Qulu Ağsəs: "Vəziyyət o həddə çatıb ki, yazarlarımızın əlində "Ədəbiyyat” qəzeti, "Qobustan” jurnalı görəndə sevinirik"
Acı reallıq...
Ədəbi dərgilər digər nəşrlərdən az oxunur
Qulu Ağsəs: "Vəziyyət o həddə çatıb ki, yazarlarımızın əlində "Ədəbiyyat” qəzeti, "Qobustan” jurnalı görəndə sevinirik"
Qulu Ağsəs: "Vəziyyət o həddə çatıb ki, yazarlarımızın əlində "Ədəbiyyat” qəzeti, "Qobustan” jurnalı görəndə sevinirik"
Nəriman Əbdülrəhmanlı: "İndi elektron media əsridir, saytlar öz layihələrini həyata keçirir, kitablar çap edir, müsabiqələr keçirirlər"
Aqşin Evrən: "Təklif edirəm ki, AYB jurnal və qəzetlərin fəaliyyətini dayandırıb, portal versiyasını yaratsın"
Səxavət Sahil: "İndi ədəbiyyatın inkişafını ədəbi portal və saytlarsız təsəvvür etmək çətindir"
(… əvvəli ötən sayımızda)
Ədəbiyyatın inkişafına təkan vermək, yeni yazarları və onların əsərlərini oxuculara təqdim etmək daim qəzet və jurnalların da ümdə missiyalarından biri olub. Mətbuat tariximizə nəzər salanda da bunu görmək olar. Bir sıra qəzet və jurnallar XX əsrin əvvəllərində ədəbiyyatın və ədəbiyyat nümayəndələrinin tanınmasına, inkişafına təkan verib.
Onlar yalnız yazıçı ilə oxucu arasında körpü olmayıb. Onların missiyası hansısa yeni əsərin təqdimatı ilə məhdudlaşmayıb. Zaman-zaman dərgilərin ədəbiyyatın yönünü müəyyənləşdirdiyini, ədəbi prosesə istiqamət verdiyini, onu diri tutduğunu bilirik. Dərgilərin ətrafında bir ədəbi xəttin, dünyagörüşün tərəfdarı olan yazarlar toplaşıb, qarşı görüşdə olan dərgilərin bir-biri ilə "müharibə”si ədəbi prosesə rəng qatıb, onun özünü canlı orqanizm kimi hiss etməsinə yol açıb.
Çar Rusiyası və 19-20-ci əsrlər Avropasına xas ədəbi dərgilər ətrafındakı yazıçı birlikləri daha effektli, daha dinamik, daha rəngarəng, daha faydalı olub. Bununla belə sovetlər dövründə də Azərbaycanda fəaliyyət göstərən yaradıcı təşkilatlar müəyyən qədər ədəbi prosesləri özündə əks etdirib.
Ancaq son illərdə Azərbaycanda ədəbiyyata marağın azalması ədəbi nəşrlərdən də təsirsiz ötüşməyib. Ölkədə ədəbi nəşrlər fəaliyyət göstərsə də, onları oxuyanların sayı həddindən artıq azdır. Bu məqam da istər-istəməz nəşrlərin fəaliyyətinə mənfi təsir göstərir. Ədəbiyyatla bağlı jurnal və qəzetlərin fəaliyyətində müəyyən dərəcədə zəiflik hiss olunur. Eyni zamanda yazılanların bir çoxunda zamanla ayaqlaşma istiqamətində problemlərin olduğu da diqqət çəkir.
