"ABŞ-Rusiya arasında müharibə qaçılmaz görünür" - Analitik

Azər Rəşidoğlu:"Hətta SSRİ dövründə belə ABŞ-Rusiya münasibətləri bu dərəcədə gərgin olmayıb. Bu, fəlakətə səbəb ola bilər"
"Dünyanın iki super gücünün açıq savaş dilində danışması bölgə üçün müsbət heç nə vəd etmir”.
Bu sözləri "Sherg.az”a Amerikanın Suriyanı bombalama planlarını şərh edərkən analitik, "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu deyib. 
O diqqətə çatdırıb ki, hətta SSRİ dövründə belə ABŞ-Rusiya münasibətləri bu dərəcədə gərgin olmayıb:
"İki supergüc arasında müharibə qaçılmaz görünür. Bu, fəlakətə səbəb ola bilər. Unutmaq olmaz ki, bölgədə çoxları, hətta "Hizbullah" və "Husilər" balistik raketlərə malikdir. Rusiya, İran, Pakistan və ABŞ nüvə ölkəsidir. Güman edirəm ki, bu amil tərəfləri savaşdan boyun qaçırmağa vadar edəcək. Əks təqdirdə, bölgə məhv ola bilər”.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Suriyaya raket zərbələri endiriləcəyinin anonsunu verib. "Twitter”də açıq şəkildə Rusiyaya müharibə elanını xatırladan paylaşımlar edən Tramp yazır: "Rusiya Suriyaya doğru buraxılacaq bütün raketləri vuracağına söz verib. Hazırlaş, Rusiya, çünki yeni və "ağıllı” raketlər gələcək. Xalqını qazla öldürən və bundan zövq alan bir heyvanla ortaq olmamalısan".
Rusiyanın Xarici İşlər Nazirliyi isə Trampın açıqlamasına dərhal cavab verib. "Ağıllı raketlər bir neçə ildir öz ərazisində beynəlxalq terrorçuluqla mübarizə aparan qanuni hökumətə deyil, terrorçular tərəfə uçmalıdır" - deyə Rusiya XİN-dən bildirilib. Qarşıdurma şəraitində davam edən bu vəziyyət bölgədə müharibə ehtimalını daha da artırıb.
Aysel Aslan