“ABŞ-ın İrana savaş açması mənasızdır”

Sərdar Cəlaloğlu: “İranın ən böyük nüvə layihəsi “Hizbullah”dır”



Avropa ölkələri İranla nüvə anlaşması məsələsində müttəfiqləri ABŞ-ın yox, qarşı cəbhədə olan İranın yanında yer alıblar. Almaniya, Fransa və Britaniyanın xarici işlər nazirləri, o cümlədən Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi birgə bəyanat yayaraq nüvə anlaşmasının tam formada qüvvədə qaldığını bildiriblər.

Rəsmilər vurğulayıb ki, ABŞ-ın İranla əldə olunan sazişdən birtərəfli qaydada imtina etməsinə baxmayaraq, anlaşmanın icra prosesi davam etdiriləcək və tərəflər öz öhdəliklərinə sadiq qalacaqlar. Həmçinin, tərəflər qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün danışıqları daha da intensivləşdirəcəklər. Almaniya kansleri Angela Merkel də parlamentdəki çıxışı zamanı Donald Trampın qərarını tənqid edib. Merkel bildirib ki, Tramp həmləsini yanlış hesabladı və sazişin təbiətinə uyğun olmayan bir mövqe nümayiş etdirdi: "İdeal olmayan hərəkətlərə baxmayaraq, İran anlaşmanın şərtlərinə sadiq qalır”.

Prosesi "Şərq”ə dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, ABŞ və İsraili narahat edən İranın geopolitik gücə çevrilmə cəhdi və Yaxın Şərqdə "Hizbullah” terror dəstələrini dəstəkləməsidir. Partiya sədrinin sözlərinə görə, "Hizbullah” Yəməndə, Misirdə, Livanda, İraq və Suriyada Amerikanın maraqlarına qarşı duran yeganə gücdür. Bu güc həm ideoloji, həm də hərbi cəhətdən İran tərəfindən dəstəklənir: "İranla nüvə anlaşması məcazi anlam daşıyır. 

İranın ən böyük nüvə layihəsi "Hizbullah”dır. ABŞ bunu açıq şəkildə deyə bilmədiyi üçün müxtəlif bəhanələr irəli sürür. İranın nüvə tədqiqatı aparması atom enerjisi üzrə beynəlxalq agentlik olan "MAQATE”-nin nəzarəti altındadır. Bu agentlik dünyada atom silahının yayılmasına mane olan qurumdur. Lakin indiyə kimi MAQATE İrandakı nüvə tədqiqatları ilə bağlı hansısa xəbərdarlıq etməyib. ABŞ-ın İrana savaş açması mənasızdır. Beynəlxalq hüquqa əsaslanmaq lazımdır. Amerika özü atom agentliyinin üzvüdür. Amerikanın İranla nüvə sazişindən imtina etməsi "Hizbullah” və bir sıra iqtisadi məsələlərlə bağlıdır”.

S.Cəlaloğlu bildirib ki, Avropa dövlətlərinin İranla xüsusi əlaqələri var: 

"Fransa, İngiltərə və Almaniya İranla birgə layihələr həyata keçirir. Layihələrə son verilməsi Avropa dövlətlərində ciddi iqtisadi problemlərə gətirib çıxara bilər. Qərb dövlətlərinin maraqları onları İranla əməkdaşlığa məcbur edir. Amerikanın birtərəfli qaydada İrana embarqo tətbiq etməsinin də əhəmiyyəti olmayacaq. Nəzərə almaq lazımdır ki, ABŞ təkcə İranla deyil, Rusiya və Çinlə də düşmənçilik siyasəti aparır. Bu dövlətlər İrana açıq şəkildə dəstək verirlər. Ən əsası isə odur ki, Amerikanın öz müttəfiqləri də Vaşinqtona arxa çevirirlər”.

İsmayıl