Azərbaycanda fəaliyyət göstərən ədəbi jurnalların durumunu dəyərləndirən "Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsin sözlərinə görə, Azərbaycanda ədəbi dərgilərə ögey münasibət var və bu, son zamanlar daha qabarıq hiss olunur. O deyib ki, onsuz da sayı çox az olan ədəbi jurnalları qəzet köşklərində tapmaq olmur:
"Ədəbi dərgilər və ya ədəbi mövzulara toxunan qəzetlər, elektron media orqanları digər mətbu nəşrlərdən fərqli olaraq az oxunur. Bu reallıq acı da olsa bir faktdır. Nə qaçmaq, nə də danmaq olur. Biz sadəcə bununla hesablaşmalıyıq. Ən azından ona görə ki, indiki dövrdə nəyisə gizlətmək, yalandan şişirdilmiş məlumatlar yaymaq dövrü arxada qalıb. Tiraj hər şeyi müəyyənləşdirir. Amma statistikanın özündə belə axtarsaq, ədəbi-bədii dərgilərlə bağlı işıq tapmasaq da, işıq ucu tapmaq olar. İşıq ucu isə odur ki, özümüz yazıb, özümüz oxuyuruq. Hər nə qədər qəribə və təzadlı səslənsə də, bəzən yazıçılarımızın biri-birlərinin əsərlərini oxumadıqlarını görürük. Vəziyyət o həddə çatıb ki, yazarlarımızın əlində "Ədəbiyyat” qəzeti, "Qobustan” jurnalı görəndə sevinirik. Amma vaxt vardı ki, nəinki yazıçıların, digər sahələrdə çalışan insanların, ziyalıların da əlindən bu dərgilər düşmürdü. Elə oxumadığımıza görə də son illərdə ədəbi-bədii nəşrlərin tirajı kəskin şəkildə aşağı düşüb. Bəzən sual verirlər ki, ədəbiyyat dərgilərinin tirajı niyə günü-gündən aşağı düşür? Mən də sizin qəzet vasitəsilə həmin adamlara sual edirəm ki, onlar hansı dərgiyə abunədirlər? Əvvəllər hər birimiz dərgilərə abunə olmağa can atırdıq ki, köşklərdə ədəbi jurnalları tapmaq olmurdu. Nəşrlər satışa çıxarılan kimi alınıb, qurtarırdı”.
Q.Ağsəsin sözlərinə görə, bütün bu çatışmazlıqlara rəğmən Azərbaycanda ədəbi-bədii nəşrlərin oxunma səviyyəsini qaldırmaq olar. Bunun üçün də ilk növbədə ədəbiyyat adamları, ədəbiyyatsevərlər bədii jurnallara abunə olmalıdır.
Çünki nəşri əldə etməyin ən asan yolu abunədir. Bu gün köşklərdə ədəbi nəşrlərə qarşı ögey münasibət var. Orada ən az 70-80 adda məmulatlar satılır ki, ədəbiyyat dərgiləri həmin məmulatların arasında itib-batır. Real faktlara söykənməyən, ajiotaj yaradan media orqanları köşklərin vitrininə qoyulur, maarifləndirici informasiyalar yayan qəzetlər, jurnallar isə arxaya atılır. Sadəcə olaraq, biz çalışıb həmin adamlarda yenidən ədəbiyyata maraq oyatmalı, onları ədəbi dərgiləri almağa sövq etməliyik. Hazırda bu sahədə çox ciddi boşluqlar var. Biz əvvəlki münasibətləri bərpa etməliyik”.
Şairin sözlərinə görə, ədəbi nəşrlərə oxucu marağının az olmasının bir səbəbi də təbliğatın olmaması ilə bağlıdır:
"Bu məsələdə razıyam ki, təbliğatımız o qədər də yaxşı qurulmayıb. Əvvəllər televiziyalarda ədəbi verilişlər var idi ki, ədəbi dərgilərlə bağlı tamaşaçıları məlumatlandırırdı. İndi onlar da yoxdur. Əgər qəzetlər, televiziyalar ədəbi dərgilərin təbliğatını aparsalar, oxucu sayımız artar».
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı:
- İndi Azərbaycanda müntəzəm və geniş miqyasda fəaliyyət göstərən ayrıca ədəbi elektron media orqanı, bildiyim qədər yoxdur. Bu yaxınlaracan "Ədəbi Azadlıq", "Kulis.az" saytları belə bir funksiyanı yerinə yetirirdi. "Sim-sim.az", "Manera.az" kimi saytlar var ki, maliyyə vəsaitinin çatışmazlığı ucbatından var gücüylə fəaliyyət göstərə bilmir. Yenicə yaradılmış "Yarpaq" saytı da hələ eyni problem üzündən var gücüylə işləmək iqtidarında deyil. Amma indi elektron media əsridir, saytlar öz layihələrini həyata keçirir, kitablar çap edir, müsabiqələr keçirirlər. Belə bir ədəbi məkanın Azərbaycanda da formalaşmasına böyük ehtiyac var.
