ADP “danışaq” deyir

Masada xeyli müzakirə olunası problemlər var
YAP da növbəti iqtidar-müxalifət görüşünü gündəmə gətirəcək


Azərbaycan Demokrat Partiyası (ADP) növbəti iqtidar-müxalifət görüşünün keçirilməsi üçün hakim Yeni Azərbaycan Partiyasına müraciət edib.

İdarə Heyətinin toplantısını keçirən partiya rəhbərliyi ölkədə yaranmış sosial-iqtisadi böhranın qarşısının alınması, vətəndaş həmrəyliyinin təmin edilməsi, xarici təhdidlərə qarşı milli səfərbərliyin gücləndirilməsi, milli problemlərin masaya yatırılması üçün iqtidar-müxalifət dialoqunun bir daha gündəmə gətirilməsini zəruri hesab edib. Bu istiqamətdə hakimiyyəti yeni təşəbbüslə çıxış etməyə çağırıblar. ADP-nin təklifini dəyərləndirən Yeni Azərbaycan Partiyasının Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, YAP cəmiyyətdə dialoq əhval-ruhiyyəsinin olmasında maraqlıdır: "Hakim partiya müxtəlif siyasi qüvvələrin vaxtaşırı görüşməsində hər zaman mühüm rol oynayıb. İndiyə kimi keçirilən bütün iqtidar-müxalifət görüşləri də birbaşa YAP-ın təşəbbüsü ilə baş tutub və müxtəlif müzakirələr aparılıb. Sadəcə, 2015-ci il parlament seçkiləri ili olduğuna görə, hər bir siyasi partiya öz seçki kampaniyası ilə məşğul olurdu. Ona görə də görüşlərin keçirilməsi məsələsi gündəmdə deyildi. Amma parlament seçkiləri başa çatdı və yeni Milli Məclis formalaşdırıldı. Artıq iqtidar-müxalifət görüşləri yenidən siyasi partiyaların gündəmindədir. Məsələlər araşdırılır, çox güman ki, YAP növbəti görüş təşəbbüsünü irəli sürəcək”.

İsmayıl