ABŞ güclü Azərbaycan istəyir

15 şirkət ölkəmizə gəlib, münasibətlər yaxşılaşır



Bu günlərdə Bakıda ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında ABŞ Ticarət Missiyasının Azərbaycana səfəri ilə əlaqədar qəbul təşkil olunub. Məlumata görə, qəbulda çıxış edən səfir Robert Sekuta bildirib ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycanla əməkdaşlıq etdiyi üç əsas sahədən biri də iqtisadiyyatdır: "Ölkələrimiz arasında olan uğurlu əməkdaşlığın ruhuna uyğun olaraq iqtisadi və ticarət əlaqələrini yaxşılaşdırmaq üçün 15 şirkətdən ibarət nümayəndə heyəti Azərbaycana gəlib. Məqsədimiz birgə çalışaraq güclü, sabit, demokratik, inkişaf edən Azərbaycan qurmağa kömək etməkdir”.

Məlumat üçün bildirək ki, missiya noyabrın 20-nə kimi Azərbaycanda olacaq, dövlət və özəl sektor rəsmiləri ilə görüşlər keçirəcək. Missiyada "Baxter”, "Bloomberg LP”, "Capstone Turbine”, "Dow”, "Honeywell”, "Globalise”, "Langan”, "Miyamoto İnternational”, "Osisoft”, P&G, "Thomson Reuters”, "Turner İnternational”, "Wayback’s Burgers”, "WSP/Parsons Brinkherhoff” şirkətləri iştirak edir.

Məsələni şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə bildirib ki, ABŞ-Azərbaycan münasibətləri strateji xarakter daşıyır: "Son zamanlar Amerika ilə Azərbaycan arasında bir gərginlik yaşanırdı. Buna səbəb isə Amerikanın nahaqdan Azərbaycanı tənqid atəşinə tutması idi. Bu tənqidlər də əsasən qəzetlər səviyyəsində idi və hesab edirəm ki, gərginlik kimi qələmə verilən anlaşılmazlıqlar artıq arxada qalıb. Bəli, ABŞ-Azərbaycan münasibətlərinin qaydaya salınması üçün yəhudi lobbisi səy göstərir. Fikrimcə, Amerika ilə Azərbaycan arasında soyuqluğun yaranmasına digər səbəb hər hansısa üçüncü, dördüncü dövlətin təsirləri ilə bağlı idi. Hər bir dövlət kimi Azərbaycan da öz siyasi və iqtisadi maraqlarına görə hərəkət edir. Rusiya hər zaman Ermənistana yardım edib və cəbhədə gərginliyi artırıb. Bunu Azərbaycan Prezidentin Almaniya səfəri zamanı kansler Merkel açıq surətdə bildirdi. Rusiya nə bacarırsa, edir. Buna baxmayaraq, qonşu dövlət kimi Rusiya ilə dostluğu, ticarət əlaqələrini inkişaf etdirməyə çalışırıq”.

Ayyət Əhməd