Şair Aqşin Evrən "Nargin.az”, "Sim-sim.az” kimi çox gözəl və maraqlı ədəbi portalların olduğunu deyib:
"2-3 il əvvəl bu sahə daha parlaq idi. "Kult.az” və "Kulis.az” ədəbi mühitdə böyük canlanma yaratmışdı. Tənqidi məqalələr, ədəbi polemikalar, biri-birindən maraqlı mətnlər yayımlanır, maraqlı imzalar üzə çıxırdı. Bu portallar arxa plana düşdükdən sonra, demək olar ki, ədəbi proses zəiflədi. "Kulis.az”da, eləcə də "Kult.az”da bir şeiri, hekayəni, köşəni 10 min, bəzən 20-30 min adam oxuyurdu. Bu, çox böyük göstərici idi. Təklif edirəm ki, AYB jurnal və qəzetlərin fəaliyyətini dayandırıb, portal versiyasını yaratsın, inkişaf etdirsin və layiqli mətnləri çap etsin. Çap xərclərini də əlavə eləsin müəlliflərin qonorarlarına. Onda həqiqətən ciddi intibahın şahidi olarıq”.
"Avanqard” jurnalının baş redaktoru Səxavət Sahilin fikrincə, hazırda ədəbi nəşrlərin vəziyyəti ürəkaçan deyil:
"Təəssüf ki, bu nəşrlərə rəhbərlik edənlər köhnə düşüncə ilə qəzet və ya dərgi nəşr etmək istəyirlər. Məsələn, həftəlik ədəbi nəşr olan, dövlət büdcəsindən kifayət qədər maliyyə ilə təmin olunan "Ədəbiyyat qəzeti” ədəbi gündəmə təsir etmək gücündə deyil. Qəzet daha çox tərifə üstünlük verir, bəzən gözdən pərdə asmaq məqsədi ilə yazılar verir. Lakin bu yazılar da tərif və "hər şey gözəldir” janrından o yana getmir. Qəzetin səhifələrində kiminsə yenı çıxan kitabı haqqında il ərzində demək olar ki, silsilə məqalələr çap olunur. Lakin bu yazıların arasında nəinki bir tənqidi məqalə, hətta bircə cümlə belə tənqid tapmaq mümkün deyil. Belə olduğu halda ədəbiyatın bozlaşması baş verir, ədəbiyyat şəxsi məqsədlərin qurbanı olur.
S.Sahilin sözlərinə görə, son vaxtlar ədəbiyyatın inkişafı, onun oxucuya çatması və yayılması işi demək olar ki, onlayn medianın çiyinlərinə düşür. Xüsusən də sosial şəbəkələrdə yayılan əsər daha çox oxucu qazanır:
"Onlayn media olmasaydı, biz yenə də qəzet və jurnalların səhifələrində bozarmış mətnləri və tərif dolu yazıları oxumaq məcburiyyətində idik. Hətta mən deyərdim ki, onlayn media ədəbiyyatla maraqlanan indiki oxucuları bozluqdan, boğazdan yuxarı olan yazılardan xilas edib. Onlayn mediada müxtəlif vaxtlarda ədəbi saytlar olub və bu gün də var. Düşünürəm ki, indi ədəbiyyatın inkişafını ədəbi portal və saytlarsız təsəvvür etmək çətindir”.
Qeyd edək ki, ötən əsrdə dərgilərin ətrafında bir ədəbi xəttin, dünyagörüşün tərəfdarı olan yazarlar toplaşar, qarşı görüşdə olan dərgilərin bir-biri ilə "müharibə”si ədəbi prosesə rəng qatar, onun özünü canlı orqanizm kimi hiss etməsinə yol açardı.
Keçən çağın əvvəllərində Azərbaycan ictimai fikrinə iki dərgi damğasını vurdu. Bir tərəfdə "Füyuzat”, digər tərəfdə "Molla Nəsrəddin”. Sovet Azərbaycanı illərində də ədəbi prosesə damğa vuran ədəbiyyat orqanları olub.
"Azərbaycan” jurnalı, "Qobustan” sənət toplusu, "Ədəbiyyat” qəzeti, "Ulduz” jurnalı və s. kimi.
Şəymən