Ac tələbə və 1 manatlıq dönər...

Eyyub Hüseynov: “Ay bala, axı bu yediyin, düzgün qida deyil”
“Mənşəyi bilinməyən ətdən dönər yeyən tələbənin dərsdə diqqətli olacağını, müəllimin dediklərini yadda saxlaya biləcəyini necə düşünək?”


Memarlıq və İnşaat Universiteti ilə üzbəüz kiçik dönərxana var. Bakı Dövlət Universitetinin ərazisini əhatələyən dəmir məhəccərlərin tam da arasında qərar tutub. Dönərin qiyməti isə sadəcə 1 manatdır. Birbaş dərsdən çıxan tələbələrə "baxır”. Tələbələr də, ona - dönərə. 1 manatlıq dönər hədsiz cəlbedicidir ki, dönərxananın önü tələbələrsiz olmur. Tələbə üçün 1 manatlıq dönər, göydən düşmüş kimidir.

Xüsusən də saat 11:00-12:00 radələrində dönərə tələbat artır. Dərsdən çıxan tələbələr dönərə "cumur”lar. Dünən də eyni vəziyyət idi. Saat 11 radələri olmasına baxmayaraq dönərxananın önündə növbə yaranmışdı. Dönərini alıb kənarda səkinin üstündə əyləşib yeyənlər də vardı, növbə gözləyənlər də.

1 manatlıq dönər tələbələri necə doyurur? Sadəcə, mədə dolur, yoxsa, həqiqətən də normal qidalanma aktı baş verir?
Dana ətinin kiloqramı 10 manata olduğu halda dönərə 1 manat qiymət necə qoyulur? Ətdən əlavə bunun çörəyi, soğanı, pomidoru, tomat sousu da var. Hətta bəzi yerlərdə 1 manatlıq dönərin üstündə ayran da verirlər. İstənilən halda şübhə yaranır ki, 1 manatlıq dönərlərdə istifadə olunan ətlər keyfiyyətsiz, köhnə məhsuldur. Hələ bəzən yaxalanan at əti, murdar ət, leş satıcılarından danışmırıq. Dönərxanalara belə murdar ətlər gətirilmədiyi nə məlum? Ola bilsin, dönərxana sahibləri ətin keyfiyyətindən bixəbərdir. Amma bütün hallarda, ilin-günün bu zamanında sahibkara ucuz ət təklif edilirsə, şübhələrə əsas yaranır.

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında vəziyyətin acınacaqlı hal aldığını dedi:

- Tələbənin, məktəblinin qidası yüksək keyfiyyətli olmalıdır. Düzgün qidalanmayan şagird, tələbənin beyni normal işləyə bilməz. Dietoloqlar həmişə insan orqanizmi üçün zəruri olan qidaları sadalayırlar. Süd məhsulları, yumurta, ət, balıq, tərəvəz, meyvələr... Amma tələbələr bunlarla qidalanırmı? Səhər saat 11-də tələbə dönərçinin başının üstünü kəsdirirsə, deməli, səhər heç nə yeməyib. Ac-acına durub gəlib dərsə. Dindirsən, deyəcəklər, tələbəçilikdi, kirayədə qalırıq. Pulumuz buna çatır. Ay bala, axı bu yediyin, düzgün qida deyil. Özünüzü aldatmayın. Mənşəyi bilinməyən ətdən dönər yeyən tələbənin dərsdə diqqətli olacağını, müəllimin dediklərini yadda saxlaya biləcəyini necə düşünək? Mən hələ keyfiyyətsiz ətlərin gələcəkdə gənclərin sağlamlığına vura biləcəyi zərərlərdən danışmıram. Çörək arasında ətin - dönərin 1 manata satıla biləcəyi mümkün deyil. Çünki ətin qiyməti bahadır. Bəs çörəyin arasına qoyulan nə ətidir, necə ətdir?

Həmişə demişəm ki, bazar tələb-təklif prinsipi üzərində qurulur. Tələb varsa, təklif də gəlir. Əhali satışa çıxarılan ətlərə şübhə ilə yanaşır.

 Çünki bu ətlərin yeyilməyə münasib, yaxud qeyri-münasib olduğunu bilmir. Dönərə 1 manat qiyməti elə-belə qoymayıblar. Dana ətinin qiyməti 10-12 manatdır. Quzu əti 13 manat. Bəs necə olur ki, küçələrdə "ətdən” hazırlanan dönər 1 manatdır?! Deməli, bizim bu ətlərdən şübhələnməyimizə əsas var. Bəzi bazarlara murdar ətlər gecə saatlarında gətirilir. Başqa ətlərə qarışdırılıb mal əti adı altında satılır. Adi gözlə ətləri biri-birindən ayırd etmək çətindir. Bunu yalnız baytarlıq xidməti müayinə edib müəyyənləşdirə bilər. Nəzarət zəif olduğundan sahibkarlar da, satıcılar da istədikləri kimi davranır. Əmindirlər ki, heç kim onları cərimə etməyəcək. Çünki qanunvericiliyə görə, istehlakçının aldadılma dəyəri 100 manatı aşdıqda cərimə qüvvəyə minir. Yəni, alqı-satqının dəyəri 100 manatdan aşağıdırsa, cərimə yoxdur. Vaxtilə bu məbləğ 40 manat idi. Biz buna etiraz edirdik, amma məbləği azaltmaq əvəzinə, qaldırdılar. Əksinə, iş gördülər. Nə qədər ki, qanunvericilik dəyişməyib, istehlakçının aldadılmasına görə cəzalar sərtləşdirilməyib, vəziyyət belə də davam edəcək.

Məlahət Rzayeva