üçün çox önəmli olan bu layihələrin reallaşması ilə Azərbaycana böyük vəsaitlər daxil olacaq. Digər layihələr isə baş verən proseslərə uyğun olaraq həyata keçiriləcək. Kim bilir, bəlkə gələn il neftin qiymətində müəyyən dəyişiklik oldu. Sosial layihələrin hamısı saxlanılıb, onlara toxunulmayıb. 2015-ci ildə olduğu kimi bütün sosial müavinətlər, pensiyalar, yardımlar olduğu kimi saxlanılıb. Hətta onlara müəyyən artımlar edilib. Ancaq investisiya layihələri təxirə düşə bilər. Həmin layihələrdən bəzisinin ixtisar edilməsi mümkündür.

- Neftin qiymətinin düşməsi ilə paralel hər dəfə digər bir məsələ də gündəmə gəlir. Əksəriyyət sual edir ki, axı niyə neftin qiyməti günbəgün aşağı düşdüyü halda ölkədə benzin ucuzlaşmır? Sizcə, bunun səbəbi nədir?

- İqtisadi cəhətdən insanların tələbi düzdür. Yəni neftin qiyməti düşürsə, paralel olaraq benzinin də qiyməti enməlidir. Çünki bu halda benzinin maya dəyəri də aşağı düşür. Amma bu məsələ artıq Tarif Şurasının işidir. Prosesləri nəzərə alaraq qərarı Şura verməlidir. Bu məsələni şərh edərkən ölkədəki ictimai-siyasi vəziyyəti də nəzərə almaq lazımdır. Çünki benzinin qiymətinin ucuzlaşması iqtisadi məsələdən daha çox siyasi mahiyyət daşıyır. Fikrimcə, bunda bir az ehtiyatlı olmalıyıq.

İsmayıl