Borçalıdan olan gənclər Türkiyəni ayağa qaldırdı
Son illər Türkiyənin məşhur musiqi yarışı olan "O səs Türkiyə”yə Azərbaycanda da böyük maraq yaranıb. Azərbaycanın bir çox istedadlıları, məhz o Türkiyədə özlərini tanıtmağa çalışırlar. Əslində məntiqi baxımdan da hesablanmış bir sınaqdı. Türkiyədə belə böyük və hər kəsin diqqətində olan yarışda iştirak etmək iştirakçıya gələcəkdə özünü tanıtmaq üçün böyük fürsətlər yarada bilər.
İstedadı olub Azərbaycanda özlərini tanıda bilməyənlər, efirlərin qapısı onlar üçün bağlı olanlar məhz bu yarışa qatılmaqla özlərinə diqqət çəkməyə çalışırlar. Müəyyən mənada buna nail də ola bilirlər desək, səhv etmərik. Bu günlərdə bir neçə Azərbaycan gənci, məhz bu yarışda özlərini sınadılar. Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan da məhz Türkiyə səhnəsində münsiflərin diqqətini özünə yönəldə bildi. Daha iki azərbaycanlı gəncin çıxışı Türkiyədə böyük marağa səbəb oldu.
Azərbaycanın rep qrupu "Nəğd Pul” (Afiq Novruzov və Hilal) da "O səs Türkiyə” səhnəsinə çıxıb.
Dörd məşhur mahnını remiks edərək üzərinə "Bizi tanımağınıza az qaldı” adlı rep söyləyən Borçalıdan olan həmyerlilərimiz münsifləri dərhal özlərinə tərəf döndərməyi bacarıblar. Müğənnilər Ebru Gündeş və Hadisə səhnəyə çıxaraq onlarla bir yerdə rəqs edib.
Tamaşaçıların istəyi ilə eyni mahnını ikinci dəfə ifa edən azərbaycanlı ifaçılar sonda Gökhan və Hakan Özoğuzu seçiblər.
Niyə bizim sənətçilər daha çox Türkiyədə və ya başqa bir ölkədə görünməyə üstünlük verirlər? Buna səbəb nədi? Bu barədə aparıcı, bəstəkar Murad Arifin maraqlı açıqlaması oldu. "Şərq”ə açıqlama verən Murad Arif "Çünki Azərbaycan mediası, jurnalistikası istedadlı bir gəncimizi xarici kanalda gördükdən sonra onu sevməyə başlayır. Məhz xarici kanalda göründükdən sonra gözümüz açılır. Yəni bir media qurumunun, radio qürumunun bir sayt qürumunun bir istedadı qabağa çəkməsi üçün öz qulaqları eşitmir, bəs etmir. Mütləq ki, hansısa Ebru Gündəş, Hadisə bizim istedadı olan gəncimiz üçün bayılmalıdır ki, biz bunu görək. Ya da Murad Boz bizim gənc xanımımızın əlindən öpməlidir ki, biz onun səsindən yazıb, ondan danışmağa başlayaq. Yeganə səbəb bəlkə budur, bizim üçün istedadı görmək çətin olur bəzən”. Yarışmaya qatılmağın müsbət tərəflərindən də danışan Murad Arif: "Çox müsbət qarşılayıram belə yarışlara qatılmağı. Özüm də hazırlaşıram. Vokal dərsləri alıram. Sözün düzü, daha çox Rusiyada keçirilən "Qolos”a qatılmağı düşünürəm. Amma ora bəzi məqamlar var ki, bu məni bir az düşündürür. Orda erməni lobbisinin barmağı var, münsiflərdə erməni var. Bu baxımdan bilirəm ki, çətinlik ola bilər. Amma mən çətinliyi sevirəm. Mən macəranı, çətinliyi sevən insanam. İlk ağlımdan keçən fikirlərindən biridir ki, bu yarışa qatılım. Ola da bilər "O səs Türkiyə”yə qatılım. Hərdən özümü bu yarışlarda görürəm. Azərbaycan mediasını yuxudan oyatmaq üçün lazımdı. Bizim bəzi gənc həmkarlarımız bəzən xarici səhnələrdə çıxış etdikdən sonra bir az ulduzluq başlarını bulandırır. Bundan narahat oluram bəzən. Amma qatılanları da dəstəkləyirəm. Sadəcə onlar bir az tez yorulurlar. Bir-iki dəfə o səhnədə çıxış etməklə kifayətlənmək olmaz. Bizdə bununla kifayətlənən gənclər var. Dırnaqlı deyillər. Mübarizə aparmağı sevmirlər, passivdilər. Kanallar, radio dalğaları da bəzən istedadı olanlara dəstək olmurlar. Yəni mətbuatımız, Azərbaycan mediası seçkin deyil. Bizim media, seçməyi bacarmır. Bizə mütləq xaricdə olan hər hansı münsifin fikri vacibdi ki, biz o istedadı görə bilək. Ona görə də istedadı olanlar xarici səhnələrdə görünməyə, orada özlərini sübut etməyə çalışırlar. Bir sözlə, biz istedadı görüb ona dəstək olmağa xəsislik edirik”.
Tahirə